Turizmin inkişafı üçün sərnişindaşımada xidmət təkmilləşdirilməlidir
Tarix: 20.02.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Ekspertlərin hesablamalarına görə,
ölkədən məmnun gedən hər bir xarici
ölkəmizə gəlmək istəyən 3 adama,
narazı gedən isə 10 adama təsir edə bilir”


Turizm sektoru Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında xüsusi yer tutur. Fəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindən biri turizmdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və bununla da getdikcə turizm daha geniş vüsət alır. Onu da qeyd edək ki, turizm sadəcə maraq və dəb deyil, bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati tələbatdır. Ölkəmizdə prioritet sahə olan turizmin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Turistlərin marağına
səbəb olacaq hər bir
vasitədən istifadə edilməlidir


Azərbaycanda müxtəlif illərdə turizmin inkişafına dair iki dövlət proqramı təsdiq olunub. 2002-2005-cü illər və 2010-2014-cü illəri əhatə edən dövlət proqramları bir neçə istiqaməti ehtiva edir ki, burada infrastrukturun inkişafı, ölkənin turizm potensialının təbliği, turizm sahəsində işləmək üçün kadrların hazırlanması, cəlbedici turizm məhsullarının yaradılması, turizm sahəsində əməkdaşlığın qurulması və digər sahələr öz əksini tapıb. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə yaxın gələcəkdə turizmin dayanıqlı və sürətli inkişafına zəmin yaradıb. Respublikamızın hər bir guşəsində turizm-istirahət mərkəzlərinin, yay turizmi ilə yanaşı, qış turizminin də yaradılması, dünya standartlarına cavab verən ən müasir mehmanxana və hotellərin inşa edilməsi Azərbaycanda turizmin dünya miqyasında tanınmasına, bu sahəyə daha böyük maraq göstərilməsinə səbəb olub. Son illərdə ölkəmizdə turizm yeni inkişaf mərhələsinə qədəm qoyub, qeyri-neft sektorunda gəlirli bir sahəyə çevrilib. Nazirlik tərəfindən 2012-ci il ərzində 37 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib. Onlardan 11-nə 5 ulduz, 20-nə 4 ulduz, 4-nə 3 ulduz, 2-nə 2 ulduz kateqoriyası verilib. Son illərdə turizm sahəsində keçirilən islahatlar və bu sektora dövlət qayğısı nəticəsində müsbət dinamika müşahidə olunur. Son beş ildə Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının bir neçə dəfə artması isə turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir. Ölkəmizdə bu sektorun inkişafının nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Belə ki, ötən il Azərbaycana gələn turistlərin sayı 2011-ci illə müqayisədə 7-10 faiz artıb. Bu gün artıq ölkəmizə səfər edən turistlər yeni istirahət məkanları, yaraşıqlı binalar, əyləncə mərkəzləri ilə tanış olmaq imkanı əldə edirlər. Bunun nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bu da bir faktdır ki, turizmin inkişaf etdiyi ölkələr turistlərin marağına səbəb olacaq hər bir vasitədən istifadə edirlər. Onlar üçün müxtəlif yeniliklər tətbiq edərək çalışırlar ki, heç bir turist həmin ölkədən narazı getməsin və yenidən bir daha buraya səfər etsin. Bu baxımdan ölkəmizdə turizm sektorunu daha da inkişaf etdirmək, turist axınını daha da artırmaq istiqamətində daha çox işlərin görülməsinə ehtiyac var. Mütəxəssislərin fikrincə, turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi qaldırılmalıdır. Həmçinin regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşdüyü bildirilir. Problemlərdən biri kimi otellərdə qiymətlərin baha olması kimi amillər göstərilir. Hazırda bu istiqamətdə mövcud problemlərdən biri də sərnişin nəqliyyatı ilə bağlıdır ki, ölkəmizə səfər edən turistlərin heç də hamısı səfər müddətində şirkətin nəqliyyatından yararlanmır. Nəticədə sərnişin nəqlyyatından istifadə etməli olur. Lakin bu gün paytaxtdakı marşrut avtobuslara nəzər saldıqda heç də xoş təəssürat yaratmır. Belə ki, bu gün marşrut avtobuslar böyük ölçüdə olsa da, içərisində cəmi bir neçə oturacaq var ki, onların da əksəriyyəti çirkli vəziyyətdədir. Yaxud içərisində müxtəlif zibillərə rast gəlmək mümkündür. Bu da təbii ki, həmin marşrut avtobusdan istifadə edən turistdə heç də müsbət rəy formalaşdırmır.

