20 Yanvar-əsarətin son gecəsi
Tarix: 19.01.2016 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 26 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi. 20 Yanvar yaxın keçmışımizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.

Faciənin törədilməsindən keçən 26 il ərzində bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşayiət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı? Cavabında isə hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayın hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədər müxtəlifləşən mülahizələr yalnız bir fikirdə yekdil olurlar: belə sonluğu heç kim gözləmirdi. Bəli, doğrudan da, o zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər.Yəqin ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi,həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövhük. Amma, bəzən Şər də qalib gəlir, qısa müddətə olsa da. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi - qısa bir an. Bu Şərin gəldiyi yol isə bir aylıq, iki aylıq yol deyildi. Bu, çox uzaqdan gələn bir yoldu. Bu yol 1814-cü ilin “Türkmənçay”ından gəlir, bu yol 1828-ci ilin “Gülüstan”ından keçir. Nəhayət, bu yolun bizə ən yaxın döngəsi 1920-ci ilin 28 aprelindən başlamışdı. 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acılarından, 50-60-cı illərin ağır məhrumiyyətlərindən keçib gəlmişdik 20 Yanvara. Bütün bunlar çox uzun və çox üzüntülü bir hekayədir -azadlıqsevər bir məmləkətin, insanpərvər bir millətin, məğrur bir xalqın əsarət hekayəsidir. 20 Yanvar isə bu hekayənin son fəslidir.Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız vətən torpaqlarımıza göz dikmişdilər.Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən, 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” Qərarın qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” Fərmanı ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.
Bütün bunlarla eyni zamanda Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən“görməməzlik”soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz İttifaqın“yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə sanki heç bir şey olmamış kimi, seyrçi münasibət göstərməsi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addımın atılmaması xalqın əsəblərini tarıma çəkmiş, onun səbr kasasını doldurmuşdu. Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi.Bütün ümidlər haqsızlığa qarşı həmişə öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qorumağa hər zaman hazır olan və monolit gücünü öz milli varlığında hiss edən Azərbaycan xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan vətən övladları bu ləkəni öz qanları bahasına da olsa yumağa hazır idilər.
O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökumət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atması - onun anti-humanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətini tam aydınlığı ilə ifşa etmiş oldu.Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilər. Amma hələ də heç kim bu gözlənilməzlikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında yaşadığı öz vətəndaşlarına qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyi ağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Axı heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar, özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin”.Lakin inanmaq istədiyimiz xoş sonluqlu ehtimal özünü doğrultmadı. Soyuq 20 Yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri- Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi: Azərbaycana, nəyin bahasına olurasa-olsun, milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı.Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu - Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.
Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu müqəddəs torpaq hələ əsrin əvvəllərində - 1918-1920-ci illərdə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır.O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər “öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər.Şəhidlərin məzarları üzərinə sərilmiş milyonlarla qərənfil onların 20 Yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı.
Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı.Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz -Azadlıqdır!
Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının iflası artıq heç kimdə şübhə doğurmayan və dayaqları silkələnməyə başlayan Sovet imperiyası bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi? Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində əvvəlcədən qurulmuş plan əsasıında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər? Az sonra - imperiya çökəndən sonra aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabları yox imiş.Baş verənlər isə Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet İmperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi.
(ardı gələn sayımızda)
Cavanşir Feyziyev
Millət vəkili,
fəlsəfə doktoru,
Mətbuat Şurası İdarə Heyətinin üzvü




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info