“Azərbaycan zəngin qeyri-neft ölkəsinə çevrilə biləcək”
Tarix: 30.01.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Fikrət Yusifov: “Biz dünyaya hələ çox Azərbaycan standartları nümayiş etdirəcəyik”
2015-ci ildə ölkəmiz bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilib və iqtisadi inkişafımız təmin edilib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, dövlətin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır və bütün səylər, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir.
Azərbaycanın son 12 il ərzində böyük, şərəfli inkişaf yol keçdiyini deyən ölkə başçısı qeyd etdi ki, bu müddət ərzində iqtisadiyyatımız 3 dəfədən çox artıb, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 70 faizə çatıb. O da vurğulandı ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməməlidir: “Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın. Həmçinin infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm veriləcək”.
Ölkə başçısının son bir ay ərzində keçirdiyi üç müşavirədə praktik olaraq ortaya qoyduğu Azərbaycan iqtisadiyyatının yeni müstəviyə keçid konsepsiyasını reallaşdırmaq şansları ilə bağlı fikirlərini bildirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd etdi ki, əslində belə bir kurs 12 il bundan öncə götürülüb: “Lakin bu istiqamətdə görülən bütün işlərlə yanaşı, neft pullarının yaratdığı bir ətalət də mövcud idi. Neftin qiymətlərində baş verən kəskin enişlər isə situasiyanı kökündən dəyişdi. Artıq bu sahədə işləri öz axarı ilə aparmaq mümkün deyildi. Elə bu səbəbdəndir ki, Prezident keçən ilin sonlarından başlayaraq real sektorun qarşısında maneəyə çevrilmiş bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atmağa başladı. Yoxlamaların dayandırılması, lisenziyaların verilməsindəki sadələşmələr, gömrük sistemindəki monopoliya buzunun sındırılması, vergi islahatları, bank sistemindəki islahatlar, struktur islahatları və sairə istiqamətlərdə atılmış addımlar bunu təsdiq edir”.
Real sektorun sürətli inkişafını təmin etməklə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaq mümkün olacaqmı sualına gəldikdə isə müsahibimiz bildirdi ki, bu, əlbəttə, mümkündür: “Lakin burada bir vacib məqam var. Hesab edək ki, biz yeni bir avtomobil düzəldirik. Bu avtomobilin mükəmməl bir nəqliyyat vasitəsi olması üçün onun bütün komponentləri eyni səviyyədə keyfiyyətli çalışa bilməlidir. Bu komponentlərdən biri işləməsə və ya pis işləsə, deməli avtomobil ya pis işləyəcək, ya da ümumiyyətlə, işləməyəcək. Bax, iqtisadiyyatın yeni müstəviyə keçidi də eyni prinsiplərə söykənəcəkdir. Yeni mexanizm bütün komponentləri tam çalışdığı halda nəticələr verəcək. Məsələn, deyək ki, inhisarçılıq 100% aradan qaldırılmasa, onda yeni mexanizmin uğurlu işi alınmayacaq. Ona görə də bu komponentlərin hər birinin tam işləməsi təmin olunmalıdır”.
Bank sistemində islahatların iqtisadiyyatın yeni müstəviyə keçidində roluna gəldikdə isə iqtisadçı bildirdi ki, islahatların uğurlu olması üçün müasir bank sistemi qurulmalı və dövrün tələblərinə cavab verən pul-kredit siyasəti aparılmalıdır: “Mərkəzi Bankın müəyyən etdiyi pul-kredit siyasəti o qədər təkmil olmalıdır ki, yeni iqtisadi siyasətin mükəmməl işləməsini təmin edə bilsin. Baxın, əgər iqtisadiyyatı canlı bir varlığa bənzətsək, onda onun damarlarındakı qan pul-kredit sistemidir. Əgər bu sistemin normal fəaliyyəti yoxdursa, deməli, damarlarda axan qan xəstədir və bu xəstə qan orqanizmin başqa üzvlərini də tezliklə sıradan çıxarmağa başlayacaq və sonda onu tamamilə çökdürəcək. Bu gün ölkənin maliyyə sistemində yaranmış müəyyən gərginliklərin kökündə məhz pul-kredit siyasətində yol verilmiş səhvlər dayanır”.
Ölkə başçısının sözlərinə görə, islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. Azərbaycan qeyri-neft ölkəsi kimi də dünyaya nümunə göstərilə biləcəkmi sualına cavab olaraq F.Yusifov bildirdi ki, “Mən buna əminəm. Prezidentin götürdüyü kurs, qısa müddət ərzində atılmış addımlar və yaxın dövr üçün nəzərdə tutulan proqramlar deməyə əsas verir ki, biz bu çətinliyi arxada qoyub, tam təminatlı bir iqtisadiyyat formalaşdıra biləcəyik. İnanıram ki, İlham Əliyev Azərbaycanı zəngin qeyri-neft ölkəsinə də çevirə biləcək. Biz dünyaya hələ çox Azərbaycan standartları nümayiş etdirəcəyik. Bu işdə hər birimiz dövlət başçısına dəstək olmalı, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info