Mingəçevirə ötən il 10 min turist gəlib
Tarix: 26.01.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycanda turizmin inkişafına dair Dövlət proqramına uyğun olaraq Mingəçevirdə həyata keçirilən silsilə tədbirlər artıq müsbət nəticə verir. Şəhərdə yeni otel və istirahət obyektlərinin inşası Mingəçevirə gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Mingəçevirdə turizmin inkişaf perspektivləri ilə bağlı məsələ şəhər icra hakimiyyətində müzakirə edilib və turizmlə bağlı inkişaf planı, turizm potensialını təbliğ etmək, turistlərin hərəkətini asanlaşdırmaq üçün turist xəritəsi hazırlanıb. Kür çayının sağ və sol sahilini əhatə edən Mingəçevir şəhərinin iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Mingəçevirdə il ərzində günəşli günlərin sayı 250-yə çatır. Buna görə də burada rahat istirahət etmək, eləcə də su idman növləri ilə ilboyu məşğul olmaq imkanı yaranır. Yay mövsümündə Mingəçevir su anbarının sahilində fəaliyyətə başlayan şirin sulu çimərlik şəhər əhalisinin və bura dincəlməyə gələn turistlərin sevimli istirahət yeridir. Ümumiyyətlə, Kür çayının hər iki sahilində mövcud olan müasir parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Heydər Əliyev parkında yeni inşa edilən “Mingo Park” İstirahət və Əyləncə Mərkəzi, eləcə də Kür çayının kənarındakı “Sahil” parkı əsaslı şəkildə yenidənqurmadan sonra mingəçevirlilərin və şəhərə gələn turistlərin sevimli istirahət yerinə çevrilib.
Tez-tez başqa ölkələrdən, respublikanın digər şəhər və rayonlarından Mingəçevirə avarçəkənlər, müxtəlif sahələr üzrə idmançılar, media nümayəndələri, turistlər gəlirlər. Onlar rəngarəng idman yarışlarının iştirakçıları və izləyiciləri olurlar. Yeri gəlmişkən, “Bakı-2015” Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışların Mingəçevirdə keçirilməsi şəhərin böyük potensialından xəbər verir. Kür çayının sağ sahilində inşa olunan beşulduzlu “Ağsaray” otelinin istifadəyə verilməsi şəhərdə turizmin inkişafına xeyli təkan verib. Ümumilikdə 2,5 hektar sahəsi olan otel ən müasir səviyyədə inşa edilib. Beş korpusdan ibarət olan oteldə 55 otaq var. Burada restoran, kafe-bar, əyləncə mərkəzi, konfrans zalı yaradılıb. Bundan başqa, oteldə uşaq və böyüklər üçün qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları, günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına verilib. Kür çayının üzərindən asma kanat yolunun inşası da nəzərdə tutulur. Bu cür otel komplekslərin inşası, ilk növbədə Mingəçevirin sürətli sosial-iqtisadi inkişafının göstəricisidir.
“Ağsaray” oteli və “Kür” Olimpiya Tədris-İdman Kompleksinin oteli birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarının iştirakçılarını yüksək səviyyədə qəbul edərək onlara müasir xidmət göstərib. Burada dünya standartları səviyyəsində istirahət məkanlarının yaradılması onu sübut edir ki, şəhər ildən-ilə ən müasir infrastrukturla təchiz edilir və eyni vaxtda yüzlərlə turisti qəbul etmək imkanı əldə edir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə avarçəkmə yarışlarının keçirilməsi şəhərdə turizmin inkişafına xeyli təkan verib. Yarış günlərində Mingəçevirə 2000-ə yaxın yerli və xarici turistin gəldiyi bildirilir. Son bir ildə isə şəhərə 10 mindən çox turist gəlib. Bu gün şəhərdə 5 otel və istirahət mərkəzi fəaliyyət göstərir.
Hazırda bölgənin ən böyük parkı olan şəhərdəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri davam etdirilir. Ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılır, yeni yaşıllıq zolaqları salınır. Yaxın gələcəkdə Kür çayının sol sahilindəki parkın yenidən qurulması, Mingəçevir su anbarının çimərlik ərazisində Avropa standartlarına uyğun sağlamlıq-istirahət kompleksinin inşasına başlanılması, Kür çayı üzərində yeni körpünün inşası, şəhərdəki yaşayış binalarının fasadlarının və dam örtüyünün yenidən qurulması nəzərdə tutulur. Mingəçevirin daha da müasirləşməsi və gözəlləşməsi istiqamətində görülən işlər gələcəkdə şəhərə daha çox turistin gələcəyinə, turizm şirkətlərinin fəallığının artmasına təkan verəcək.
Bundan əlavə Mingəçevirə gələn yerli və xarici turistlər həm də şəhər ərazisindəki qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri ilə də maraqlanırlar. Hazırda Mingəçevirdə 27 mədəniyyət müəssisəsi, o cümlədən 16 kitabxana, 3 muzey, rəsm qalereyası, 9 abidə var və şəhərdə turizm sahəsində kadr çatışmazlığının aradan qaldırılması sahəsində də işlər görülür. 2006-cı ildən fəaliyyət göstərən Mingəçevir Turizm Kolleci hazırda ölkədə turizm sahəsi üzrə yeganə orta ixtisas təhsil müəssisəsidir. 2112 tələbənin təhsil aldığı kollecdə 173 müəllim 12 ixtisas üzrə tədris aparır.
Şəhərə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Mingəçevirin tarixini özündə əks etdirən muzeydə 15 minə yaxın eksponat saxlanılır. Muzeydə eneolit dövründən başlayaraq ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş etdirilir. Eyni zamanda müasir Mingəçevir barədə, şəhərdəki bütün müəssisə və təşkilatlar haqqında da burada məlumat almaq olar. Mingəçevir Dövlət Dram Teatrının binası, Kür çayının üzərində keçən əsrin ortalarında salınan körpü də memarlıq abidələrinə aiddir. Bütün bunları görməklə bərabər Mingəçevir şəhərinə gələnlər səmimiyyət və mehribanlığın da şahidi olurlar. Mingəçevirlilərin qonaqlara, turistlərə qarşı münasibəti onlarda həmişə məmnunluq yaradır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info