“Gənclərlə görüşdə Prezident gələcək strateji xəttimizi göstərdi”
Tarix: 03.02.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Vüsalə Novruzlu: “Gənclər Gününün keçirilməsi biz gənclərə verilən diqqət və dəyərin bir göstəricisidir”
Xaricdə yaşayan və təhsil alan gənclər üçün vətən məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki onların hər bir addımı, davranışı Azərbaycanın adına bağlıdır. Xüsusən son illər xaricdəki gənclərin ictimai fəallığı gücləndirmələri, onların vətən məsuliyyətini ikiqat artırıb. Bu baxımdan Gənclər Günü bayramının sevincindən xaricdəki gənclərimizə daha çox pay düşür.Sakarya Universitetinin magistri Vüsalə Novruzlu qəzetimizə müsahibəsində bayram sevincini bizimlə bölüşüb.
- Dövlətin gənclər siyasəti öz effektini necə verir?
- Öncə Azərbaycanda Gənclər Gününün qısa tarixi və o tarixə qədər Azərbaycan gəncinin düşüncəsi haqqında qısa məlumat vermək istərdim. Bildiyimiz kimi, ölkəmiz müharibə şəraitində yaşayan bir ölkədir.1988-1992-ci illərdə Azərbaycanın qərb hissəsində yerləşən Dağlıq Qarabağ hissəsindən Ermənistanın torpaq istəyi və Dağlıq Qarabağ zonasında aparılan mübaribə nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozuldu. Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşiliklər və cəbhədə gedən uğursuz savaşlar gənclərimizi bədbin düşünməyə vadar etdi. 1991-ci ilin 18 oktyabrında xalqımız öz dövlət müstəqilliyini elan etsə də, ölkəmizdə böhranlar, savaşlar davam etməkdə idi. Həmin illərdə iqtisadi-siyasi tərəfdən böyük sıxıntılar yaşayan xalqımızı bu vəziyyətdən yalnız və yalnız gələcəyə sağlam ümidlə baxan gənclərimizin bilik və bacarıqlarına dayanaraq atacaqları düşünülmüş və məqsədyönlü addımlar xilas edə bilərdi. Bir millətin, dövlətin millət, dövlət olaraq iqtisadi-siyasi baxımdan öndə gedən ölkələrlə rəqabət apara bilməsi üçün intellektual, savadlı və ən əsası da işində mütəxəssis olmuş gənclərə ehtiyac duyulduğu qaçılmaz bir faktdır. Həmin dövrlərdə yaşayan gənclərimiz bunu çətinliklə də olsa bacardılar. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə MDB məkanında, həmçinin Şərqi Avropa ölkələrində ilk dəfə olaraq 2 fevralın 1996-cı ildən ölkəmizdə Gənclər Günü kimi qeyd olunması elan edildi. Həmin tarixdən bu yana hər il 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmaqdadır. Dünyada isə Gənclər Günü 1998-ci il 12 avqust tarixində Lissabonda keçirilən konfransdakı qərardan sonra qeyd olunmağa başlanıb.
-Bir gənc olaraq 2 Fevral-Gənclər Gününün mahiyyəti haqqında nə deyə bilərsiz?
-2 Fevral-Gənclər Gününün qeyd edilməsi gənclərimizə verilən qayğı və diqqətin bariz nümunəsidir. Həmin günü Azərbaycan gəncləri öz bayramlarını təntənəli surətdə qeyd edirlər. Gənclərimizə ayrılan diqqət və qayğı hələ ötən əsrin sonlarından bəllidir. Belə ki, 1970-1980-ci illərdə azərbaycanlı gənclərimiz SSRİ-nin müxtəlif universitetlərinə daxil olmuşdular. Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürmək biz gənclərdən asılıdır. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması çiçəklənmiş bir gələcək deməkdir. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə Prezident İlham Əliyev bu tövsiyəsini biz gənclərə verdi. “Bizdən sonra hakimiyyətə gələn nəsil də dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalıdır”, -deyən Prezident bununla bizə öz gələcək strateji xəttimizi göstərdi. Bu da dövlətin gənclərinə ayrılan diqqətin bir göstərcisidir. Hansı ölkədə və hansı universitetdə oxumağımızdan asılı olmayaraq biz gənclərin tək bir hədəfi olmalıdır: Odlar Yurdu olan Azərbaycanımızı hər zaman çiçəkləndirmək.
-2 Fevral-Gənclər Gününün keçirilməsi gənclərin düşüncəsinə və həmrəyliyinə necə təsir edir?
-Bu günün keçirilməsi biz gənclərə verilən diqqət və dəyərin bir göstəricisidir. Gənclərimizə verilən stimul mənbəyidir. Biz gənclər də bizə ayrılan bu diqqətin nəticəsi olaraq ölkəmiz üçün əlimizdən gələn hər bir işi görməliyik. Çalışmalıyıq ki, ölkəmiz iqtisadi və siyasi mənada öndə gedən ölkələr sırasında öz sözünü deyə biləcək vəziyyətə gətirək. Bunun üçün aldığımız bilik və təcrübələrimizi sonuna qədər xalqımızın inkişafı üçün yorulmadan tətbiq etməliyik
-Xaricdə təhsil alan gənclərin məqsəd və hədəfləri nələrdir?
