“Dövlət bütün mədəniyyətlərin daşıyıcılarına bərabər hüquqlar tanıyır”
Tarix: 26.01.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Səməd Rzazadə: “Azərbaycan multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq”

2016-cı ilin “Multikulturalizm ili” elan olunması aktiv gənclərimiz üçün də sevindirici oldu. Çünki onlar da bu il multikulturalimzlə bağlı keçirilən tədbirlərdə aktiv olacaqlar, cəmiyyətimizin bu aparıcı qüvvələri multikulturalizmlə bağlı tədbir, təbliğat və digər işlərdə öndə gedəcəklər. Müsahibimiz “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri, Tələbə Xeyriyyə Cəmiyyətinin sədri, YAP Səbail Rayon Təşkilatının İdarə Heyətinin üzvi Səməd Rzazadə ilə bu mövzuda söhbətləşdik.

-Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini bir aktiv gənc olaraq necə dəyərləndirirsiniz?
- Öncə onu qeyd edim ki, multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və bir-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik tanıyır.
Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin bir cəmiyyətdə qarşılıqlı surətdə zənginləşməsinə, dinc yanaşı inkişaf etməsinə müsbət təsir göstərir. Bu isə insanların mədəni inteqrasiyası prosesi ilə sıx əlaqədardır. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Dövlət başçımız Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə dediyi sözləri xatırlatmaq istərdim: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.
- Multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın mühüm rol oynadığı deyilir. Bu barədə nələri düşünürsünüz?
- Doğrudur. Bu gün ölkəmizdə multikulturalizmə mühüm önəm verilməsi heç də təsadüfi deyil. Ekspertlərin fikrincə, Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni daim hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda Dünya Dini Liderlərinin Zirvə görüşünün, Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın mühüm rol oynadığını bir daha  göstərdi. Dövlət başçımızın müvafiq sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.
“Multikulturalizm” bəlkə də ictimaiyyət üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə riayət edilir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir. Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, “Multikulturalizm ili”ndə də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.
- Dünyanın əksər ölkələrində multikulturalizmlə bağlı böhran yaşanır. Belə vaxtda xalqımızın multikulturalizm kimi dəyərlərə böyük önəm verməsi və onu özündə yaşatması, cəmiyyətimizdə daha da inkişaf etdirməsi başqa xalqlara nümunə ola bilərmi?
-Əlbəttə. Hər kəs bilir ki, Azərbaycan xalqının yüksək mədəniyyətə, intellektə malik olması insanların səmimi münasibətlərindən də hiss olunur. Multikulturalizm ətrafında aparılan müzakirələr insanları, müxtəlif xalqarı əməkdaşlığa səsləyən çağırışdır.
Şərq ölkəsi olan Azərbaycanda bəşəri dəyərlərə bağlılıq bu ölkənin iqtisadi, sosial inkişafında da qabarıq hiss olunur. İnsanların bir araya gəlməsində musiqi, idman böyük əhəmiyyət daşıyır.
Şərqlə Qərb arasında körpü olan, xalqların birlik və əməkdaşlıq əlaqələri üçün də əlverişli, sülh və sabitlik məkanı adlandırılan Azərbaycanın sivilizasiyalararası dialoqların təşkilindəki təşəbbüsləri dəstəklənir. Bu təcrübə insanlığa verilən qiymət, xalqların milli-mənəvi dəyərlərinə hörmətdir.
Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Ölkəmizdə cəmiyyətin maraqları ilə dövlət siyasəti yanaşı dayanır. Yəni bəşəriyyətin gələcəyi üçün vacib amil olan birgəyaşayış qaydalarının təbliği sahəsində Azərbaycan təcrübəsi daim öyrənilməlidir.
-Azərbaycan dövlətinin multikultural dəyərlərə verdiyi önəm, beynəlxalq aləmdə də dəstəklənir, yüksək qiymətləndirilir...
- Tamamilə haqlısınız. Multikulturalizm həmişə olduğu kimi, bu gün də Azərbaycan dövlətinin, siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbrikində deyildiyi kimi, “Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olub. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik”.
Mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə, Vatikan dövlətinin ən yüksək mükafatlarından sayılan “Medalla Sede Vacante” medalı ilə təltif edilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülüb. Xatırlayırsınızsa, 2012-ci il iyunun 22-də Romada Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli saziş” imzalandı. Bu ilin iyunun 2-də Mehriban xanım Əliyeva Roma Papası Fransis ilə görüşü zamanı, o, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirmişdi.
-Multikulturalizmdən imtina edən dövlətlər də var. Buna münasibətiniz necədir?
-Bir maraqlı məqamı da qeyd edim ki, əsrlərə söykənən Azərbaycan multikulturalizmindən əksər dövlətlər imtina əvəzinə bu gün yararlana bilərlər. Bildiyimiz ki, multikulturalizm siyasəti ilk dəfə keçən əsrin 70-ci illərində əhalisinin yarısı fransız, yarısı isə ingilis olan Kanadada tətbiq olunmağa başlayıb. Kanada dövləti iki etnik qrupdan heç birinə üstünlük verməməyi, ümumiyyətlə, cəmiyyətdaxili mədəni münasibətlərə qarışmamağı və “Kanada dövlətçiliyi”adlanan vahid çətir altında sosial qruplara öz mədəni seçimlərində azadlıq tanıdı. ABŞ-da isə keçən əsrin 70-ci illərinin sonundan başlayaraq, multikulturalizm siyasəti aparılmağa başlayıb. Avropanın bir çox ölkələrində də, multikulturalizm ideyaları populyarlaşdı və dövlətlər bu siyasətin tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin 2010-cu ildən sonra Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirdilər. Avropada multikulturalizmin böhranının səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii inteqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Avropa iki problemlə qarşılaşdı: birincisi müsəlmanlar yerli mədəniyyətlə inteqrasiyaya getmədi. Əksinə, avropalılarda İslama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat etməyə başladı.
Bizə gəldikdə isə, multikulturalizm Azərbaycanı kənar müdaxilə risklərinin yaranması baxımından mühafizə edəcək.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info