İndiki situasiyada Korporativ Sosial Məsuliyyət özəl sektorun əsas istinadgahı olmalıdır
Tarix: 28.01.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Şirkətlər anlamalıdırlar ki, bu, təkcə hansısa bayramlarda ötəri kampaniyalarla məhdudlaşmır, həm də şirkətlərin öz işçiləri və cəmiyyət qarşısında daimi məsuliyyəti və bundan irəli gələn vəzifələrdir
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib ki, indiki dünya böhranı şəraitində özəl şirkətlər, işəgötürənlər işçi ixtisarına getməməli, bu məsələdə sosial məsuliyyət faktorunu əsas götürməlidirlər: “Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.
Doğrudan da hazırda bu, çox vacib və həssas məqamdır və hər bir özəl şirkətin, korporasiyanın indiki situasiyada Korporativ Sosial Məsuliyyət (KSM) amilinə və bu məsuliyyətdən irəli gələn vəzifələrinə əməl etməsi zəruridir. Bu gün ölkədə 4,8 milyon nəfər əmək qabiliyyətli insan var, onların 80 faizə qədəri özəl sektorda çalışır. Müstəqillik əldə edildikdən bu yana özəl sektorun inkişafına yaradılan şərait özəl sektorun Azərbaycan iqtisadiyyatında bu qədər böyük paya sahib olmasına səbəb olub. Bu baxımdan özəl sektorda hazırkı situasiyada da artım tempini qoruyub saxlamaq olduqca vacibdir. Bunun üçün şirkətlər, müəssisələr, işəgötürənlər birinci növbədə, Korporativ Sosial Məsuliyyət amilini əsas götürməlidirlər. Bununla bağlı özəl sektorda məsuliyyət və cavabdehlik hissini gücləndirən tədbirlərin, eyni zamanda kulturoloji maarifləndirmənin həyata keçirilməsi də məqsədəuyğun olardı. Özəl şirkətlər anlamalıdırlar ki, Korporativ Sosial Məsuliyyət, təkcə hansısa bayramlarda ötəri aksiyalarla məhdudlaşmır, bu, şirkətlərin öz işçiləri və cəmiyyət qarşısında daimi məsuliyyəti və bundan irəli gələn vəzifələrdir.

Sahib Məmmədov: “İşəgötürənlər anlamalıdırlar ki, işçilər onlar üçün yalnız robot və ya alət deyil, bir işçi kimi hüquqları olan vətəndaşlardır”
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bizə bu barədə bildirdi ki, Prezident bununla bağlı çox ciddi bir məsələyə toxunub: “Biznesin, sahibkarın, işəgötürənin Korporativ Sosial Məsuliyyəti deyilən geniş bir anlayışı var. Bu, dünyada geniş yayılmış bir anlayışdır. Bunun mahiyyəti odur ki, biznesmen və ya işəgötürən pul qazanır. Onun pul qazanmasında əməyi olan işçilər və cəmiyyət qarşısında onun məsuliyyət hissi və bundan doğan vəzifələr olmalıdır. O, bu məsuliyyətdən irəli gələn məsələləri yerinə yetirməyə borcludur. Tutaq ki, kimsə gedib rayonda bir biznes qurur. O, oradan pul qazanırsa, bundan cəmiyyətə də fayda verməlidir. Yəni Korporativ Sosial Məsuliyyət sahibkarın və özəl biznes şirkətlərinin cəmiyyət və işçilər qarşısındakı məsuliyyətini bu cür ifadə edir. Bu baxımdan da Prezident indiki məqamda daha çox vacib və həssas olan məqama toxunub. Prezident indiki zamanda işəgötürənlərə işçilər qarşısındakı məsuliyyətlərini bir daha qabarıq bir şəkildə xatırlatdı və bu barədə tövsiyələrini ortaya qoydu. İşəgötürənlər anlamalıdırlar ki, işçilər onlar üçün yalnız robot və ya alət deyil, bir işçi kimi hüquqları olan vətəndaşlardır. İşəgötürənlər indiyə qədər işçilərin hesabına pul qazanıblar. Ona görə də indi onları işdən çıxarmağa, heç bir əsas olmadan işsiz qoymağa haqları yoxdur. Onlar əgər bu işçini artıq saxlaya bilmirlərsə, onda onun minimal sosial təminatını təmin etməlidirlər. Bu təminat heç olmasa qanunda nəzərdə tutulmuş miqdarda ödənilməlidir. İkincisi də bu gün sahibkar və ya şirkət bir az əvvəlkindən az da qazana bilər, bu, müvəqqəti bir haldır. O, mənfəətinin bir hissəsini həmin işçilərin saxlanmasına yönəltməli, indiki halda daha az qazanca qane olmalıdır. Vəziyyət daha da yaxşılaşandan sonra isə daha çox qazanc barəsində düşünmək olar. Prezidentin bu barədə tapşırıqlarının əsasında da bu məsələ durur. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bununla bağlı təklif vermişəm, hesab edirəm ki, ideyamı şura sədri də dəstəkləyəcək. Bununla bağlı böyük bir toplantı və müşavirə də keçirəcəyik”.

