Sağlamlığımız üçün “bahalı” olan plastik qablar
Tarix: 20.02.2013 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Plastik qablardan istifadə həyatımızın bir hissəsinə çevrilib. Xüsusilə şəhər və şəhərtipli yaşayış məntəqələrində bu qablardan istifadə geniş şəkildə yayılıb. Lakin plastik qabların nə qədər komfort olmasına baxmayaraq, insan sağlamlığı üçün bir o qədər zərərli tərəfləri var. Bunu Ümumdünya Səhiyyə təşkilatı da təsdiqləyib. Belə ki, plastik bir stəkana isti çay və ya digər hər hansı isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonlarının özü də insan sağlamlığı üçün həddən artıq təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edir ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Plastik qabların hazırlanmasında istifadə olunan digər bir kimyəvi maddə isə fosgendir. Bu maddə soyuq qida məhsullarının təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabiliyyətinə malikdir.
Amerikalı alimlər plastik qablaşdırmada olan isti içkilərin, qəhvə və çayın kişilərdə sonsuzluq yaratdığını da iddia edirdilər. Onların araşdırmalarına görə, plastik qabların hazırlanmasında istifadə olunan insan orqanizmi üçün zərərli benzen maddəsi kişilərdə testesteron maddəsinin yaranmasına mənfi təsir edərək gücsüzlük və sonsuzluq yaradır.
İsveç alimi Vinson Braynın araşdırmalarına görə isə plastik qablarda su soyutmaq və ya isitmək eyni təhlükəni daşıyır. Bu halda plastik qab flaein maddəsini buraxır ki, bu da qandan sorulmur. Əksinə, qanın tərkibində öz həyatını davam etdirir. Nəticə isə sonsuzluqla başa çata bilər. Bu qablara qazlı mayenin doldurulması zamanı isə xərçəng riskini çoxaldan maddə ifraz olunur. Təbii ki, insan sağlamlığı təkcə orqanizmdə baş verən proseslərlə ölçülmür. Bu, eyni zamanda ətraf mühitlə uzlaşmadan da asılıdır ki, plastik qabların ekologiyaya vurduğu ziyan da az deyil. Bu üzdən də plastik qabların tullantıları dünyanın bir çox ölkələrində xüsusi qayda ilə toplanılır və təkrar emala gedir. Amma toplanma zamanı xüsusi sanitariya qaydalarına da ciddi riayət olunur.
Ümumilikdə isə dünya təcrübəsində, xüsusilə, Avropa ölkələrində plastik qablardan istifadədən imtina edilərək, onların yerini kağız torbalara veriblər. Hətta mağaza və supermarketlərdə işlədilən polimerdən hazırlanan torbalar da kağız torbalarla əvəz edilir.
Qonşu ölkələrdən artıq Türkiyədə plastik qabların xərçəng mənbəyi olması barədə maarifləndirici kampaniya gündən-günə genişlənir. Şimal qonşumuz Rusiyada isə pivələrin plastik qablarda qablaşdırılması qadağan edilib. Yaxın vaxtlarda bu ölkədə suyun da plastik qablarda satılmasının qadağan ediləcəyi gözlənilir.

Ucuz ətin şorbası və ya insandan çox yaşayan plastik qablar

Bəs Azərbaycanda vəziyyət necədir? Plastik qablardan istifadə ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilsə də, insanlar bu qablardan onun zərərlərini ya anlamadıqları üçün, ya da anlamaq istəmədikləri üçün geniş şəkildə istifadə edirlər. Plastik qablarda satılan ərzağı almayanlarsa heç olmasa, aldıqlarını daşımaq üçün plastik torbalardan istifadə etməmiş deyil. Demək olar ki, yediyimiz ərzaqdan tutmuş, geydiyimiz ayaqqabıyadək hər bir malı plastik torbalarda və ya qablarda almağa öyrəşmişik.
Ən pisi isə artıq istifadə edilərək atılan plastik butulkaların, torbaların yenidən istifadəsi üçün elə atdığımız zibilxanalardan yığılmasıdır ki, bu da ikiqat zərərlidir. Ətraf mühitin zibillənməsi ilə də nəticələnən plastik qablar ən çox sərin içkilərin istehsalı zamanı istifadə olunan plastik butulkalardır. Bu içkiləri istehsal edən şirkətlərsə yüngüllüyünü və daha ucuz başa gəlməsini əsas tutaraq bu qablardan istifadə edir. Amma bunun insan sağlamlığı üçün nə qədər “bahalı” olması hələ ki çoxumuzu düşündürmür.
“Ərzaq təhlükəsizliyi uğrunda” İctimai Birliyinin sədri Zahid Abbasov qəzetimizə açıqlamasında bildirib ki, insan sağlamlığı üçün zərərli olan bu qabların dəfələrlə istifadə edilməsi halları çoxdur. Onun sözlərinə görə, bu qablardan təkrar istifadə etmək qadağandır və onlardan bir dəfə istifadə etdikdən sonra mütləq atılmalıdır: “Ümumiyyətlə, bir çox ölkələr plastik qablardan imtina edib. Azərbaycanda isə bundan geniş istifadə edilir. Misal üçün, dəfələrlə məlum olub ki, sərinləşdirici suların satıldığı həmin qablar istifadə edilir, zibilxanalara atıldıqdan sonra isə təkrar olaraq bir neçə dəfə yenidən istifadə olunur. Bəzi hallarda isə təmizlənməmiş vəziyyətdə yenidən su doldurularaq satışa çıxarılır”.
Z.Abbasov nümunə kimi Türkiyənin Antalya şəhərində plastik qablarda istifadənin birmənalı olaraq qadağan edildiyini göstərib: “Bir müddət əvvəl şəhərin rəhbərliyinin ekologiyanı və ətraf mühiti çirkləndirən polietilen paketlərdən istifadəyə qadağasından sonra daha şəhər sakinləri, o cümlədən turistlər polietilen paketlərdən istifadə etmirlər. İnsanlara kağız və ya parçadan hazırlanmış torbalardan istifadə etmək tövsiyə olunur ki, bu növ materialdan hazırlanmış paket və torbalar daha sonra təkrar emal olunaraq yenidən istifadəyə verilən zaman heç bir zərəri olmur. Polietilen paketlərdən istifadəyə görə isə hətta cərimə də müəyyən edilib. Eyni zamanda şəhərə gələn turistlər də özləri ilə polietilen paket, yaxud qablar gətirə bilməz”. Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməli, belə halların aradan qaldırılmasında dövlətlə birgə vətəndaş cəmiyyəti də yaxından iştirak etməlidir.
“Els” Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə deyib ki, son 20 ildə bizim ərzaq bazarımızda ciddi dəyişikliklər olub: “Əvvəl hədiyyə aparanda, onu kağıza büküb verirdik. İndi qablaşdırırlar. Hamı polietilen paketlərdən istifadə edir. Ərzaqlar plastik qutulara yerləşdirilir. Kimsə fikirləşmir ki, bu qablar hara gedir? Təbii ki, zibilliyə. Həmin polietilen paketlərin göydə süzdüyünün hamımız şahidiyik”.
Plastik paketlərin insandan çox yaşadığını deyən İ.Yaqubova onların 150 ilə parçalandığını, hətta 400-500 ilə parçalananların da olduğunu vurğulayıb.
Plastik qablardan
istifadə gələcəyimizi də təhlükə altına qoyur


