“Rumıniyada təhsil rumın, macar, ingilis, alman, fransız, ispan və italyan dillərindədir”
Tarix: 04.02.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Zamiq Əhmədov: “Bu ölkədə təhsil almaq istəyən gənclərimiz təhsildən öncə, bu dillərdən ən azı, bir-ikisini səlis öyrənməlidirlər”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rumıniyada ali təhsilini davam etdirən aktiv gənclərimizdən olan Zamiq Əhmədovdur. Zamiq yalnız uğurlu təhsil üçün çalışmır, Rumıniyada ölkəmizin təmsil olunmasın da öz töhfəsini verir. Bu istedadlı, adı birincilər sırasında hallanan gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:


(Əvvəli ötən sayımızda)

-Rumıniyada təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?
-Rumıniya və Cluj-Napoca şəhəri təhsil almaq üçün çox gözəl yerdir. Hətta Rumıniyanın hazırkı prezidenti Klaus Yohannis də magistratura təhsilini Babeş-Bolyai Universitetində alıb. Dünyanın 2-ci ən böyük özəl universiteti olan Spiru Haret Universiteti də Rumıniyada yerləşir ki, tələbələrinin sayı 315000 nəfərdən artıqdır. Rumıniya regionda əsas beynəlxalq təhsil imkanı verən ölkələrdən biridir ki, yüksək təhsil təklif edir. Ölkədə təhsil 7 əsas dildə aparılır - rumın, macar, ingilis, alman, fransız, ispan və italyan. Gənclərimizə məsləhətim bu ölkədə təhsil almağı qərarlaşdırmazdan öncə, bu dillərdən ən azı 1-2-i səlis öyrənsinlər. Təhsil alacaqları sahəni öncədən müəyyən etsinlər, daha sonra universitet seçimini etsinlər. Çünki hər bir sahə bir universitetdə eyni dərəcədə reytinqli ola bilməz. Məsələn, tibb sahəsi, yaxud texniki sahələr bir çox universitetlərdə var, lakin yaxşı olardı ki, bu ixtisasları xüsusi ixtisaslaşmış universitetlərdən öyrənsinlər. Ümumi götürdükdə, yeni gəldikləri zaman bir qədər “cultural shock” keçirə bilərlər. Lakin çox keçməmiş, onlar buraya alışacaq və təhsillərini uğurla davam etdirə biləcəklər.
-Azərbaycan gəncliyi ilə Rumıniya gəncləri arasında müqayisələr aparardınız.
-Mənə görə gənclik və gənclər ölkədən, dindən, dildən, mədəniyyətdən asılı olmayaraq hər bir yerdə eynidir. Lakin təbii ki, ölkələr arasında olduğu kimi gənclər arasında da müəyyən mentalitet və fikir fərqləri mövcuddur. Rumıniyada, xüsusilə, Cluj-Napocada gənclərin demək olar ki, hamısı ingilis dilində və bir neçə digər Avropa dillərində səlis danışa bilirlər. Bu da onların dünyaya açılmasına mühüm təkan verir. Hər iki ölkə gənclərinin əyləncə meyarları da fərqlidir. Bizim gənclər həftəsonları dostlar şəkilində bir araya gələrək dərdləşmək, məsləhətləşmək və ya bir-birinə qonaq getməklə vaxt keçirirlərsə, rumın gənci həftə sonunu gecə klublarının birində və yaxud “pub”larda dostlarla əylənməklə keçirir. Rumıniyada gənclər mənə görə daha rahat və azaddırlar. Yəni hələ orta məktəb illərindən etibarən gənclər ailədən asılılığı sıfıra endirirlər və müstəqil qərarlar qəbul etməyi öyrənirlər. Daha sonra rumın gəncləri boş günlərində səyahət etməyi çox sevirlər, həm ölkədaxili, həm də kiçik Avropa səfərləri həyata keçirirlər. Rumın gəncləri intellektual və dünyagörüşü cəhətdən də xüsusi seçilirlər. Ümumi götürdükdə, əvvəldə qeyd etdiyim kimi, gənclər arasında fərqləri elə də qabartmağa dəyməz, çünki əsas fərqlər mentalitet və fikir fərqlərindən ibarətdir.
-Azərbaycan təhsili ilə bu ölkənin təhsili arasında hansı fərqləri görürsünüz?
