Yeni iqtisadi siyasət sahibkarların xarici bazarlara çıxışını kütləvi edəcək
Tarix: 22.01.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dünyada baş verən iqtisadi böhranın Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib.
Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib. Qeyd edildiyi kimi, dünyada neftin qiymətlərinin süni şəkildə və kəskin dərəcədə aşağı düşməsi, bütün dünya ölkələrində, ən inkişaf etmiş dövlətlərdə belə, ciddi çətinliklər doğurub. Xüsusən neft ixrac edən dövlətlərdə iqtisadi çətinliklər önə çıxıb. Azərbaycanda da büdcə önəmli dərəcədə enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşdığına görə, neft qiymətlərinin aşağı düşməsi iqtisadiyyata və maliyyə sistemimizə mənfi təsir göstərir. Bununla yanaşı, Azərbaycan son 10 ildə iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən dərəcədə müvəffəq olub. Buna görə də Azərbaycan iqtisadi böhranından ən az əziyyət çəkən ölkə olub. Məsələn, bir sıra qonşu ölkələr-Rusiya və Qazaxıstan devalvasiyaya Azərbaycandan çox öncə getməyə məcbur olublar. Onların milli valyutaları xeyli əvvəl “üzən məzənnəyə” buraxılıb.
Bütün bunlarla yanaşı, Azərbaycanda qeyri-neft sektorunun, neftsiz iqtisadiyyatın inkişaf etdirilməsi olduqca prioritet və aktualdır. Prezidentin mövqeyi belədir ki, hazırda yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli və qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır: “Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək”.
Qarşıda duran əsas tapşırıqlardan biri, qeyd edildiyi kimi, sahibkarlığın, özəl sektorun inkişaf etdirilməsidir. Məsələn, ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün uzun müddətdir, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir. Təkcə ötən il sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib. 4000-dən çox sahibkarın iştirak etdiyi tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub. Ümumilikdə, ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Bu il isə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına kreditlərin verilməsi daha yüksək göstəricilərlə davam etdiriləcək. Bu il sahibkarlara, ən azı, 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Sahibkarların yerli istehsala yatıracağı vəsaitlər nəzərə alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcmi 1 milyard manata yaxın olacaq.
Bundan başqa, Prezident hesab edir ki, Azərbaycanın iş adamları, ilk növbədə, Azərbaycana sərmayə qoymalıdırlar. Çünki bunun üçün əlverişli biznes mühiti, dövlət dəstəyi var və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədindən doğan səylər və tələbat bu sahəyə diqqəti daha da artıracaq.

“Kəndlərin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün emal müəssisələri və qəbul məntəqələri istifadəyə verilməlidir”

Elə isə sahibkarlığın inkişafına dövlət dəstəyi baxımından daha hansı addımlar atıla bilər? AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov bizə açıqlamasında bildirdi ki, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər ölkənin bütün regionlarını əhatə etməlidir: “Əsasən ucqar dağ rayonlarının əhalisinin məşğulluğunu özündə əks etdirən iqtisadi-istehsal proqramları əsasında addımlar atılmalıdır. Çünki bu, həm kənd yerlərində yaşayan insanların məskunlaşmasına, həm demoqrafik tarazlığın qorunmasına, həm işsizliyin yaranmamasına, həm də təbii ki, qeyri-neft sektorunun inkişaf hədəflərinə xidmət edəcək. Yəni qeyri-neft sənayesinin inkişafı üçün lazım olan mexanizmlər kimi infrastruktur potensialının artırılması diqqətdə saxlanılmalıdır. Digər tərəfdən, sənayeləşmənin də regionlara inteqrasiyası, mezoiqtisadi siyasətin davamlılığı təmin edilməlidir.
Düşünürük ki, ölkənin iqtisadi inkişafında, ümumiyyətlə, iqtisadiyyatın sahə strukturunda əsas yeri kənd təsərrüfatı tutduğuna görə kənd yerlərində uzaq məsafələrdə fəaliyyətin stimullaşdırılması, xərclərin azaldılması, ümumilikdə kəndlərin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün emal müəssisələrinin və qəbul məntəqələrinin istifadəyə verilməsi çox zəruri olardı. Hazırda kənd yerlərində meyvəçiliyin, üzümçülüyün, heyvandarlığın inkişafı üçün münbit şərait var. Sadəcə, bu prosesləri bir az sürətləndirmək olar. Ərazinin ixtisaslaşmasına uyğun olmaqla, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə ciddi yanaşılmalıdır”.
Əlavə edək ki, sahibkarların da öz maraqlarına və bizneslərinə uyğun təşəbbüs və səyləri də gücləndirilməlidir. Məsələn, sahibkarlar fəaliyyət göstərdikləri rayonların xüsusiyyətlərinə əsaslanaraq, meliorativ tədbirlərin gücləndirilməsi, üzümçülük, pambıqçılıq, heyvandarlıq, taxılçılığın inkişafı ilə bağlı təkliflər verməli və təşəbbüslər reallaşdırmalıdırlar. Əmək tutumlu, rentabelli sahələrin inkişafına, yeni iş yerlərinin açılmasına, əhalinin maddi rifah halının yüksəldilməsinə xidmət edən təkliflərin həllinə isə çox ciddi önəm verilməlidir. Həmçinin regionlarda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri məhsullarla bağlı daha yaxşı marketinq qurmaları, bu məqsədlə yeni texnologiyalardan, İT vasitələrindən maksimum yararlanmaları da məqsədəuyğun olardı. Yaxud dəfələrlə şahidi olmuşuq ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə, Azərbaycanda istehsal olunan, yetişdirilən məhsullara tələbat böyükdür. Buna aid bir misal çəkək. Yaponiyada təhsil alan bir dostumuz hər dəfə o ölkəyə yola düşəndə deyirdi ki, yaponlar ona ancaq nar şirəsi almağı tapşırıblar. Daha doğrusu, yaponların ən çox üstünlük verdikləri məhsul məhz Azərbaycanda yetişən narın şirəsidir. Yaxud başqa bir ölkədə Azərbaycanda təbii yollarla yetişdirilmiş, genetik modifikasiyaya məruz qalmamış, feyxoa, naringi, portağal və sair məhsullara daha çox üstünlük verilir. Aqrar sektorun inkişaf etdirilməsində məhz bu cür məqamlara daha çox diqqət yetirilməli, həmin məhsulların yüksək səviyyədə yetişdirilməsi və emalına nail olunmalı, bununla bağlı uğurla fəaliyyət göstərə biləcək müəssisələrin yaradılmasına ciddi fikir verilməlidir. Bu cür tədbirlərlə yerli istehsalı gücləndirə, regionlarda iqtisadi rentabelliyi artıra və Azərbaycan brendli məhsulları xarici bazarlara daha kütləvi şəkildə və sərfəli şərtlərlə çıxara bilərik...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info