Ən acınacaqlı hal isə plastik qablardan uşaqların, daha dəqiq desək, valideynlərin öz uşaqlarının qidalanmasında istifadə etməsidir. Çünki uşaq orqanizmi böyük insana nisbətən daha həssas olur. Xüsusilə, körpə uşaqların plastik butulkalar vasitəsilə qidalandırılması onların həyatına ciddi təhlükə yaradır. Bu qabların tərkibində zərərli kimyəvi maddələr var ki, onlardan çoxlu istifadə zamanı həmin maddələr gələcəkdə insan orqanizmində ölümcül xəstəliklərin yaranmasının əsasını qoyur. Mütəxəssislərsə müəyyənləşdiriblər ki, bu, sonradan insanda ürək çatışmazlığı, şəkərli diabet və qaraciyər xəstəlikləri yaradır. Həmçinin, bu qablardan istifadə uşaqlarda sürətli piylənmə və qaraciyərdə fermentlərin yüksəlməsinə və qanda yağlılığın artmasına səbəb olur. Plastik butulkaların istehsalında istifadə olunan bifenol A maddəsi isə xoşagəlməz hallar yarada bilər. Belə ki, uzun müddət bu maddəyə şübhə ilə yanaşan alimlər müəyyənləşdiriblər ki, bifenol A quruluşuna görə qadın hormonu olan estrogenə oxşardır.
ABŞ Milli toksikoloji proqramının ekspertləri hələ bir neçə il öncə elan etmişlər ki, bu maddə təcrübə altında olan heyvanlarda cinsi yetkinliyi sürətləndirir, davranışlarını pozur, eləcə də prostat və süd vəzi xərçənginin yaranmasına səbəb olur. Bu baxımdan, analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığından butulkaları şüşələrlə əvəz etmək məsləhət görülür.
Z.Abbasov qeyd edib ki, hazırda apteklərdə satışa çıxarılan azyaşlıların qidalandırılması üçün nəzərdə tutulan qabların əksəriyyəti plastikdən hazırlanıb: “Demək olar, bütün körpələr həmin qablarda olan məhsulla qidalandırılır. Uşaq orqanizminin zərifliyini nəzərə alsaq, bunun onlara nə qədər mənfi təsir göstərəcəyini təsəvvür etmək çətin olmaz. Ona görə də plastik qabların xüsusilə uşaqlar üçün istifadəsinə qadağa qoyulmalıdır”.

Bunun qarşısını almaq üçün ekspertlər
nə təklif edir?


Ekoloq Rauf Sultanov qəzetimizə açıqlamasında plastik qabların təhlükəli tərəflərinin qarşısını almaq üçün göbələkdən istifadəni təklif edib. Onun sözlərinə görə, tədqiqatçılar polikarbonatı ultrabənövşəyi şüalar altında və yüksək temperatur şəraitində tədqiq ediblər: “Sonra həmin cismə ekologiyaya daha mürəkkəb çirkləndiricilərin təsirinin azaldılmasında istifadə edilən ağ çürüntü və digər 2 göbələyin necə təsir etməsini öyrənərək, dəqiqləşdiriblər ki, göbələklər bisfenolu enerji mənbəyi kimi istifadə etməklə plastmasın parçalanmasına gətirib çıxarırlar”. Bununla hansısa nəticə əldə edə bilməyin mümkünlüyünü qeyd edən ekoloq ən yaxşı yolu bir çox dünya ölkələri kimi plastik qablardan, ümumiyyətlə, imtinada görür.
İ.Yaqubova isə hesab edir ki, problemin aradan qaldırılması üçün zərərli olan plastik qablar pulla satılmalıdır. Onun fikrincə, ərzaq alarkən əhaliyə plastik paketlərin məhdudiyyətsiz paylanması qadağan edilməli, əksinə olaraq bir çox ölkələrdə olduğu kimi pulla satılmalıdır ki, bununla insanları plastik qablardan istifadədən yayındırmaq olar.
Asif NƏRIMANLI




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info