Xaricdən Azərbaycana gətirilən ərzaq və yeməklər insanların vətənə bağlılığına birbaşa təsir edir
Tarix: 20.02.2013 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Yaşayış yerindən 400 km uzaqdan gətirilən məhsullar insan üçün zəhərlidir. Bu barədə “Trend”ə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzinin və "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin direktoru Tahir Əmiraslanov bildirib. Mərkəzin direktoru bildirib ki, artıq Azərbaycanda "İnformatik qida nəzəriyyəsi" tam formalaşıb və sübut edilib ki, qida yalnız nutrient mənbəyi və enerji deyil, həm də informasiyadır. Hətta Rusiya alimləri bu nəzəriyyəni oğurlamağa da çalışıblar, lakin bunun qarşısı alınıb.
Onun sözlərinə görə, insan öz ətrafında bitən, yetişən məhsullarla qidalanmalıdır. Alimlərin hesablamalarına görə, yaşadığı yerdən 400 km radiusda uzaqdan gətirilən məhsullar hətta sağlam olsalar belə, insan üçün daşıdığı informasiya baxımından zəhərlidir.
"Məsələn, Afrikada alma yetişir. O, afrikalı üçün sağlam ola bilər, amma bura gətiriləndən sonra o, Afrikanın havası, suyu, mühiti haqqında bədənə məlumat verir. Bədən də Afrikanın mühitinə adaptasiya olur, uyğunlaşır. Çölə çıxanda isə bədən yenidən Azərbaycanın havasını alır və insanda, ilk növbədə, yuxululuq əmələ gəlir. Orqanizm özünü müdafiə etməyə çalışır. Bu, tez-tez baş verdikdə orqanizmin idarəetmə sistemləri pozulur və müxtəlif xəstəliklər yaranır. Bu zaman xərçəng, mədə-bağırsaq pozuntuları və digər xəstəliklər də əmələ gələ bilər" - deyə Əmiraslanov qeyd edib.
Ölkənin baş kulinarının fikrincə, insan təbiətlə birbaşa vəhdətdədir və bu vəhdəti yaradan amillərdən biri qidalardır. O bunu həyətlərdə, bağlardakı dirrik təsərrüfatı misalında belə izah edib: "Dirrik - dirilik sözündəndir və evə ən yaxın olan, ətraf mühit haqqında bizə ilk və düzgün informasiya verən əkin yeridir. Yaxınlıqda yaşadığımız üçün insanın ab-havası, axan su, müəyyən şeylər ora gedir. Tam sağlam olmaq üçün dirriyə əkilən toxumları və ya çəyirdəyi ağızda təxminən 10 dəqiqə saxlayın, sonra onları əkin. Hətta istəyirsinizsə, hər səhər oyananda əl-üzünüzü toxumların əkildiyi yerdə yuyun ki, su ora axsın. Sonra artıq yetişmiş tərəvəzi yeyəndə görəcəksiniz ki, bədəndə hansı dəyişikliklər gedir. Bu elmi cəhətdən də təsdiq olunub. İzahı budur ki, ağızda olarkən bədəndə çatışmayan şeylərin müəyyən miqdarı çəyirdəkdən sorulur. Çəyirdək də itirdiyi maddələri torpaqdan tezliklə sovurmağa başlayır və ətalət qanununa görə, sorulduqca bu proses daha da sürətlənir, bədəninizdən axan və sizin informasiyanızı daşıyan suyu tez, o maddələri daha tez və daha çox toplayır. Həmin məhsulları yeyəndə də sizə daha çox sağlamlıq gətirir. Çünki bitki o mineral maddələri və vitaminləri, belə demək mümkündürsə, sizin xahişinizlə toplayır".
Mərkəzin direktorunun sözlərinə görə, bu nəzəriyyənin dini əsasları da var: "Allah insanı yaradanda ona öz ruhundan üfürüb. Əgər Allahın bizə verdiyi ruhu korlamasaq, kainatı da olmasa, Yer kürəsini idarə etməyə qadirik. Biz ruhumuzdan düzgün istifadə etməliyik. Burada dərin məna var. Onlardan biri də budur ki, ətraf mühitin düzgün idarə olunması bizə tapşırılıb. Vaxtilə özünü alim adlandıran kimsə deyib ki, biz təbiətə qalib gəlməliyik. Təsəvvür edin ki, uşaq anasının bətnində oturub anasına qalib gəlməyə çalışır. Əgər o, anasının bətninə qalib gəlsə, onun axırı nə olacaq? Biz təbiətlə tam tarazlıqda olmalıyıq. Biz təbiəti məhv edəndən sonra özümüz də məhvə məhkumuq".