Xaricdə avtobuslarda
“ağıllı anons” və yazı
sistemləri tətbiq edilir


Qeyd edək ki, bu gün xarici ölkələrdə turist cəlbi məqsədilə müxtəlif yeniliklər tətbiq edilir. Belə ki, Türkiyədə turistlərə daha yaxşı xidmət təqdim etmək ticarətlə məşğul olan şəxslərə ingilis və ərəb dillərini öyrənməyə başlayıblar. Bu məqsədlə onlara kurslar təşkil edilib. Məsələn, Bursaya gələn turistlərin rahat alış-veriş etmələri üçün təşkil edilən kursda ilk olaraq 194 ticarət adamı iştirak edib ki, 120 saat davam edəcək kursda dil kursundan sonra diksiya, ictimaiyyətlə əlaqələr kimi kurslara da davam ediləcək. Ticarətlə məşğul olan şəxslərin ən az iki dil bilməsi nəzərdə tutulur. Məqsəd odur ki, ticarətçilər turistə ucuz qiymətə olan malı baha qiymətə satmasın və bununla növbəti səfər üçün maraq oyatsın. Eyni zamanda taksi sürücülərinə ingilis dili kursları keçilir. Məqsəd xaricilərə daha rahat səyahət etmələrini təmin etməkdir. Bu şəkildə xidmət görən turistlər sonrakı il ölkəyə gəlmədən öncə həmin taksi sürücüsünə zəng edərək sifariş verirlər. Eləcə də xarici dil bilmək taksi sürücüsünə imkan verir ki, hansısa tarixi bir abidənin yanından keçərkən turistə ən azından onun tarixi barədə məlumat verə bilsin. Bu baxımdan sərnişindaşıma nəqliyyatında da böyük dəyişikliklər var. Bu gün artıq avtobuslarda rəqəmsal çevriliş baş verib. Müştəri xidmətləri, avtobusların təmizliyi, hətta əlil vətəndaşlar üçün də şərait yaradılıb. Avtobuslar internet, naviqasiya sistemləri ilə təchiz edilib. Hətta sərnişinlər telefonlarından avtobusun neçə dəqiqə sonra dayanacaqda olduğunu görüb ödəməyi telefonla edə biləcək. Cari ildə kondisionersiz heç bir avtobus qalmayacaq. Artıq bütün avtobuslarda “ağıllı anons” və yazı sistemləri tətbiq edilib. Dayanacaqlara “ağıllı etiket” cihazları yerləşdiriləcək. Mobil telefonu yaxınlaşdırdıqda dayanacaqdan keçəcək avtobusla və yolla əlaqədar məlumatlar görmək mümkün olacaq. Hətta “Android” tipli mobil telefon istifadəçiləri rəsm çəkərək dayanacaqdakı səfər saatlarını göstərən cədvəlin altındakı “barkodu” oxutmaqla avtobusun səfər müddətini öyrənə bilirlər. Eləcə də sərnişin sürücü ilə bağlı şikayətini həmin an çatdıra biləcək ki, əlaqədar qurum da həmin sürücüyə həmin an ekrandan xəbərdarlıq edə biləcək. Digər bir yeniliksə elektriklli avtobusların tətbiqidir ki, həmin avtobuslardan turistlər mobil telefon vasitəsilə keçdikləri yerlə bağlı məlumat ala biləcək. Beləliklə, bu kimi yeniliklərin tətbiqi, təbii ki, ölkəyə gələn hər bir turist üçün əlverişlidir.

Avtobusların ötüşməsini,
sürücülərin kobud
davranışlarını, sükan
arxasında siqaret çəkmələrini, telefonla danışmalarını
yığışdırmaq lazımdır


ATİ-nin Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov bildirdi ki, kütləvi nəqliyyat insanlar üçün əsas nəqliyyat vasitəsidir və Bakı şəhərində xırdatutumlu avtobusların iritutumluları ilə əvəz edilməsini müsbət hal kimi qiymətləndirmək olar: “Bir çoxları kimi mən də bu məsələyə ilk vaxtlar sevinirdim. Düşünürdüm ki, nəhayət iqtisadiyyatı analoqu olmayan sürətlə inkişaf edən ölkəmizdə, nəhayət ki, beynəlxalq standartlara uyğun nəqliyyat sektoru yaradılır. Lakin hazırda bu sahədə problemlər hələ də var. İritutumlu avtobusların Bakının dar küçələrində bir-birilə ötüşməsi, sürücülərin kobud davranışları, avtobusları harada gəldi saxlamaları, sükan arxasında siqaret çəkmələri, telefonla danışmaları, radio və ya maqnitofona yüksək səs vermələri, sərnişinlərin haqlı iradlarına kobud cavab vermələri, avtobusların sınıq-salxaq, cırılmış oturacaqları və s. kimi halları görmək olar. Hesab edirəm ki, bu işlə məşğul olan səlahiyyətli qurum olan Nəqliyyat Nazirliyi bu istiqamətdə bir sıra işlər görməlidir. Çünki KİV-lərdə də bu sahədə bir sıra problemlərin olduğu da qeyd edilir və lakin hələ də problemlər qalmaqdadır. Hər gün avtobusların iştirakı ilə yol qəzalarının sayı durmadan artır”. B.Bilalovun sözlərinə görə, xarici ölkələrə səfər zamanı, yəqin ki, bu sahədə ictimai nəqliyyatdan istifadə zamanı fərqi görmək mümkündür: “Axı xarici ölkələrin heç birində yuxarıda sadaladığım və sadalamadığım problemlərə rast gəlinmir. Avtobuslar təmiz, oturacaqlar səliqəli, sürücülər nəzakətli, hamısı xüsusi formalarda, ancaq dayanacaqlarda minib düşmək mümkündür, dayanacaqlar elan edilir və s. Ölkəmizə gələn xarici qonaqların sayı ildən-ilə durmadan artır və təbii ki, onların xeyli hissəsi Bakı şəhərində olarkən ictimai nəqliyyatdan istifadə edirlər. Onların xalqımız və ölkəmiz haqqında hansı təəssüratlarla ölkələrinə dönmələrini təsəvvür etmək o qədər də çətin deyil. Gələn qonaqların ölkəmizdən mənfi təəssüratla ayrılmalarının nəticəsində onların antireklamçılara çevrilməsini istəməzdik. Bizdə bəzi sahələrdə olduğu kimi sərnişindaşımada xidmətin təkmilləşməsinə ehtiyac var. Ekspertlərin hesablamalarına görə, ölkədən məmnun gedən hər bir xarici ölkəmizə gəlmək istəyən 3 adama, narazı gedən isə 10 adama təsir edə bilir. Biz bu istiqamətdə ancaq müsbət rəy formalaşdırmalıyıq”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info