Xocalı faciəsi Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında
Tarix: 20.02.2013 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Xocalı... Azərbaycanın qədim şəhərlərindən biri. Qədim Xocalı şəhəri Xocalıçay çayının sahilində yerləşir. Burada XVIII əsrin ortalarında divarlarının qalınlığı 2 metr, hündürlüyü 5-6 metr olan Əsgəran qalası tikilib. Bu qala uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can atan düşmənlərin yolunu kəsib. Şuşaya gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda məşhur olan Tanverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və qonaqsevərliyi ilə seçilən bu karvansarada çayxana, musiqi salonu və dəlləkxana yerləşirdi. Xocalı şəhəri – Gədəbəy mədəniyyətinə aid edilən Xocalı qəbiristanlığı ilə də məşhurdur. Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə, dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan solu və s. var.
Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin həyatına son qoydu ki, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocalar idi. 1275 dinc sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. 25 azyaşlı hər iki valideynindən, 130-u isə valideynlərinin birindən məhrum olub. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi qəddarlıqla öldürülüb–diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hətta meyitlər üzərində də təhqiramiz hərəkətlər edilib. Ölümdən can qurtaranlar çöllərdə, yollarda şaxtadan donub.
Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin sərəncamı ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli iclasında bu məsələ geniş müzakirə edilib, 26 fevral soyqırımı və matəm günü elan edilib.
8 may 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib. Kampaniyanın rəsmi internet saytı istifadəyə verilib və orada Xocalı faciəsi qurbanlarının siyahısı nəşr edilib, Qarabağ müharibəsi haqqında geniş məlumat verilib. Kampaniya çərçivəsində dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçirilib, Xocalı soyqırımını dünyaya çatdırmaq məqsədilə online imzatoplama aksiyası keçirilir.
Hər il ölkəmizin və dünyanın bir çox təşkilatları kimi Azərbaycan İstiqlal Muzeyi də bu faciəni anır.
Müxtəlif illərdə Azərbaycan İstiqlal Muzeyində bu hadisəyə həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikası Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, idarə heyətinin üzvü, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Xalq rəssamı Xanlar Əhmədovun qrafika və heykəltəraşlıq və ittifaqın digər üzvü Nazim Məmmədovun əsərlərindən ibarət fərdi sərgiləri, həmçinin müxtəlif fotoqrafların sərgiləri təşkil olunub.
Xocalı faciəsinə həsr olunmuş sərgi-tədbirlər arasında 2007-ci ildə muzeyimizdə keçirilən tədbir də xüsusilə qeyd olunmalıdır. “Xocalı – qan yaddaşımız” adlı sərgi-tədbirdə Azərbaycan və Gürcüstan Rəssamlar İttifaqının üzvü rəssam-heykəltəraş Sabir Çopurovun bu mövzuya həsr olunmuş əsərləri nümayiş edilib. Onu da qeyd etmək lazımdır ki, Sabir Çopurov dünyada yeganə rəssamdır ki, öz əsərlərini neftlə çəkir və fırça əvəzinə barmaqlarından istifadə edir. Bəlkə də məhz ona görə onun əsərlərindəki kədər bu qədər təsirlidir.
Bu əsərlər adi boya və fırça ilə yox, dövlətimizin milli sərvəti olan neft və əl üsulu ilə çəkildiyindən gələn qonaqların diqqətini cəlb edib.
Muzeyimiz öz fəaliyyətində gənclərin bu yöndəki vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi yer verdiyi üçün faciəni əsasən onların gözü ilə görməyə üstünlük verir. Bu baxımdan 2008-ci ildə muzeydə keçirilən “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə” adlı sərgi-tədbiri muzeyimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, 2011-ci ildə isə “Yaddaşın yolları” adlı sərgi-tədbiri Mədəniyyət və İncəsənət Universitetinin və Qərb Universitetinin tələbələri ilə birgə keçirib. Bu tədbirlərdə tələbələrin əsərlərindən ibarət müsabiqə qalibləri muzeyimiz tərəfindən mükafatlandırılıb. Tədbirlərimizdə iştirak edən gənclərin faciəyə olan münasibətlərini və fikirlərini öyrənmək məqsədi ilə Xocalı hadisələrinə həsr olunmuş sorğu-anketlər, testlər paylanılıb.
Bu tədbirlərdə muzeyin ekspozisiyasında Xocalı sakinləri tərəfindən muzeyə verilmiş qanlı faciəni əks etdirən nadir fotoşəkillər, kitablar və sənədlər nümayiş olunmaqla yanaşı, gələn qonaqlara mövzu ilə bağlı sənədli filmlər, slayd-şoular, gənclərin ifasında ədəbi-bədii kompozisiyalar göstərilib.
“Məhkum olunmuş Xocalı” kitabının yazılmasında tanınmış publisist-jurnalist, “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini, Qaçqın və Məcburi köçkünlərin müdafiə Mərkəzinin sədri Tatyana Çaladze Milli Təhlükəsizlik Nazirliyinin arxivində olan materiallardan istifadə edib. Materiallara Xocalı faciəsi şahidlərinin istintaq sənədləri, hadisənin baş verdiyi yerə baxış zamanı tərtib olunan protokollar daxildir. İşi yekunlaşdırdıqdan sonra Tatyana Çaladze 1500-dən çox sənədi muzeyimizə təhvil verib. Onların bir hissəsi 22 fevral 2013-cü il saat 15.00-da Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Sənədlər sübut edir” adlı sərgi-tədbirdə nümayiş olunacaqlar. Bu sənədləşdirilmiş faktlar Xocalıda törədilən vəhşiliyi dünya ictimaiyyətinə sübut edən çox nadir materiallardır.
Onu da qeyd etmək lazımdır ki, bu yönlü sənədləşdirilmiş faktlar əsasında hətta artıq Amerikanın bir neçə ştatında Xocalı faciəsinin soyqırımı kimi qəbul edilməsi xalqımızın erməni vəhşiliyinə düçar olmasını bir daha dünya ictimaiyyəti qarşısında sübuta yetirir.
Nigar QAZIZADƏ
Azərbaycan İstiqlal Muzeyinin elmi katibi




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info