“Kəndli əmin olmalıdır ki, onun məhsulu zay olmayacaq”
Tarix: 04.02.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Ölkəmizin yeni mərhələdə dünyada gedən sosial-iqtisadi, hətta siyasi nizamsızlıqlardan, təsirlərdən qorunma qabiliyyətinin gücləndirilməsi, müqavimətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər məqsədyönlülüyü ilə seçilməkdədir. Dövlət miqyasında, xüsusən Prezident İlham Əliyevin ciddi nəzarətində olan bu məsələlər, iqtisadi proseslərin tənzimlənməsində milli-iqtisadi maraqların üstün tutulması ilə həyata keçirilməkdədir.
Dünya bazarında tarazlığın itməsi, neftin qiymətinin 3-4 dəfə ucuzlaşmasına təsir edən subyektiv amillərin təsiri faktının günbəgün təsdiqlənməsi, ölkələrarası iqtisadi və siyasi əlaqələrin hədsiz aşağı düşməsi, demoqrafik tarazlığın pozulması (miqrant problemlərinin yaşanması), milli valyutaların devalvasiyaya uğraması, demək olar ki, bütün ölkələrin iqtisadiyyatlarına öz mənfi təsirlərini göstərməkdədir. Nəticədə isə yaranan neqativ hallar ümumilikdə dünya iqtisadiyyatında tənəzzül meyillərinin müşayiət olunmasına gətirib çıxarmışdır.
Belə olan halda, ölkələrin iqtisadi sıxıntılardan qurtara bilmə qabiliyyətlərinin çevik vəziyyətə gətirilməsi orada düşünülmüş, məqsədyönlü iqtisadi siyasətin yeridilməsi tədbirlərini qaçılmaz etməkdədir. Antiböhran proqramlarının qəbulu və uğurlu icra edilməsi, bu istiqamətdə makroiqtisadi siyasətin həyata keçirilməsi, qənaətçilik istiqamətində qətiyyət göstərilməsi, iqtisadi fəaliyyətin bütün sahələrində şəffaflığın təmin edilməsi, sahibkarlığa sağlam və faydalı şəraitin yaradılması, iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsi, idxaldan asılılığın minimuma endirilməsi, ixrac potensialının və rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılması, yerli istehsalın təşviqinin işlək mexanizmlər vasitəsilə həyata keçirilməsi özünün aktuallığı ilə seçilməkdədir.
Elə bu məqsədlə, 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ölkə başçısı İlham Əliyevin bu məsələləri əhatə edən çıxışı ilə yadda qaldı. Müşavirədə ötən illərdə ölkə iqtisadiyyatının inkişaf vəziyyəti, hazırkı şəraitdə iqtisadiyyatımızın dünya miqyasında baş verən xoşagəlməz halların təsirindən qorunması, eyni zamanda gələcək inkişaf istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi məsələləri əhatəli şəkildə müzakirə edildi.
Dünya iqtisadi, siyasi və hərbi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının artdığını qeyd edən ölkə başçısı bildirdi ki, bu, özünü ötən 2015-ci ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul həcminin 1 faizdən çox, sənaye istehsalının 2,4 faiz, qeyri-neft sənayesinin isə 8,4 faiz artmasında göstərmişdir.
Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, həyata keçirilən iqtisadi siyasətin əhalinin firavan yaşayışına hesablandığını, dayanıqlı, çoxşaxəli, səmərəli regional siyasətin bərqərar olunduğunu, beynəlxalq təcrübəyə əsaslanan və müasir dünya gerçəkliklərilə səsləşən milli iqtisadiyyatın inkişaf etdirildiyini, bütün bunların fonunda isə güvənilən, etibar edilən Azərbaycan dövlətinin bundan sonrakı tərəqqisi naminə hər kəsin sədaqətlilik borcunun böyük olduğunu bəyan edən Prezident 2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulduğunu da bildirdi.
“Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik” deyən dövlətimizin başçısı, bu istiqamətdə qeyri-neft sektorunu xüsusi qeyd etdi. Əsasən kənd təsərrüfatı, sənaye və xidmət sektoruna investisiyaların yatırılmasının önəminə diqqət çəkdi. Çünki burada ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq məsələlərin üstünlüyü diqqətdə saxlanılmalıdır.
Ölkə iqtisadiyyatının gəlirliliyinin artırılması, sosial siyasətin dayanıqlığının təmin olunması, iqtisadi idarəetmənin daha da təkmilləşdirilməsi, sahibkarlığın inkişafına təkan olacaq mühitin bərqərar edilməsi, yeni istehsal sahələrinin təşviqinin stimullaşdırılması və s. məsələlərin həllini qarşıdakı mərhələlərdə strateji hədəflər içərisində olduğunu bildirdi. Bunun üçün xarici investisiyalarla yanaşı, yerli sahibkarların da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalı olduqlarını ifadə etdi. Ölkə başçısı bütün bunları dəyərləndirərək dedi: “...Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna-istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar.”
