Əfsun Sucayev: “Gənc alimlərimizin qeyri-neft sektorunun inkişafı üçün uğurlu ideyaları var”
Tarix: 22.01.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


“İnnovativ iqtisadiyyatın yaradılması üçün elm və istehsal arasındakı əlaqə gücləndirilməlidir”


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar da verdi.
Prezidentin nitqinin təhlili onu deməyə əsas verir ki, iqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.
Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsi enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşdığına görə, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və maliyyə sisteminə mənfi təsir göstərir.
Bununla yanaşı, Azərbaycan son 10 ildə iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən dərəcədə müvəffəq olub.
Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf dövrünü yaşasa da, neftin qiymətinin aşağı düşməsi şəraitində ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyil.
Prezident hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.
Buna görə də Prezident İlham Əliyev deyir ki, “Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev “Palitra”ya verdiyi açıqlamada bildirdi ki, məlum tapşırıq və tövsiyələr bütün sahələrdə nəzərə alınmalıdır. O, qeyri-neft sektorunun bu il daha da inkişaf etdirilməsi üçün münbit şərait yaradılacağına əmin olduğunu dedi və ölkə iqtisadiyyatına yeni nəfəs verəcək təkliflərini də verdi. Əfsun Sucayev deyir ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə əlaqədar ölkəmizdə elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra istiqamətlərdə iqtisadi inkişafa hesablanan tədbirlərin həyata keçirilməsinə başlanılıb: “Məlum olduğu kimi, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edir. Bununla əlaqədar olaraq, ilk növbədə Azərbaycan elminin inkişafının da yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdirilməsi və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesinə keçidi sürətləndirilməlidir. Bir halda ki, elmi- tədqiqat müəssisələrimizdə infrastruktur təkmilləşdirilib, elmin maddi-texniki bazası tam müasirləşdirilib və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin edilib, onda iqtisadiyyatımızın elmi innovasiyalı inkişafı üçün zəmin də yaranıb, deyə bilərik. Sadəcə bu prosesin hərəkətverici qüvvəsi olacaq istedadlı elm adamlarımıza stimul verilməlidir. Bu çox həlledici amildir. Çünki, Azərbaycanda məhz bu səbəbdən ölkə iqtisadiyyatının inkişafına töhfə verə biləcək "beyin axını"n olması sirr deyil. Əgər konkret olaraq xaricdəki kimi elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də kütləvi cəlb olunması stimullaşdırılarsa, bu da, son nəticədə, elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənc alimlərin sosial müdafiəsini gücləndirəcək və “beyin axını”nın qarşısını ala bilər”.
Gənc alim onu da vurğuladı ki, dünya maliyyə böhranının acı nəticələri də göstərir ki, ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal arasındakı əlaqələr gücləndirilməli, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılmalıdır. Onun fikrincə, innovativ sahibkarlığın inkişaf etdirilməsi də prioritet məsələlərdən olmalıdır:“Necə deyərlər, müasir dövrümüz belə, dünya iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi ilə xarakterizə olunur. İnnovasiya adı altında yeni texnologiyalar, yeni məhsul və xidmət növləri, istehsalın, əməyin və idarəetmənin təşkilində yeniliklərdən istifadə başa düşülür. İnnovasiyanın yeniliyi, iqtisadi cəhətdən əsaslandırılmış olması, istehsalçıların tələblərini ödəməsi onun zəruri xüsusiyyətləri hesab olunur. Əgər nəzər yetirsək görərik ki, "2020 Gələcəyə Baxış" İnkişaf Konsepsiyamızda da innovasiya fəallığının yüksəldilməsi yolu ilə neftdənkənar sahələr üzrə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri reallaşdırılması və müvafiq qanunvericilik bazası yaradılması əsas hədəf kimi seçilib. Həmçinin, innovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması da nəzərdə tutulub.
