Vəli Əlibəyov: “Sərsəng-SOS” layihəsi öz məqsədinə çatdı”
Tarix: 27.01.2016 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyovun mediaya verdiyi müsahibəsini təqdim edirik.

– Vəli müəllim, dünən, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasında Azərbaycan üçün iki mühüm sənəd britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” layihəsi və Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihəsi müzakirəyə çıxarıldl. Assambleya birinci layihəni rədd etsə də, ikinci layihəni qəbul etdi. Sərsənglə bağlı layihə haqqında danışaq.
– Militsa Markoviçin hazırladığı qətnamənin qəbulu Azərbaycanın böyük uğurudur. Bizim təşkilat üçün isə bu hadisə başqa bir səbəbə görə də əlamətdardır. Belə ki, Sərsəng mövzusunun beynəlxalq təşkilatlar, o cümlədən, AŞPA-da qaldırılması, məruzəçinin təyin etdirilməsinə cəhd və onun tərəfindən məruzənin hazırlanıb təqdim edilməsi AVCİYA-nın 2013-cü ilin may ayında başladığı “Sərsəng-SOS” layihəsinin tərkib hissələrini təşkil edirdi. Bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, layihəmiz öz məqsədlərinə çatdı.
– “Sərsəng-SOS” layihəsi barədə bir qədər ətraflı məlumat verməyiniz yaxşı olardı.-
– Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini hər birimiz yaxşı bilirik. Lakin, işğalın törətdiyi və törədə biləcək fəsadlardan əksəriyyətimizin xəbəri yoxdur. Bu gün üçün ən təhlükəli məsələlərdən biri, Sərsəng su anbarının erməni işğalı altında qalmasıdır. Səfərlərimizin birində cəbhəyanı bölğələrimizin sudan əziyyət çəkməsi məsələsi bizim diqqətimizi çəkdi. Kiçik bir araşdırmadan sonra məlum oldu ki, ilk baxışda sadə su çatışmamazlığının arxasında nəhəng, misli görünməmiş bir təhlükə durur. Vaxt itirmədən mütəxəssislər cəlb olundu, problem ciddi araşdırıldı və müddətsiz layihə icrası barədə qərar qəbul olundu.
– Təhlükə deyəndə nəyi nəzərdə tutursunuz?
– Ağdərə rayonunun ərazisində yerləşən Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmişdir. Anbarın ümumi həcmi 560 mln m³-dir. Anbarın bəndinin hündürlüyü 125 m, uzunluğu 555,1 m, üstdən eni isə 10,2 m-dir. Həmçinin anbarda hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Sərsəng su anbarı işğaldan əvvəl respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Əraziləri işğal edən ermənilər su anbarının suyundan istifadəni inhisarına alaraq adı çəkilən rayonları susuz qoydular. Regionun iqtisadiyyatı, kənd təsərrüfatı, flora və faunasına ciddi zərər dəyir. Içməli suyun çatışmamazlığından əhali arasında spesifik xəstəliklər çoxalıb. Lakin bütün bunlar nə qədər dəhşətli olsa da, Sərsəng su anbarının işğalının ən təhlükəli məqamı bunlarla bağlı deyil. Bu kimi qəliz hidrotexniki qurğular vaxtaşırı texniki qulluq tələb edir. Bizim əldə etdiyimiz məlumatlara görə isə, işğaldan sonra qurğuya kompleks texniki xidmət göstərilmədiyi üçün anbarın texniki təhlükəsizlik baxımdan vəziyyəti qənaətbəxş deyil. Sərsəng su anbarı işğal olunmuş ərazidə yerləşdiyindən onun bəndinin qəza və ya təxribat nəticəsində dağılması anbardan aşağıda yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükə yaradacaq! 400 minə yaxın insan fəlakət nəticəsində məhv ola bilər. 2013-cü ilin may ayından etibarən biz regionda ciddi araşdırmalar apardıq, əhali, mütəxəssislərlə görüşlər keçirdik. Qərara gəldik ki, problem barədə beynəlxaql təşkilatları məlumatlandıraq. Sərsəngdəki vəziyyətlə bağlı 100-ə yaxın məktublar göndərildi, bir neçə yerli və beynəlxalq konfranslar keçirildi. Və, növbəti addım kimi, AVCİYA-nın prezidenti olan, millət vəkili Exan Süleymanovun təşəbbüsü və dəstəyi ilə məsələni AŞPA səviyyəsinə qaldıra bildik.
– Belə mürəkkəb layihəyə başlayanda uğur qazanacağınıza inanırdınızmı?
– Əlbəttə, bəzi tərəddüdlər var idi. Mütəxəssislər, regionda icra strukturlarında çalışan məmurlar bizimlə söhbətlərində bu işin heç bir nəticə verməyəcəyini bildirirdilər. Lakin, AVCİYA heç zaman çətin işlər qarşısında geri çəkilməyib, qələbə qazanana qədər irəli gedib. Biz bu dəfə də, qələbəyədək işləməyi qərara aldıq və qələbə bizimlə oldu! AVCİYA Ermənistanı diz üstə qoydu! Onu da qeyd edim ki, bu istiqamətdə AVCİYA-nın fəaliyyəti davam etməkdədir. Bu yaxınlarda Avropa Komissiyasının ayırdığı qrant hesabına Sərsəng problemini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə edəcəyik.
– Sonda qətnamənin mahiyyəti barədə danışaq.
– Qətnamədə bir neçə vacib məsələ əksini tapıb. Məsələn, 4-cü bəndində Ermənistan birbaşa olaraq işğalçı dövlət kimi göstərilib: “Assambleya Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin Ermənistan tərəfindən işğalının Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün buna bənzər humanitar və ekoloji problemlər yaratmasını pisləyir”. İşğal müddəası bir daha 6-cı bənddə də öz əksini tapıb: “Assambleya qeyd edir ki, Azərbaycanın Ermənistan işğalı altındakı ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə müntəzəm təmirin aparılmaması bütövlükdə sərhəd regionuna təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng bəndinin baxımsızlığı xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə bilər.” Qətnamənin 7-ci bəndində isə, Ermənistan hakimiyyətindən işğal olunmuş ərazinin boşaldılması tələb olunur:
“Assambleya bu təcili humanitar problemləri nəzərə alaraq,
Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal geri çəkilməsini, beləliklə,
Müstəqil mühəndis və hidroloqların yerində hərtərəfli araşdırma aparmasına;
Su hövzəsi boyunca Sərsəng su anbarının suyundan istifadə və ona nəzarətin qlobal idarə edilməsinə və
İrriqasiya kanallarına, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, payız-qış mövsümündə suyun buraxılması cədvəlinə və su qatlarının həddindən artıq istismarına beynəlxalq nəzarətə şərait yaratmağı;
Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir”.
Qətnamənin üçüncü bəndində isə deyilir ki, “Assambleya hesab edir ki, qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilməli və ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək məqsədilə bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməlidir”.
Göründüyü kimi, qətnamə layihəsi Sərsəng su anbarının yaratdığı və yarada biləcəyi təhdidləri tam aradan qaldırılmasına imkan verir. Indi əsas məsələ ondadır ki, bu sənəd də, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdikləri çoxsaylı sənədləri kimi lazımsız kağız parçasına çevriləcək, yoxsa, AŞPA özündə güc tapıb qətnamənin bəndlərinin yerinə yetirilməsini işğalçıdan tələb edə biləcək…

Dadaş Musayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info