Doğrudan da, belədir. ÇünkiAzərbaycan dövləti öz iqtisadiyyatının, öz sahibkarlarının yanındadır. Daim çalışır ki, ölkəmizdə şəffaf mexanizmlər işlək olsun, təsərrüfat subyektləri sərbəst iqtisadi fəaliyyətlə məşğul olsunlar, onların maliyyə-iqtisadi təminatları gücləndirilsin və milli iqtisadi inkişafı ən yüksək səviyyədə təmin etsinlər. Təkcə ötən il sahibkarlara güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir ki, burada da böyük çəki aqrar sektora, regionlara məxsusdur. Ümumiyyətlə, fəaliyyətlərinin daha da stimullaşdırılması məqsədilə 5 min 240 sahibkara güzəştli kreditlər verilib.
Ölkə başçısı dünya iqtisadiyyatında müşahidə edilən tənəzzül meyillərindən qətiyyətlə qorunmaq, ölkə iqtisadiyyatının müqavimət gücünü artırmaq, daxili istehsalı stimullaşdırmaq, yeni iş yerlərinin yaradılmasını təmin etmək, bununla da işsizliyin minimuma endirilməsinin zəruriliyini xüsusi vurğuladı. Bu istiqamətdə qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafını prioritetlərə aid etdi. Burada hər kəsin qarşısında sistemli, əlaqəli, dinamik və çevik vəzifələrin olduğunu bildirdi.
Məlumdur ki, ölkəmizdə 1995-ci ildən etibarən iqtisadi islahatlar başladılıb. Dövlət Mülkiyyətinin Özəlləşdirilməsini özündə əks etdirən eyniadlı Dövlət Proqramı qəbul edilmiş və xüsusi mülkiyyətin hökmranlığı ilə özəl sektorun fəaliyyət mexanzimləri müəyyənləşdirilmiş və bu amilə uyğun olmaqla, yeni təsərrüfatçılıq formalarının yaradılması təmin edilmişdir. İqtisadi islahatların isə əsas mahiyyəti əsasən öz başlanğıcını kənd təsərrüfatından götürməsindən ibarət oldu. Keçmiş iqtisadi sistemin iqtisadi idarəetmə mexanizmləri əsasında idarə olunan sovxoz və kolxozların islahatının aparılması və onların bazasında kəndli-fermer və digər xüsusi mülkiyyətlə bağlı olan təsərrüfatların yaradılması prosesləri başladıldı. Yəni müasir bazar münasibətləri şəraitinə uyğun idarəetmə mexanizmlərinin əsasları qoyulmuş oldu. Belə bir şəritdə aqrar sektorun maddi-texniki bazasının gücləndirilməsi, kəndli-torpaq (aqrar) münasibətlərinin faydalılığı, kənd təsərrüfatının milli iqtisadi inkişafa təkan ola biləcək səviyyədə inkişaf etdirilməsi, daha doğrusu, qeyri-neft sektorunun sürətli və çevik inkişafından ibarət hədəflərimizə uyğun səviyyəyə yüksəltmək zəruri məqsədlərimizi təşkil edirdi. Xüsusi olaraq onu göstərək ki, ulu öndər Heydər Əliyevin əsaslarını müəyyən etdiyi neft strategiyası öz strateji inkişafı ilə keçən müddət ərzində ölkəmizdə qeyri-neft sektorunun müasir mərhələdəki dəstək olma qabiliyyətlilyi üçün güclü hüquqi-iqtisadi baza formalaşdıra bilmişdir. Hazırkı mərhələdə isə onun qarşıdakı mərhələlər üzrə səmərəli təşkilatlanmasına diqqəti artırmaq lazım gəlir.
Qeyd edək ki, hazırkı mərhələdə də ölkələrdə yeni müharibə ocaqlarının yaranması, iqtisadi sarsıntıların tüğyan etməsi, ölkələr, hətta materiklərarası miqrant problemlərindən ibarət demoqrafik tarazlığın pozulması, iqtisadi potensialların tükənmək təhlükəsi, bütün bunların fonunda isə dünya iqtisadiyyatının zəifləməsi bizim də ölkəmizdə qabaqlayıcı, məqsədyönlü, uzaq gələcəyə hesablanmış və effektiv tədbirlərin həyata keçirilməsini şərtləndirməkdədir. Düşünürük ki, ölkə iqtisadiyyatının sahə strukturunda əsas yeri olan kənd təsərrüfatının davamlı inkişafı istiqamətində fəaliyyətin aşağıdakı istiqamətlərdə qurulması faydalı ola bilər:
1. Vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin məqsədəuyğun, vaxtında və səmərəli istifadə edilməsinə nəzarət edilməlidir. Yəni yerli özünüidarə orqanları (bələdiyyələr) bu işlərdə çeviklik etdirməlidir. Konkret olaraq, ya stimul, yaxud da tələb əsasında bu işlərə diqqət artırılmalıdır.
