Ağstafa rayonunda fəal gənclər mükafatlandırılıblar. Gənclər Günü münasibətilə keçirilən tədbirdən əvvəl Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri
düzülüb.
AZƏRTAC xəbər verir ki, “Yazıçılar Evi”ndə davam etdirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ilin fevralın 2-də Azərbaycan gəncliyinin birinci forumu keçirilib, daha sonra gənclər üzrə dövlət siyasətini tənzimləmək üçün Gənclər və İdman Nazirliyi təsis edilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayon gənclərinin ictimai, elm, idman və mədəni sahələrdə fəallığının təmin edilməsi, eləcə də onların məsul dövlət vəzifələrində irəli çəkilməsi istiqamətində zəruri addımlar atılıb. Gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, müasir dünya görüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili üçün müasir tələblərə cavab verən rayon Gənclər Mərkəzi yeniyetmə və gənclərin ixtiyarına verilib.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov ötən il görülmüş işlər barədə hesabatla çıxış edib.
Bir qrup fəal gəncə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
|