Milli Kulinariya Mərkəzinin direktoru bildirib ki, bu mənada geni dəyişdirilmiş məhsulların da insana çox böyük mənfi təsiri var: "Şeytan Allaha deyib ki, sənin yaratdıqlarını dəyişəcəm. Allah da yediklərimizi bir dəfə yaradıb. Əgər ərzaq genetik modifikasiya olunursa, deməli bu, şeytanın işidir. Təbiətdə yaranan şeylər dövr etməli, çürüməli, torpağa qayıtmalı və yenidən yaranmalıdır. Amma genetik modifikasiya olunmuş meyvə və ya tərəvəzi aylarla saxlayırsan, heç nə olmur. Parazitlər, qurdlar genetik modifikasiya olunmuş kartofdan kilometrlərlə uzaq gəzir. Bunu həşəratlar, heyvanlar yemirsə, insan niyə yeməlidir? Məgər heyvan insandan ağıllıdır?".
Əmiraslanov hesab edir ki, əhalinin bu sahədə savadlanmasına ciddi ehtiyac var. Çünki xaricdən gətirilən ərzağın və yeməklərin insanların vətənə bağlılığına və mənəviyyatına birbaşa təsiri var. Bəzi Qərb dövlətləri artıq bundan müxtəlif formalarda istifadə etməyə başlayıblar.
"Vatikanda 9 ilə yaxındır Müqəddəs Lavrenti Ordeni yaradılıb. Bu, səlib ordenidir. Yəni Xaç yürüşlərini başqa yollarla həyata keçirmək üçündür. Fransada ən yüksək hərbi orden olan Fəxri Legion ordeni ilk dəfə mülki şəxs Ogüst Destkafyeyə verilib. Fransa ona görə fransız mətbəxi vasitəsilə dünyanı fəth edib. Belə ki, kimsə fransız mətbəxini sevirsə, Fransının tarixi, ədəbiyyatı, dili ilə maraqlanacaq, fransız şərabı içəcək, donuz əti yeyəcək və beləcə İslamdan da çıxmış olacaq. İslandiyada 200 min müsəlman var. Onları assimilyasiya etmək üçün bir qayda çıxarıblar. Məktəblərdə yalnız yerli yeməklər verilməlidir və məktəbə kənardan yemək gətirmək qadağandır. Keçmiş Sovet İttifaqında yeməkxanalarda Şərqdən Qərbə eyni yemək menyusu var idi: kotlet, kartof püresi, makaron, salat, kompot və s. Aparılan tədqiqatın bir hissəsi olaraq vahid Sovet xalqını yaratmaq üçün, eyni düşüncəli insanlar yaratmaq üçün yeməklər də eyni olmalı idi. Bundan sonra onların təfəkkür tərzinə, davranış tərzinə təsir etmək daha asan olacaqdı. Bəzi "fast food" müəssisələri Qərb ölkələrinin səfirliklərindən daha çox iş görür. Həmin müəssisələrdə yetişən gənclər sabah ABŞ ordusunu çox rahat qarşılayacaqlar. Bu şüuraltı təsir formasıdır və çox gözəl düşünülüb" - deyə direktor bildirib.
Ekspertin fikrincə, azərbaycanlılar da belə bir şey düşünüb öz həyat tərzini xarici ölkərələrə yeritməli, düşünülmüş vahid restoranlar pərakəndə şəkildə yaradılmalıdır: "Ulu öndərimiz Heydər Əliyev vaxtilə çox gözəl bir sərəncam imzalamışdı. Həmin sənəd Azərbaycan dövlətinin və özəl sektorun dəstəyi ilə xarici ölkələrin böyük şəhərlərində Azərbaycan mətbəxinin restoran şəbəkələrinin yaradılmasını nəzərdə tuturdu. Bu elə-belə şey deyildi. Əgər bu həyata keçərsə, həm Azərbaycanın təbliğatı güclənəcək, həm də orada musiqisi səslənəcək, Azərbaycan xalçaları və şərabları, meyvə-tərəvəzi, ərzaq məhsulları satılacaq. Bu həm də ölkə daxilində iqtisadiyyatın, xüsusən, qeyri-neft sektorunun dirçəlməsinə müsbət təsir edəcək. Bu həm də on minlərlə aşpazın hazırlanması deməkdir. Onların da həmin ölkələrdə qazancları Azərbaycanın xeyrinə olacaq. Hətta bu, düşmən ölkələrin əleyhinə kəşfiyyat üçün də yararlı ola bilər".
