“Qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir”
Tarix: 20.01.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Fikrət Yusifov: “Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatın diversifikasiyası mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycan hökuməti də bu yolda öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla gedir”
Qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir. İqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bu sektorun inkişafı daha böyük prioritet olmalıdır və əgər vaxtilə qeyri-neft sektoru inkişaf etdirilməsəydi, bu gün ölkə daxilində olan tələbatı ödəmək mümkün olmazdı.
Qeyri-neft sektorunun inkişafının idxaldan asılılığı aradan qaldıracağını deyən ölkə başçısının sözlərinə görə, bu istiqamətdə bir çox sahələrdə, o cümlədən bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru qeyri-neft sektoruna xüsusi diqqət göstərməlidir. Eləcə də iqtisadi fəallıq artmalıdır”.
Mütəxəssislərimiz də iqtisadiyyatın inkişafı, qeyri-neft sektoru ilə bağlı ölkə başçısı tərəfindən səslənən fikirlərin doğru olduğunu və bu istiqamətdə tədbirlərin vacib olduğunu deyirlər.

“Ölkənin fasiləsiz elektrik enerjisi, su, qaz, yol və nəqliyyat problemlərini həll etmədən qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün deyildi”

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, böyük maliyyə böhranının ölkəmizdən yan keçməsi üçün bu illər ərzində hökumət mümkün olan bütün addımları atıb: “Bunun nəticəsi idi ki, Azərbaycan nəinki böhranı hiss etdi, əksinə, görünməmiş sıçrayışla bütün dünyaya gerçək bir inkişaf modeli təqdim etdi. Məhz neft gəlirlərindən düzgün istifadə etməklə Azərbaycan iqtisadiyyatın digər sahələrini də sürətli inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Son 5 ilin iqtisadi göstəricilərinə görə, Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20% artaraq 70%-ə yüksəlib, bu sektordan ixracın həcmi isə 60%-dən çox artıb”.
Son vaxtlar baş verən proseslərə gəldikdə isə iqtisadçı bildirdi ki, 2014-cü ilin ortalarından başlayaraq neftin dünya bazarlarında qiymətinin davamlı olaraq aşağı düşməsi qədim neft ölkələrindən biri kimi Azərbaycana təsirini göstərməyə bilməzdi: “Bəli, bu gün ölkəmiz bizdən asılı olmayan səbəblərdən iqtisadi çətinliklərlə, maliyyə sistemində yaranmış gərginliklərlə üzləşib. Lakin bu o demək deyil ki, bəzilərinin iddia etdiyi kimi, faciə baş verib və xalq olaraq hamımız pessimizmə qapılıb indiyə qədər görülmüş bütün işlərin üzərindən xətt çəkməliyik. Əksinə, bu gün hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməli, dövlətə dəstəyini əsirgəməməlidir. İndi elə bir məqamdır ki, təxribatlara uymaq, siyasi məqsədlərə hesablanmış çağırışlara qarşılıq vermək olmaz. Prezident İlham Əliyev “Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur, - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil” demişdi. 2008-ci ildən etibarən ölkəyə daxil olan böyük neft pulları ilk növbədə qeyri-neft sektorunun inkişafına gələcəkdə yaxşı zəmin yarada biləcək iri infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldi. Bu, çox düzgün addım idi. Ölkənin fasiləsiz elektrik enerjisi, su, qaz, yol və nəqliyyat problemlərini həll etmədən qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün deyildi. Bu işlər başa çatar-çatmaz artıq 2014-cü il sənaye, 2015-ci il isə kənd təsərrüfatı ili elan edildi. 2015-ci ilin ikinci yarısından etibarən isə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı açıq müharibə elan edən Prezident azad sahibkarlığın qarşısındakı bütün maneələrin tam aradan qaldırılmasını təmin edən qətiyyətli addımlar atdı. Bir neft ölkəsində iqtisadiyyatın neftdən asılılığına 5-6 il ərzində son qoymaq praktiki cəhətdən mümkün deyil və dünya təcrübəsi də belə bir nümunə tanımır. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatın diversifikasiyası üçün illər və bəlkə də, onilliklər sərf olunmalıdır. Bu proses bir göz qırpımında deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycan hökuməti də bu yolda öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla gedir”.

“Ədalət hissini gərək nə qədər itirəsən ki, görülmüş işlərin mahiyyətinə və miqyasına kölgə salan fikirlər səsləndirəsən”