-Görkəmli filosof Əvhədi Marağayi hesab edirdi ki, elmsiz heç bir sirri açmaq, kəşf etmək olmaz. Təbiətdə baş verən hadisələrin səbəb və nəticələrini, onların mahiyyətini anlaya bilmək üçün elmin köməyinə ehtiyac duyulmaqdadır. Ə.Marağayinin elmlə bağlı bu çox hikmətli sözləri hər bir insan üçün önəmlidir. Ən önəmlisi isə bu sözlərdən dərs çıxarıb yaşımız neçə olursa olsun, daima elmlə, təhsillə maraqlanmalıyıq. Elmsiz, təhsilsiz insan qaranlıq gecələrdən günəşli sabahlara çıxmayan bir kor kimidir. Hətta bunu öz dəyərli kəlamlarının birində də qeyd etmişdir: “Nursuz kor kimidir elmsiz ürək. Nadan insanlıqdan uzaqdır gerçək”.
Nəzərə almaq lazımdır, ölkənin gələcək bünövrəsi işlərinin peşəkarı olan biz gənclərdən asılıdır. İşlərinin peşəkarı dediyimdə hər bir elmin sirrini bizlərə öyrədən müəllimlərimizi nəzərdə tuturam. Yəni beşikdən qəbir evinə kimi oxumalıyıq. Müəllimlərimizin və valideynlərimizin dəstəyi ilə orta məktəbi bitirdikdən sonra təhsilimizin davamını ya ölkəmizdə, ya da xaricdə davam etdiririk. Xaricdə təhsil alan gənclər olaraq məqsəd və hədəflərimiz böyük olmalıdır və xaricdə təhsil alan gənclər olaraq çiyinlərimizdə daşıdığımız məsuliyyət daha artıqdır. Təhsil, xüsusilə də xaricdə təhsil almağımız bizim üçün önəmli və qaçılmaz bir fürsətdir. Ən böyük hədəfimiz aldığımız teorik və praktik bilgilərimizlə ölkəmizin adını öndə gedən ölkələrlə eyni siyahıda, hətta ön sıralara salmaqdır. Bunun isə tək yolu elmdən keçir. Hətta nəinki öz ölkəmizin, eləcə də dünyanın problemlərinin həll yollarını axtarmaqda öz təklif və fikirlərimizi verməliyik. Unutmayaq ki, gənclikdə elmə ayrılan zaman və maddiyyat qocalığımıza yatırdığımız bir yatırımdır. Yatırımı isə zamanında və vaxtlı-vaxtında etmək lazımdır ki, yaşlananda maddi və mənəvi olaraq kimsəyə möhtac olmayaq.
-Xaricdə təhsil alan gənclərin vətənə bağlılığını daha da gücləndirmək üçün nə edilməlidir?
- İçində gerçək vətən sevgisi olan hər bir insanın vətənə bağlılığını daha da gücləndirmək üçün artıq nəsə etməyə ehtiyac yoxdur. Çünki içində vətən sevgisi olan insan istər öz ölkəsində, istərsə də ölkəsindən kənarda olsa belə, vətəninə olan sevgisi bitməyəcək və bu sevgi hissini heç kim boğa bilməz. Dünya bazarında neftin ucuzlaşması nəticəsində devalvasiyanın olması ölkəmizdən də yan keçmədi. Lakin gənclər olaraq indiki vəziyyətdə lazımi dəstəyimizi əsirgəməməliyik. Bu da bizim vətənə olan bağlılığımızın bir göstəricisi olacaq. Özəlliklə də xaricdə təhsil alan gənclər olaraq üzərimizdəki məsuliyyət daha da çoxdur. Hazırda Türkiyənin dörd bir tərəfində yerləşən istər dövlət, istərsə də özəl universitetlərində xarici ölkələrdən gələn əcnəbi tələbələr, eləcə də Azərbaycandan gələn gənclərimiz müxtəlif sahələrdə təhsil alırlar. Magistr təhsili aldığım Sakarya Universitetində 500-dən çox azərbaycanlı tələbə var. Universitetdə təhsil alan tələbələrimizin sayının az, ya da çox olması önəmli deyil. Önəmli olan odur ki, 1 nəfər belə, təhsil alan varsa, həmin gəncimiz oxuduğu universitetdə, özəlliklə də qondarma erməni soyqırımı, Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bir sözlə, Azərbaycan həqiqətlərini həmin universitetdə təhsil alan digər əcnəbi tələbələri məlumatlandırmalıdırlar. Xaricdə təhsil almaq əsas deyil. Əsas olan odur ki, aldığın bilik və təcrübələri ölkənin parlaq gələcəyi üçün istifadə edəsən. Xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə unutmamalıdır ki, həmin tələbə təhsil aldığı ölkədə və universitetdə ölkəsini təmsil edən bir diaspordur. Diasporun güclü, ya da zəif olması savadlı gənclərdən asılıdır. Ölkənin gələcəyi biz gənclərdən asılıdır. Gənclərin gələcəyi isə oxumaqla bağlıdır. Təhsilsiz insan iki qanadı da qırıq olan quş kimidir. Uçmaq istəsə də uça bilməyəcək.
Sonda ölkəmizə sağlam düşüncəli gənclər arzulayıram. Mənə verdiyiniz fürsətdən istifadə edərək Azərbaycan Öyrənci Topluluğu sədrinin yardımçısı, “İndex” təşkilatının Bolu üzrə təmsilçisi, həmçinin Gənclərin Sosial Tərəfdaşlığı İctimai Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi adından Azərbaycanda yaşayan gənclərimizi, eləcə də xaricdə təhsil alan, işləyən gənclərimizi 2 Fevral-Gənclər Günü münasibəti ilə ürəkdən təbrik edir, işlərində və təhsillərində uğurlar arzulayıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info