2. Müxtəlif maarifləndirici vasitələrlə kəndlilərin (torpaq istifadəçilərinin və ya məhsul istehsalçılarının) səmərəli fəaliyyətə istiqamətləndirilməsinin təmin edilməsi. Əsasən ucqar dağ kəndlərində yaşayan insanların fəaliyyətlərinin stimullaşdırılması üçün müəyyən məsafədə qəbul məntəqələrinin istifadəyə verilməsini zəruri hesab edirik. Kəndli, istehsalçı əmin olmalıdır ki, onun məhsulu zay olmayacaq və o, məhsulunu istehsal edəcəyi anda təhvil verəcək.
3. Qəbul məntəqəsinin fəaliyyət mexanizmlərinin işlənib hazırlanması zamanı (onun adını əlaqələndirici mərkəz kimi də ifadə edə bilərik) onun ümumi xarakter daşıması da təmin edilməlidir. Yəni kənd təsərrüfatına aid məhsulların bütün növlərin qəbulu bu məntəqədə təmin edilə bilər. Elə kəndlilərimiz var ki, onların öhdəsində torpaq sahələri olsa da, heyvandarlıqla məşğul olmaları üçün təsərrüfatları olmaya da bilər. Belə olan halda, onlar əkib-becərməyə heç də maraq göstəmək istəmirlər. Ancaq qəbul məntəqələri və yaxud əlaqələndirici mərkəzlərin olması onları yenə də əkib becərməyə stimul verəcək, hətta onların heyvandarlığa olan maraqlarını da artırmış olacaq. Üzümçülük, əkinçilik, heyvandarlıq, quşçuluq və s. sahələrə aid məhsulların istehsalının və satışının çevikliyinin əlverişli yollarından biri kimi bunu önəmli hesab edirik.
4. Regionlarda yaradılacaq qəbul məntəqələrinin və əlaqələndirici mərkəzlərin bir-biri və emal müəssisələri ilə sıx əlaqələri təmin edilməlidir. Bu məntəqə və ya mərkəzlər daxili bazarlara olan tələbatı müntəzəm olaraq öyrənməli, ümumiyyətlə, marketinq xidmətləri vasitəsilə tələb və təklifin səviyyəsinə uyğun olaraq fəaliyyətlərini tənzimləməlidirlər.
5. Bu məntəqə və ya mərkəzlər, eyni zamanda məhsul istehsalçıları ilə arasıkəsilməz əlaqələrdə olmalı, istehsal olunan məhsulların toplanması (yığılması), vaxt və məhsul itkilərinə yol verilməməsi üçün işlərinin səmərəli qurulmasında operativ olmalıdırlar.
6. Həmin məntəqə və ya mərkəzlər öz müştərilərini də qazanmaq (və itirməmək) üçün reklam xidmətlərini düzgün təşkil etməli, müxtəlif informasiya vasitələrinin imkanlarından səmərəli yararlanmalıdırlar.
7. Onların regionlardakı aqroparklarla sıx əlaqələrinin qurulmasına diqqət artırılmalı, kəndlilərin texniki təminatlardan yararlanmalarının təşəbbüskarlığı stimullaşdırılmalıdır.
8. Kəndlilərin istifadəsində olan torpaq sahələrinin əkinə yararlılıq səviyyəsinin artırılması yolu ilə onların münbitliyinin qorunmasına ciddi diqqət verilməli, istifadə edilməyən torpaq sahəsi qalmamalıdır. Torpaq fondunun azaldılmaması üçün nəzarət ciddi təmin edilməlidir.
9. Suvarma sistemlərinin təminatı və genişmiqyaslılığının təmin edilməsi məqsədilə nasos stansiyalarının, subartezian quyularının və göllərin daha da artırılması məsələlərinə diqqət artırılmalı, bu, bütün kəndləri əhatə edəcək səviyyədə olmalıdır.
10. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Əlincə bölgəsində eyniadlı Su Anbarının tikilməsi ilə su ehtiyatlarının artırılması və bu prosesdə Bənənyar Su Anbarının yükünün yüngülləşdirilməsinə də kömək etmiş olar.
11. Dövlət tərəfindən verilən subsidiyaların məhsul istehsalçılarına bərabər yox, daha çox məhsul istehsalçısına daha çox subsidiya verilməsinə nəzarət edilməsi.
12. Qarşılaşacağımız mərhələrə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi mezoiqtisadi siyasətin səmərəliliyinin təmin olunması şəklində qurulmasının təmin olunması və s.
Beləliklə, hər birimiz inanırıq ki, ölkəmizdə yaradılmış sağlam iqtisadi mühit qarşıdakı illərdə mövcud iqtisadi inkişaf potensialını daha da inkişaf etdirəcək və daha dayanıqlı, daha etibarlı iqtisadiyyatı təmin edəcək.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info