Ənənəvi müxalif başçıların siyasi və iqtisadi təfəkkürləri daha da “rudimentləşib”
Tarix: 04.02.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Azər Həsrət:“Nəinki irəli gedə bilmirlər, əksinə, hər il bunların geri getdiyini görürük”

Ənənəvi müxalifət başçılarının dövlətçilik şüurunun olmaması, onların vaxtilə təsadüf nəticəsində, kütlə üzvləri olaraq hakimiyyəti 1992-ci ildə ələ keçirməsi faktdır. Onların siyasi və idarəetmə bacarıqsızlıqları həmişə özünü ən çılpaq formada büruzə verib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Gənclər Günü ilə bağlı Azərbaycan gənclərinin nümayəndələri ilə görüşündə bu barədə fikirlərini bildirdi və AXC hakimiyyətinin yarıtmazlığı ilə bağlı faktlara əsaslanan məqamları misal çəkdi.
Doğrudan da, 25 ildir ki, siyasi arenada “ya zəlzələdən-ya vəlvələdən” peyda olmalarına baxmayaraq, Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn və digər müxalif “liderlər” hələ də dəyişən dünyanın, təfəkkürün tələblərinə və çağırışlarına cavab verə bilmirlər. Onların fəaliyyətlərində siyasi, iqtisadi və hətta tarixi baxımdan savadsızlıq, dünyagörüşü yoxsulluğu dəfələrlə özünü büruzə verib. Dəfələrlə sübut olunub ki, müxalifət ümummilli və ictimai mənafelərə uyğun savad və düşüncə tərzinə malik deyil. Əslində isə müxalifət üçün dövlət, millət, ictimaiyyət adlı ali məfhumlar yoxdur. Onlar yalnız sırf maddi maraqlarından, firqə-qrup mənafeyindən irəli gələn istənilən təklifləri, hətta antimilli təklifləri qamarlamağa hazırdırlar. Çünki bu cür müxalif başçılarda dövlətçilik əhvali-ruhiyyəsi və milli təəssübkeşlik hissi çox aşağı səviyyədədir. Onlar üçün əsas olan dövlət, müstəqillik, milli hisslər deyil. Siyasi bacarıqsızlıqları və səbatsızlıqları üzündən iqtidardan düşüb, müxalifətə keçəndən bəri, onlar sırf xarici dairələrin tapşırıqlarını və ödənişli sifarişlərini yerinə yetirmək hisslərini inkişaf etdiriblər. Təəssüf ki, bu müddətdə onların siyasi və iqtisadi təfəkkürləri daha da “rudimentləşib”. Buna görə də onları ruhən cəmiyyətlə heç nə bağlamır, sosial bazaları yoxdur və siyasi “proqramları” da ictimaiyyətdə qəbul edilmir. Çünki mahiyyətcə, fəaliyyət və təklifləri bir qayda olaraq müstəqil dövlətin möhkəmlənməsinə zidd olan məsələlərdir. Onlar bir qayda olaraq xarici dairələrin Azərbaycanla bağlı sifariş və tapşırıqlarını yerinə yetirməkdə “yarınırdılar”. Amma son zamanlar cəmiyyət tərəfindən tam etimadsızlığa məhkum edildiklərinə, heç bir nüfuzları qalmadıqlarına və həm də xaricdən aldıqları qrantları, maliyyə vəsaitlərini dağıtdıqlarına, şəxsən mənimsədiklərinə görə, xaricilər də onları istifadəyə yararsız bilir. Bütün bunlara görə də cəmiyyət onları yaxşı tanıyır və lazım olduğu qiyməti verir.
Müxalifət başçılarının iqtisadi savadsızlığı ilə bağlı indiyə qədər yetərincə fikirlər bildirilib və faktlar ortaya qoyulub. Bu, onların indiyə qədər heç bir konkret, alternativ və düşünülmüş iqtisadi platforma ortaya qoymadıqlarında da özünü göstərir. Nahaq yerə demirlər ki, Azərbaycan müxalifətinin ən zəif yeri iqtisadiyyatdır. İqtisadiyyatı çox zəif bildikləri üçün iqtisadi, sosial məsələlərin həllinə dair çox bəsit təsəvvürləri var. Amma buna baxmayaraq, Əli Kərimli kimi müxalif “liderlər” dünya böhranı və neftin qiymətlərinin kəskin enməsi nəticəsində baş vermiş devalvasiya şəraitində birdən ortaya çıxıb, “Məsuliyyəti öz üzərimə götürməyə hazıram” deyimi ilə bir avantüraya “imza atdı”. Bu adama demək lazımdır ki, indiyə qədər heç vaxt bir iqtisadi platforma və ya təkliflə, proqramla ortaya çıxmamısınız, yalnız seçkilər vaxtı “ağı” janrında səsləndirdiyiniz fikirlərlə, dedi-qodularla seçicilərin sizə olan ikrahını daha da artırmısınız, iqtisadiyyatın ən sadə məsələlərindən başınızın çıxmadığı dəfələrlə faş olunub. İndi birdən-birə hansı “məsuliyyəti” üzərinizə götürəcəksiniz? Bu camaat bir illik hakimiyyətiniz dövründə sizin hansı “məsuliyyət”ə(daxili didişmələr, silahlı qarşıdurmalar, separatizmin alovlanması, hakimiyyətdaxili çəkişmələr, cəbhə xəttində xəyanətlər və hərc-mərclik, xarici və daxili siyasətdə rüsvayçı uğursuzluqlar) malik olduğunuzu çox yaxşı xatırlayır. Belə olduğu halda, “məsuliyyəti öz üzərimə götürməyə hazıram” tipli müştəbehlik ictimaiyyətdə yalnız sarkazm doğura bilər. Çünki sizin anarxik mahiyyətinizdən fərqli olaraq, bu gün Azərbaycan cəmiyyəti, gəncləri cəmiyyətimizdə baş verən köklü dəyişikliklərin, müasirləşmə prosesinin fəal iştirakçılarıdırlar və sözün həqiqi mənasında dövlətin qayğısını, dəstəyini hiss edirlər. Azərbaycan cəmiyyəti və gəncliyinin mövqeyi birmənalıdır və onu dəyişmək əlikərimlilərin işi deyil.
Bu barədə bizə fikirlərini bildirən Cənubi Qafqaz və Orta Asiyada Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət qeyd etdi ki, əslində, cənab Prezident bir daha müxalif kəsimə xatırlatdı ki, siz uğur qazana bilmirsiniz, heç bir irəliləyiş əldə etmək imkanınız yoxdur: “Doğrudan da, müxalifətin önündə getdiyini iddia edənlərin taktikası eyni, nəticələri də eynidir. Yəni nəinki irəli gedə bilmirlər, əksinə, hər ötən il bunların geri getdiyini görürük. Cənab Prezident də gənclərlə görüşündə bu məsələyə diqqət yetirdi və yetişməkdə olan gənc fəallara bir növ yol göstərmiş oldu. Məncə, müxalif fəallar da bundan öz hesablarını götürməlidirlər. Yəni onlar da geri dönüb özlərinə bir hesabat verməlidirlər ki, niyə bu illər ərzində heç bir uğur qazana bilmirlər, hələ bir geri də gedirlər?”
Belə görünür ki, ənənəvi müxalifət başçıları özlərinə hesabat vermək səviyyəsində də düşünə bilmirlər. Onlar hətta, ən adi bir insanın etməli olduğu bu işin belə, məsuliyyətini boyunlarına götürmək səviyyəsində deyillər...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info