“Əhalinin 23 faizi pensiya, sosial müavinət və Prezidentin aylıq təqaüdləri ilə təmin olunur”
Tarix: 04.02.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
S.Müslümov ötən dövrdə Prezident İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin stimullaşdırılması üçün güclü əsasların formalaşdığını vurğulayıb: “Son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğu, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın qoyulduğu respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib. Qeyri-neft sektorunun çəkisi ümumdaxili məhsulda 70 faizə çatdırılıb və artıq son illərdə ölkədə iqtisadi artımı əsasən bu sektorun inkişafı təmin edir. Bu güclü əsaslar qlobal iqtisadi böhranın dərinləşdiyi, dünya bazarında neftin qiymətinin dəfələrlə düşdüyü, regionda geosiyasi və iqtisadi təzyiqlərin artdığı bir vəziyyətdə də Azərbaycanda iqtisadi və sosial inkişafın davam etməsinə imkan yaradıb. Azərbaycanın ötən ilə dair bütün makroiqtisadi göstəricilərinin müsbət olması bunun real təsdiqidir”.
Bu pozitiv proseslərin dövlətin güclü sosial siyasəti ilə müşahidə olunduğunu vurğulayan nazir qeyd olunan dövrdə əhalinin gəlirlərinin 7 dəfə, adambaşına gəlirlərin 6 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfədən çox artdığını, 70 mindən çox müəssisə və 1,5 milyon iş yeri açılmaqla əmək bazarında sabitliyin əldə edildiyini, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan digər uğurları diqqətə çatdırıb. S.Müslümov qeyd edib ki, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. BMT İnkişaf Proqramının ötən il təqdim etdiyi “İnsan inkişafı naminə əmək” adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı və s. sahələrdə ölkəmizin müsbət təcrübəsi əsas götürülərək, Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələrdən biri kimi qeyd olunub.
Nazir bildirib ki, bu gün ölkə əhalisinin 23 faizi pensiya, sosial müavinət və Prezidentin aylıq təqaüdləri ilə təmin olunur: “Ötən il də bütün sosial proqramlar uğurla davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dövrdə 112663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. Həmçinin keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobili, 281 müharibə əlilli və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib”.
S.Müslümov eyni zamanda nazirliyin xətti ilə 13,5 mindən çox şəxsə bərpa müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, 265 nəfərin xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərildiyini, 13,6 min nəfərdən çox əlilliyi olan şəxsin və şəhid ailəsinin birdəfəlik maddi yardımla, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə yollayışlarla təmin olunduğunu bildirib: “Sosial təminat sisteminin əhatə dairəsi də getdikcə genişlənib və son illərdə beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezidentin aylıq təqaüdünün təyin olunaraq ödənilməsi həyata keçirilir”.
S.Müslümov mövcud iqtisadi şəraitdə də əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla əmək haqlarının, dövlət tərəfdən sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin artırıldığını qeyd edib: “Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, Prezident İlham Əliyev tərəfindən 25 yanvar 2016-cı il tarixli Sərəncam imzalanıb ki, bununla da ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılıb”.
Nazir həmçinin işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirildiyini diqqətə çatdırıb: “Dövlət başçısının tapşırığına uyğun olaraq dövlətə məxsus şirkətlərdə vakant iş yerləri yaradılmaqdadır. Müsbət haldır ki, ayrı-ayrı özəl şirkətlər də artıq bu prosesə qoşulublar. Yaradılan iş yerlərinə işçilərin qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğuluq orqanları tərəfindən həyata keçiriləcək. Digər tərəfdən, biz artıq respublikada cari il üçün əmək yarmarkalarının keçirilməsinə başlamışıq. Bütün şəhər və rayonlarda, o cümlədən Kürdəmir rayonunda bu tədbirlər keçiriləcək. Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq. Yəni işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün bütün mümkün tədbirlər görüləcək”.
S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, rayonda sosial cəhətdən həssas qruplardan olan şəxslərin də sosial təminatının daim gücləndirildiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib. Nazir həmçinin rayonda müharibə əlilləri və şəhid ailələri üçün hazırda 8 fərdi yaşayış evinin tikilməkdə olduğunu, müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edildiklərini, bu sosial müdafiə tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini qeyd edib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, Prezident İlham Əliyevin regionların inkişafına diqqət və qayğısı nəticəsində Kürdəmir rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, yeni müəssisələrin və iş yerlərinin açıldığını vurğulayıb. C.Cəfərov 2015-ci ildə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edərək, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrin Kürdəmir rayonunda da uğurla icra ediləcəyini diqqətə çatdırıb.
Tədbirdə rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təminatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub. S.Müslümov Kürdəmir rayon sakinlərinin fikir və təkliflərini dinləyib, onların əmək, məşğulluq və sosial müdafiə sahəsi, bu sahələrdə aparılan islahatlarla bağlı suallarını cavablandırıb. Bir sıra sakinlərin müraciətləri ilə bağlı onlara izahatlar verilib.
Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən, xüsusən son vaxtlarda bu məqsədlə növbəti fərman və sərəncamların imzalanmasından, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasından, yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Rayon sakinləri sosial müdafiə sahəsinə yüksək diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info