-Ümumi təhsildən başlasaq, Rumıniya orta məktəbləri artıq bir neçə ildir ki, 12 illik ümumi təhsil sistemi ilə fəaliyyət göstərirlər, ölkəmizdə isə bu, yenilik hesab olunur. Daha sonra bakalavr ixtisası üzrə təhsil Rumıniyada bir çox hallarda və ixtisaslarda 3 il müddətinə həyata keçirilir, ölkəmizdə isə bu, minimum 4, bəzən də 5 il müddətinə həyata keçirilir. Ən əsas məsələlərdən biri budur ki, burada müəllim öz istədiyi sistem ilə istədiyi şəkildə tələbələri və magistrları qiymətləndirir. Yəni fənni tədris edən müəllim semestr ərzində və yaxud yekunda tələbədən istər imtahan şəklində, istər test üsulu ilə, istər esse verməklə, yaxud müxtəlif layihə və təqdimatlar verməklə qiymətləndirə bilər. Ola bilsin, tələbə semestr ərzində çox aktiv fəaliyyət göstərir və müəllim onu yekun imtahandan azad edərək qiymətləndirir. Yəni universitet müəllimə heç cür müdaxilə edə bilməz, müəllim istədiyi tərzdə tələbəni qiymətləndirir. Bizdə isə hər bir universitet konkret tələb qoyur ki, tələbəni bu üsul ilə qiymətləndirmək lazımdır. Buradakı universitetlərdə dərsə davamiyyətə limit qoyulmur. Hətta semestr boyu dərsə gəlməyən tələbə sonda imtahanda iştirak edib, uğurlu nəticə göstərərsə, o fənni mənimsəmiş hesab olunur, lakin digər tələbələr kimi maksimum qiymətlərlə qiymətləndirilə bilməz. Burada fikirləşirlər ki, tələbə azaddır, öz qərarını özü verməlidir və tələbə dərsə gəlmirsə, özünə ziyandır. Çünki fənni yaxşı qavraya bilməyəcək. Bununla belə demək olar ki, tələbə heyətinin 80-90 faizi daimi olaraq dərslərdə iştirak edirlər. Ən alqışlanası məqamlardan biri də odur ki, fakültə rəhbərliyi tələbələrdən müəllimlər barədə “feedback”-lər alaraq onların fəaliyyətini daim diqqətdə saxlayırlar və hər ay ərzində hər bir qrup üçün belə demək mümkündürsə, sorğu ilə ən yaxşı və ən pis tədris edən müəllimlər müəyyənləşdirilir və onlara çatışmazlıqları barədə məlumatlar verilir.
-Prezident ölkədə qeyri-beft sektorunun inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atır. Gənc mütəxəssis kimi bu istiqamətdə ölkə başçısının tövsiyə və tapşırıqlarını necə dəyərləndirərdiniz?
- Doğru vurğuladınız. Artıq qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsinə görə çox ciddi addımların atılması üçün əməli işlər görülməyə başlayır. Öncə onu deyim ki, bildiyiniz kimi, oxuduğum ixtisas beynəlxalq biznes inzibatçılığı adlanır. Mahiyyəti isə ümumi götürdükdə beynəlxalq səviyyəli bizneslərin, şirkətlərin idarə edilməsi, biznes strategiyaların seçilməsi, onların şirkətlərə, müəssisələrə tətbiqini ehtiva edir. Bu proqram magistrlərə perseptual və analitik qabiliyyətləri aşılamaqla yanaşı, lazımi biznes qərarları qəbul etmək və biznes siyasətini qiymətləndirmək kimi xüsusiyyətləri özündə əks etdirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyat və biznes sahələri üzrə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Bunun sayəsində bir çox beynəlxalq və transmilli şirkətlər ölkəmizə investisiya qoyuluşu həyata keçirib və fəaliyyət göstərirlər. Bu sahədə hazırkı durumu qənaətbəxş hesab etmək olar, lakin bir sıra islahatlar və qərarlar qəbul etməklə onların sayını daha da artırmaq mümkündür. Nəzərə alsaq ki, hazırda dünyada baş verən maliyyə böhranı ölkəmizdən də yan keçmir və neft qiymətləri aşağı səviyyədədir, Prezidentin də qeyd etdiyi kimi qeyri-neft sektoru inkişaf etdirilməli və ora xarici və yerli investisiyalar cəlb edilməlidir. Bu həm də ölkəmizdə yeni iş yerlərinin açılmasına, ölkəyə investisiya sayəsində yeni maliyyə daxilolmalarına və qeyri-neft sektorunun büdcədə çəkisinin daha da artmasına gətirib çıxaracaq. Ümumi götürdükdə, ölkədə bu sahə inkişafdadır və statistikalara əsasən biznes mühiti də inkişafa doğru irəliləməkdədir.
- Özünüz necə, gələcəkdə Azərbaycandakı biznesdə iştirakçı olmağı planlaşdırırsınızmı?

-Yaxın gələcəkdəki planlarım Buxarestdə yerləşən “SOCAR Romania”-da təcrübəmi uğurla başa vurmaq daha sonra dissertasiya mövzumu da müdafiə edərək təhsil aldığım universitetdən məzun olaraq ölkəmizə dönüb öz təcrübəmi və öyrəndiklərimi orada tətbiq etməkdir. Bundan başqa təhsilimi və tədqiqatlarımı da davam etdirmək istəyirəm. Belə ki, döndükdən sonra çox güman ki, sənədlərimi doktorantura dərəcəsi üzrə təhsil almaq üçün hazırlayıb, öz sahəm üzrə təhsilimi və tədqiqatlarımı davam etdirəcəyəm. Bundan başqa əlbəttə ki, istərdim ki, öz biznesimi yaradım və onu inkişaf etdirim. Hər halda hər bir şeyi gələcək göstərəcək.

Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info