“İctimai iştirakçılıq haqqında” qanunun tətbiqinə nəzarət gücləndiriləcək
Tarix: 19.01.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


İctimai nəzarətin olması xalqın, ümumiyyətlə, vətəndaş cəmiyyətinin dövlətin işinə dəstəyidir. Xüsusən vətəndaşların dövlət idarəçiliyinə cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili şəffaflığın yaradılması baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da aktuallaşdırıb. Artıq “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai şuraların yaradılması məcburidir. Hətta əvvəllər əksər mərkəzi dövlət orqanlarının yanında yaradılan İctimai şuralar bu qanuna uyğunlaşdırılır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib. Elə Nazirlər Kabinetinin son müşavirəsində də Prezident bu məsələyə toxunaraq ictimai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini vurğulayıb: “Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki, sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır”.
“İctimai iştirakçılıq haqqında” qanunun qüvvəyə minməsindən təxminən bir il yarım vaxt keçib. Lakin bugünə kimi mərkəzi icra hakimiyyəti orqanlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yanında İctimai şuralara yaradılıb. Ötən ilin oktyabr ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura yaradılıb. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin fəaliyyəti isə bu qanuna uyğunlaşdırılıb. Bu baxımdan yerli İcra Hakimiyyəti orqanlarına nəzər yetirsək, Bakı rayonları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılıb.

“Prezidentin ictimai nəzarətin aparılmasına bu cür önəm verməsi bizim məsuliyyətimizi daha da artırır”
Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev “Palitra”ya bildirdi ki, Prezident İlham Əliyevin ictimai nəzarətin aparılmasına bu cür önəm verməsi onların məsuliyyətini daha da artırır: “İctimai nəzarət demokratik inkişafın təkanverici qüvvəsidir. İctimai şuraların yaradılması dövlətin idarəçilikdə vətəndaşlar üçün nə dərəcədə açıq olmasının bariz nümunəsidir. Dövlət başçısı ölkəmizin uğurlu inkişafını ictimai nəzarətin güclənməsində görür. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Prezident bununla, həm də cəmiyyətə çağırış edir. Çünki İctimai şuralar demokratikləşmə prosesini daha da sürətləndirir”.
Aslan Mehdiyev rayonda aktiv fəaliyyət göstərdiklərini də qeyd etdi: “Biz məşvərətçi qurum olaraq ictimaiyyəti təmsil edirik. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura olaraq üzərimizə düşən vəzifəni yerinə yetiririk. Tez-tez İctimai Şura üzvləri ilə toplantılar edirik. “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq Tədbirlər Planı tərtib etmişik və bu plan əsasında da işlərimizi aparırıq. 2015-ci ildə 4 tədbir keçirdik. Sevindirici haldır ki, işlərimizin bəhrəsini görürük. Amma yaxşı olardı ki, digər rayonlarda da İctimai şuralar yaradılsın. Biz birgə əməkdaşlıq çərçivəsində daha böyük işlər görə bilərik”.
Lakin istər Bakının digər rayonları, istərsə də regionlardakı icra hakimiyyətləri tərəfindən hələ ki, bu addım atılmayıb. Biz hətta bir neçə rayon İcra Hakimiyyətinə İctimai Şuranın yaradılması ilə bağlı sənədləri göndərsək belə, yenə də hər hansı irəliləyiş yoxdur. “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqinin belə gecikməsi dövlət rəhbərliyini, həmçinin mütəxəssisləri narahat edir. Dövlət başçısının ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı tapşırıqlar verməsi də məhz bundan irəli gəlir. Nəzərə çatdıraq ki, bu günlərdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi toplantıda vətəndaşları narahat edən məsələlər və effektiv ictimai nəzarət mexanizmləri haqqında təkliflər səsləndiriblər. Eyni zamanda ictimai nəzarət üçün QHT-lərdən ibarət İşçi Qrupu yaradılıb.