Ekspertin fikrincə, danılmaz həqiqətdir ki, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və burada bir faktı da xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2014-cü ilin əvvəlində ölkədə “Sənaye ili” elan edəndə dünya bazarlarında neftin qiyməti bir barel üçün 110 dollar civarında idi və həmin vaxt dünyanın nüfuzlu iqtisadiyyat institutları, maliyyə qurumları belə proqnozlaşdıra bilməzdilər ki, bir müddətdən sonra neftin qiyməti düşəcək: “Azərbaycan Prezidenti isə neftin qiymətinin 100-110 dollarlıq həddində belə, ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir, addımlar atırdı. Ədalət hissini gərək nə qədər itirəsən ki, “pulu daşa-divara xərclədilər” kimi görülmüş işlərin mahiyyətinə və miqyasına kölgə salan fikirlər səsləndirəsən. Həmin o “daş-divar” məktəb, uşaq bağçaları və ali təhsil ocaqlarının göz oxşayan yeni binalarıdır. Müasir standartlara cavab verən nəhəng filarmoniyalar, konsert və idman arenalarıdır. Teatrlar, istirahət və əyləncə mərkəzləri, park və iaşə obyektləri, zövqlə inşa edilmiş çoxmərtəbəli yaşayış evləri, inzibati binalar və tibb müəssisələridir. Həmin o “daş-divar” yol ötürücüləri, körpülər, yeni yollar, su elektrik stansiyaları, qazlaşdırma və içməli su layihələridir. Bu “daş-divar” Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2”, TANAP layihələri üzrə görülmüş nəhəng işlərdir. Dedikləri “daş-divar” ordudur, yeni və müasir əsgər kazarmaları və yeməkxanalarıdır, müdafiə sənayesidir, müasir silahlar, döyüş maşınları, artilleriya qurğularıdır... Bütün bu və sadalamadığımız digər irimiqyaslı işlər Azərbaycan vətəndaşları üçün deyilmi? Ümumiyyətlə, bu ölkədə kiçikdən böyüyə qədər hamı neft gəlirlərindən bu və ya digər dərəcədə bəhrələnib”.
Mövcud vəziyyətə gəldikdə F.Yusifovun sözlərinə görə, bu gün gəlirlərin azalması faktı ilə üzləşən təkcə Azərbaycan deyil, Qərbi Avropanın ən böyük neft ixracatçısı olan Norveç belə bu gün ciddi problemlərlə üzləşib və bu fakt artıq rəsmi səviyyədə etiraf olunur: “Norveçin Neft İdarəsinin rəhbəri Bente Niland mediaya açıqlamasında bildirib ki, neftin qiymətinin 30 dollara düşməsi səbəbindən Norveçin neft sənayesi böhranla üzləşib və bunu inkar etmək mümkün deyil. Söhbət o ölkədən gedir ki, “Vaxtında neft gəlirlərini düzgün xərcləsəydilər...” kimi “ağıllı” məsləhətlər verən ekspertlərimiz onu Azərbaycana nümunə göstərirdilər. İndi biz soruşuruq: Norveçdə də neft gəlirlərindən düzgün istifadə olunmayıb? Buna görə bu ölkədə böhran yaşanır? Maraqlıdır, bu nümunəvi Avropa ölkəsi indiyədək neftdən asılılığa niyə son qoya bilməyib?”

“Bir çox məhsullara olan tələbatımız yerli istehsal hesabına təmin olunur ki, bunun da nəticəsində ölkəyə həmin məhsulların idxalı xeyli azalıb”

İqtisadçı onu da bildirdi ki, Azərbaycanda görülmüş işlərin nəticəsi olaraq hazırda qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və bu, kifayət qədər ciddi nəticədir: “Bundan başqa, bir çox məhsullara olan tələbatımız yerli istehsal hesabına təmin olunur ki, bunun da nəticəsində ölkəyə həmin məhsulların idxalı xeyli azalıb. Bu gün artıq dövlət səviyyəsində qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində ciddi addımlar atılır. Konkret olaraq son vəziyyətə adekvat tədbirlərə gəldikdə, deyə bilərik ki, Prezidentin rəhbərliyi altında artıq keçən ildən və xüsusilə də keçən ilin ikinci yarısından başlayaraq dünyadakı proseslərin ölkəmizə az təsir göstərməsinə hesablanmış müvafiq proqramların icrasına başlanılıb. Həmin proqramlar sırasında struktur islahatları çərçivəsində ötən il ərzində bir neçə dövlət qurumu ləğv edildi, ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı, lisenziyaların verilməsi qaydaları sadələşdirildi, gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olundu. Həmçinin süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı”.
O da vurğulandı ki, bu addımlar və bu qəbildən olan başqa tədbirlər ölkə iqtisadiyyatını mənfi xarici təsirlərdən mümkün qədər qorumaq məqsədi daşıyırdı və yaxın dövr ərzində ölkədə daha bir neçə mühüm yenilik gözləniləndir. Prezident Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında cari ildə ölkədə çox ciddi struktur və kadr islahatlarının aparılacağının anonsunu verdi. Bunun ardınca ölkədəki mövcud vəziyyətə müvafiq bir neçə vacib addım atıldı. Bu sırada buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, valyuta bazarında özbaşınalığın və süni qiymət artımının qarşısını almaq məqsədilə banklardan kənardakı valyutadəyişmə məntəqələrinin lisenziyasının ləğv edilməsini, əmək pensiyalarının baza hissəsinin artırılmasını, struktur islahatları çərçivəsində isə daha bir dövlət qurumunun - Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasını göstərmək olar”.
Ekspertin sözlərinə görə, insanlarımızın narahatlığı tamamilə başa düşüləndir və hər birimiz bu ölkənin vətəndaşıyıq, baş verənlər, təbii ki, hamımızın həyatına bu və ya digər dərəcədə təsir göstərir: “Hökumətə ünvanlanmış sosialyönümlü tələblərdə də təəccüblü heç nə yoxdur. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə hər birimizin üzərinə böyük bir məsuliyyət düşür. Unutmamalıyıq ki, Azərbaycanda vəziyyətin qarışmasında, sabitliyin pozulmasında, xalqla dövlət arasındakı körpülərin dağılmasında maraqlı olan xarici qüvvələr var və bu sırada radikal dini qruplaşmaların mövcudluğu da heç kəsdə şübhə doğurmamalıdır. Hər birimizin üzərinə tarixi bir missiya düşür- bu ağır mərhələni də adlamaq. Azərbaycanın bu günlər üçün topladığı ehtiyat 40 milyard dollar həcmindədir. Neft gəlirlərindən düzgün istifadə olunmasaydı indi ehtiyatımızda 1 qəpiyimiz də olmazdı”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info