Əmraslanovun sözlərinə görə, indi bəzi ölkələrdə həmin restoranların yaradıldığı yerlərdə artıq Azərbaycan mədəniyyət mərkəzləri açılır. O ölkələrdə yaşayan azərbaycan diasporu öz müxtəlif tədbirlərini bu restoranlarda keçirdikcə, onlar kondensasiya mərkəzlərinə çevrilirlər.
Nazirliyin rəsmisi hesab edir ki, qida təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olduğundan bu məsələyə ciddi önəm verilməlidir. Onun sözlərinə görə, Azərbaycanda yeni standartların qoyulması, Milli Təhlükəsizlik Nazirliyinin milli mətbəximiz haqqında filmlər və kitablar hazırlaması artıq dövlətin və ölkə rəhbərliyinin bu məsələyə çox ciddi yanaşmasından xəbər verir. Artıq dövlət başçısının tapşırığı ilə Azərbaycan Milli Kulinariya Ensiklopediyası çap olunub. Ardıcıl hər il bundan irəli gələrək müxtəlif işlər görülür.
Rus alimi, sosioloq Kozlovskidən sitat gətirən Tahir Əmiraslanov qeyd edib ki, millətlər özlərini tanıtmaq üçün ilk növbədə milli mətbəxlərini önə çıxarırlar. Millətlərin yoxa çıxması onların milli mətbəxinin aşınmasından başlayır: "Bu gün biz Avropa və ya digər mətbəxləri niyə təbliğ etməliyik? Məgər fransız və ya italyanların Azərbaycan mətbəxini təbliğ etdiklərini eşitmisiniz? Biz bütün ətraf mədəniyyətləri də bilməliyik. Onlarla müqayisəli şəkildə inkişaf etmək lazımdır. Lakin milli kimliyimizi mütləq saxlamalıyıq. Rusiyaya samovar 17-ci əsrdə gedib çıxıb. Amma ən qədim samovar Azərbaycanda tapılıb. Qədimdən bizdə samovarda şorba bişirilib. Biz də samovar şorbaları verməyə başlayacağıq və artıq bunu patentləşdirmişik. Samovar təkcə çay üçün nəzərdə tutulmayıb. Çayın 2 min il yaşı var, samovarın isə 3500 il. Samovar həm yanacağa qənaət edir, həm də tez qaynadır. Əsl köçəri malıdır".
Milli Kulinariya Mərkəzinin direktoru onu da qeyd edib ki, hazırda qloballaşan dünyada ərzaqların dünyanın bir nöqtəsindən digərinə daşınıb satılması normal şeydir, amma heç olmasa, yeməklərin hazırlanması texnologiyaları qorunmalıdır. Bir xörəyin itməsi böyük bir mədəniyyətin itməsi deməkdir. Əgər plov itərsə və ya Azərbaycanın deyilsə, deməli, düyü bitən torpaqlar Azərbaycanın deyil, çəltikçilik mədəniyyəti Azərbaycanın deyil. Bu problemlərin həlli üçün həm də milli mətbəximizi dərindən bilən mütəxəssislər olmalıdır.
"Aşpazların hazırlanmasına ciddi diqqət yetirilməlidir. Bu gün televiziya kanallarında mətbəx proqramlarına çıxan aşpazların çoxunun səviyyəsi çox aşağıdır və hətta bəziləri savadsızdır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, sağlam qida konsepsiyası televiziyalarda öz yerini tutmalıdır. Əgər bunu dövlət başçısı deyirsə, görün, bu məsələ nə qədər araşdırılıb. Prezident elə-belə heç nə deməz. Bu sözün arxasında gərgin əmək, geniş təhlil durur. Azərbaycanda kulinariya məktəbləri yaradılmalıdır. Bu çoxdan olmalı idi. Biz artıq bu bazarda geridə qalırıq. Bizim nəinki dünya bazarlarına çıxarmaq üçün, heç özümüzü təmin etməyə aşpazlarımız yoxdur. Amma biz dünya bazarına mütləq çıxmalıyıq",- deyə Əmiraslanov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info