“Çalışacağıq ki, “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi prosesi bu il başa çatsın”
Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” qanun “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən hazırlanıb. Fondun rəhbəri Əliməmməd Nuriyev bizimlə söhbətində dedi ki, qanun hazırlanarkən beynəlxalq təcrübə və milli qanunvericilik öyrənilib: “Çoxsaylı ictimai dinləmələr keçirildi. Qanun millət vəkili Azay Quliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim olundu. Qanunun tətbiqi istiqamətində geniş fəaliyyət aparılıb. Azərbaycanın 33 rayonunda qanunun tətbiqi ilə bağlı seminarlar keçirilib. Bu işə bir sıra beynəlxalq təşkilatlar da dəstək veriblər. Bu qanunun təbliği ilə bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir neçə QHT layihələr icra ediblər”.
Əliməmməd Nuriyev bildirdi ki, məqsədləri bu qanunu daha geniş şəkildə yerli icra hakimiyyəti, yerli özünüidarə orqanları və vətəndaş cəmiyyəti üzvlərinə çatdırmaq idi: “Əsas məqsəd İctimai şuraların yaradılması prosesini sürətləndirmək idi. Bütün bunlar ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması üçün idi. Baxmayaraq ki, Azərbaycanda 40-a yaxın mərkəzi icra hakimiyyəti orqanı fəaliyyət göstərir. Çox təəssüf ki, bunlardan çox kiçik bir qismində İctimai şuralar yaradılıb. Halbuki Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunun icrası ilə bağlı məsələlərdə bir tapşırıq olaraq göstərilib ki, mərkəzi, yerli və yerli özünüidarəetmə orqanları yanında İctimai şuralar yaradılsın. Həmin qanunun icrasına da birbaşa nəzarəti cənab Prezident öz üzərinə götürüb. Bu da qanuna ölkə başçısının xüsusi önəm verməsini göstərir. Ölkə başçısı hər zaman qeyd edib ki, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarətin gücləndirilməsinin ən vacib elementlərindən biri odur ki, vətəndaş cəmiyyəti institutları qərar qəbuletmə prosesində iştirak etsinlər. Bu, həm şəffaflıq və hesabatlılığın artırılmasına gətirib çıxaracaq, həm də bütövlükdə effektli idarəetməyə səmərəli töhfələr verəcək. Ümumiyyətlə, dövlət orqanlarına inam və etimadı artıracaq”.
Əliməmməd Nuriyev bu qanunun tətbiqi istiqamətindəki gecikmədən təəssüfləndi: “Bu ləngimə mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarında özünü göstərir. Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuradan başqa hər hansı nümunə gətirməkdə çətinlik çəkirəm. Bu prosesdə gecikmə var. Onları da qınamıram, bu, yeni institutudur. Yeni qurumların yaradılması üçün, hər şeydən əvvəl, qanun və qərarların tələbləri öyrənilməlidir. Eyni zamanda bu istiqamətdə müəyyən vərdişlər olmalıdır. Bəzi icra hakimiyyəti orqanları bu prosesdə çətinlik çəkirlər. Əgər bizə sifariş olarsa, böyük məmnuniyyətlə qanunun hazırlanmasında və təbliğində iştirak edən şəxslər kimi onlara dəstək verə bilərik. Biz onlara dəstək verərik ki, doğrudan da, vətəndaş cəmiyyəti institutları fəal olaraq bu prosesə qoşulsunlar. Bundan sonra Prezidentin söylədiyi kimi, məmurun xalqın xidmətində durmaq imkanları daha da genişlənəcək. Əslində, məmur xalqın xidmətçisi olmalıdır. Cənab Prezident dedi ki, o, özü xalqın bir nömrəli xidmətçisidirsə, digər məmurlar da eyni nümunəni götürməlidirlər”.
Fond rəhbəri bu proseslərdə zəiflik olmasına baxmayaraq, ümidlidir: “İnanıram ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları bu prosesə start verəcəklər. Biz çalışacağıq ki, qanunun tətbiqi ilə bağlı proses bu il başa çatsın. Ümid edirəm ki, nazirlər, komitə sədrləri, rayon İcra Hakimiyyəti başçıları Prezidentin göstərişlərinə uyğun olaraq qanunun tətbiqi prosesində üzərlərinə düşən vəzifələri tam şəkildə icra edəcəklər”.

İctimai şuraların yaradılması kimə sərf edir, kimə sərf etmir?
Çox maraqlıdır ki, bu qanunun tətbiqi istiqamətində 33 rayonda seminar və görüşlər keçirilib, amma, demək olar ki, nəticə sıfıra bərabərdir. Hər halda, bu gecikmənin səbəbləri də araşdırılmalıdır. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, ƏdliyyəNazirliyi yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəylinin fikrincə, qanunun tətbiqindəki zəiflik aidiyyəti qurumların bunda maraqlı olmamalarıdır: “Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır. İctimai şuralar da vətəndaş cəmiyyəti institutları üzvlərindən seçilir. Ümumiyyətlə, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuranın məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda İctimai şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə bilərlər. Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir. Görünür, bu da hansısa nazirə, komitə sədrinə və ya icra başçısına sərf etmir. Ona görə də İctimai şuraların yaradılmasında maraqlı deyillər”.
Əhməd Abbasbəylinin sözlərinə görə, İctimai şuraların yaradılmasının gecikməsi maarifçiliyin aşağı olması ilə də bağlıdır: “Bəlkə də, elə icra hakimiyyətləri var ki, bu qanundan heç xəbərləri yoxdur. Onlara nəinki məlumat vermək lazımdır, eyni zamanda İctimai Şuranın yaradılması istiqamətində prosedur qaydalar öyrədilməlidir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info