“Şirkətlər işçini işdən çıxarmaqla qazanclarını artıracaqları düşüncəsindən yaxa qurtaracaqlar”
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov qeyd edir ki, əksinə, hər bir şirkət bu vaxtlarda sosial məsuliyyət anlayışını daim diqqət mərkəzində saxlamalı və buna əməl etməlidir: “Özəl şirkətlər heç bir vətəndaşımızı işsiz qoymamaq üçün bir çox addımlar atmalıdır. Fikrimcə, cənab Prezidentin bu tələbi bütün sahibkarlar tərəfindən dəyərləndiriləcək və şirkətlər işçini işdən çıxarmaqla qazanclarını artıracaqları düşüncəsindən yaxa qurtaracaqlar. Bunun yanlış və zərərli olduğunu bütün şirkətlər anlamalıdır. Azərbaycanda fəaliyyət göstərən hər bir şirkətin borcudur ki, Azərbaycan insanına dəyər versin və Prezidentimizin dediyi kimi, sosial məsuliyyəti dərk edərək işçi çıxarmaq siyasətlərindən vaz keçsinlər. Artıq ölkəmizdə bu il qeyri-neft sektorunun inkişafı nəticəsində əldə olunmuş uğurları tez bir zamanda hər bir vətəndaş hiss edəcək. Belə olan halda, xüsusilə, böyük şirkətlər və holdinqlər işçiləri ixtisar etmək yox, yeni iş yerlərinin açılması və insanların daha çox ictimai işlərə cəlb edilməsinin yollarını fikirləşməlidirlər. Cənab Prezident deyir ki, mən heç bir vətəndaşın işsiz olmasını istəmirəm. Bu gün bütün müasir, demokratik cəmiyyətlərdə insanları işlə təmin etmək daha çox özəl sektorun məsuliyyətidir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yetərli qədər vicdanlı və milli şüura sahib sahibkarlarımız formalaşıb.
Formalaşmış milli sahibkarların da birinci vəzifəsi ölkənin inkişafı və strategiyasını yaxından mənimsəyib, ölkə insanlarının rifahına çalışmaqdır”.

İlqar Orucov: “Milli burjuaziya sosial məsuliyyətini dərk etməlidir, insanlara daha da qayğı ilə yanaşmalıdır”
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə qeyd etdi ki, ölkə başçısı İlham Əliyev yuxarıda adı çəkilən konfransda işçilərlə bağlı lazımsız ixtisarlar aparmaqla bağlı narahatçılığını ifadə etməklə bərabər, müəssisə rəhbərlərinə bu cür hallara yol verməməyi tövsiyə etdi: “Bildiyimiz kimi, ölkəmizdə sabitlik, əlverişli biznes mühiti və azad rəqabət olmasaydı, əlbəttə ki, özəl sektor inkişaf edə bilməzdi və bu sabitliyin kökündə həyata keçirilən siyasət, dövlət başçısının siyasi iradəsi dayanır. Sahibkarlıq o zaman inkişaf edir ki, azad rəqabət olsun, inkişaf etmək üçün mühit olsun. Özəl sektorun inkişafına dövlət ən münbit şəraiti yaradıb və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Ən sərfəli şərtlərlə dövlət sahibkarlara biznes kreditləri verir, qanunvericiliyi təkmilləşdirir, proqramlar qəbul edilir. Özəl sektorun inkişaf etdirilməsində əsas məqsədlərdən biri də ondan ibarətdir ki, insanlar işlə təmin olunsunlar, ölkədə işsizlik minimum səviyyəyə düşsün. Diqqət yetirsək görərik ki, özəl sektor da bir ilə yaranmayıb. Artıq illərdir özəl sektorun inkişafı üçün dövlət hər cür qayğısını əsirgəmir. İndiki dövrdə də ilk növbədə, bu sektor daha diqqətli və humanist olmalıdır. Yəni formalaşmış milli burjuaziya sosial məsuliyyətini dərk etməlidir, insanlara daha da qayğı ilə yanaşmalıdır. Burada həm də bir milli təəssübkeşlik hissi özünü göstərməlidir. Sahibkarlar insanları işsiz qoymamalıdır, işçilərin əmək haqlarında azaltmalara yol verməməlidir.
Bildiyimiz kimi, dünyada çox çətin və gərgin iqtisadi-siyasi proseslər davam edir. Ölkəyə gələn gəlirlərdə kəskin azalma var və bundan insanlarımızın əziyyət çəkməməsi üçün dövlətlə birgə bu ölkədə fəaliyyət göstərən və pul qazanan özəl qurumlar da dəstəyini əsirgəməməlidirlər. Ola bilsin ki, bu gün həmin müəssisələr əvvəlki templə gəlir əldə etməsinlər, amma onlar unutmamalıdırlar ki, məhz dövlətin yaratdığı imkanların nəticəsi olaraq indiyədək bu qədər inkişaf edə biliblər”.
İ.Orucovun fikrincə, çətin vaxtda da xalqın yanında olmaq həmin özəl şirkətlər və işəgötürənlərin borcudur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info