Qeyd edim ki, müasir dünyada bütün innovasiya strukturlarının yeni növləri arasında elmi-texnoloji parklar özünün çoxfunksiyalılığı, həll etdiyi məsələlərin müxtəlifliyi ilə seçilir. Azərbaycanda, xüsusən Akademiyada beynəlxalq təcrübəyə əsaslanaraq, yeni formalaşmağa başlayan innovasiya mərkəzlərində, texnoparklarda yüksək texnologiyalar istehsalı üçün araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə elmi tədqiqatların aparılması olduqca vacib hesab olunur. Bu baxımdan, AMEA prezidenti, akademik Akif Əlizadənin müxtəlif tədqiqat institutlarına, alimlərə göstərişi ondan ibarətdir ki, fəaliyyətlərində ölkə iqtisadiyyatının inkişafına töhfə verə biləcək, istehsal sahələrində tətbiq olunacaq innovativ layihələrə üstünlük verilməlidir. Çünki həqiqətən innovativ sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını təmin etməyin əsas yollarından biri məhz budur. İqtisadi məqsəd və resurslar, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə müasir informasiya texnologiyalarının inkişafı arasındakı əlaqələrin müəyyənləşdirilməsi uzunmüddətli dövr üçün innovasiya potensialının inkişafına kömək edər. Belə olan halda, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması qısa müddətdə öz həllini tapa bilər. Yeri gəlmişkən qeyd edim ki, Akademiyanın gənc alimləri bu prosesə bu və digər səviyyədə başlayıblar. Elə bu yaxınlarda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forum çərçivəsində ilk dəfə "Akademik startaplar: nəyi nailiyyət hesab edək?", "Elmi tədqiqatlarda müxtəlif fondların rolu" və "İnovativ ideyalar və perspektivlər" kimi aktual mövzularda interaktiv müzakirələr təşkil olundu. Məqsəd respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirlikləri, elmin inkişafına dəstək verən fondları, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirmək idi. Bu çərçivədə aparılan müzakirələr yolu ilə aşkara çıxarıldı ki, sözün əsl mənasında elmlə məşğul olan gənclərimizin iqtisadi inkişafa hesablanan çox gözəl ideyaları olur. Amma bu ideyanı gerçəkləşdirmək üçün ya yol göstərənə, ya da müəyyən şəraitə ehtiyac yaranır. Məsələn bu anda köməyə akademik startaplar kimi yeni yanaşma gəlir. Belə demək mümkünsə, əgər siz yeni bir işə başlayırsınızsa, bu, startapdır. Startap yeni bir işi, bir ideyanı iş modeli olaraq həyata keçirmək, fikri ticariləşdirməkdir. Yeni bir iş modeli qurur və bundan qazanc əldə edirsinizsə, bu, sizin startapınızdır”.
Əfsun Sucayevin sözlərinə görə, inkişaf etmiş ölkələrdə investorlar startapların ideyasının həyata keçməsinə yardım edilməsi baxımından mövcud vəziyyəti xarakterizə etsək görərik ki, ölkəmizdə startaplara investorların maliyyə yardımı etməsilə bağlı hələ qanunvericilik yoxdur: “Bu, təəssüf doğurur. Aparılan araşdırmalar onu da göstərir ki, gənc alimlərimizin irəli sürdüyü elmi layihələr arasında ölkə iqtisadiyyatımızın, konkret olaraq qeyri-neft sektorunun inkişafı üçün çox uğurlu ola biləcək ideyalara rast gəlmək olur. Bunların bir çoxu yeniliklər vəd edir, digərləri fərqli yanaşmalar təklif edir, bəziləri istifadəçilər üçün çox sadə həll yolları yaradıb. Sevindirici haldır ki, bəzi layihələrin əksəriyyətində düzgün biznes baxışını da görmək olur, yəni, gənclərimiz yalnız yeniliklər tətbiq etmək deyil, bazardakı ehtiyacı düzgün formada qarşılamağa çalışırlar. Ümumilikdə, gələcək üçün potensial vəd edən layihələr irəli sürən gənclərimiz artıq özlərini göstərməyə başlayıblar. Bu fakt onu göstərir ki, Azərbaycanın gənc təşəbbüskarları artıq dünya bazarına çıxmağa hazırdır. İnanmaq lazımdır ki, onların ideyaları real imkanlara çevrilsə, bu kimi gənclər gələcəkdə ölkəmizdə biznes sahələrinin şaxələnməsində və dolayısilə iqtisadiyyatımızın daha da güclənməsində əvəzsiz rol oynayacaqlar.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info