Dövlət gənclər siyasətinin yerlərdə uğurla icrasına dəstək vermək, gənclərin dövlətçilik və vətənpərvərlik naminə birgə çalışmaları istiqamətində Qubada Gənclər Şurası yaradılıb.
Quba Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərəcək Şuranın Heydər Əliyev Mərkəzində keçirilən təsis konfransında müxtəlif müəssisələrdə çalışan fəal ictimaiyyətçi gənclərlə yanaşı, aktiv tələbələr, idmançılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova Şuranın yaradılmasının əhəmiyyətindən danışıb, onun fəaliyyət istiqamətlərindən söz açıb.
Daha sonra Şuranın operativ fəaliyyəti üçün 15 nəfərdən ibarət idarə heyəti formalaşıb. İdarə heyəti üzvlərinin yekdil səsverməsi ilə Ramin Xudayev sədr seçilib.
İdarə heyətinin ilk iclasında cari məsələlər müzakirə edilib, üzvlər arasında operativ fəaliyyət üçün iş bölgüsü aparılıb.
Qeyd edək ki, Şura Quba Rayon İcra Hakimiyyəti başçısının 25 yanvar 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. İctimai əsaslarla fəaliyyət göstərəcək Şuranın əsas məqsədi gənclərin milli, mənəvi, intellektual, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə edilməsinə dəstək verməkdir.
Tural
|