Ümumdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində mətbuat konfransı keçirib.
Z. Zaytseva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 3 universitet QS-in reytinq cədvəlinə düşə bilib: “Bunlar Xəzər Universiteti, Qafqaz Universiteti və Bakı Dövlət Universitetidir. Bu 3 universitet bizim reytinq siyahısında stabil mövqeyə sahibdir”.
Z. Zaytseva bildirib ki, Xəzər Universiteti dünya universitetlərinin reytinq siyahısında 651-700, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti isə 700-cü pillələrdə yer alıb: “Təhsil naziri Mikayıl Cabbarovla görüşdə Azərbaycan universitetlərinin reytinq cədvəlindəki yeri haqda ətraflı fikir mübadiləsi apardıq. Təəssüflər olsun ki, azərbaycanlı təhsil ekspertləri bizim təşkilatla intensiv münasibət qurmurlar. Eyni zamanda, Azərbaycan universitetlərinin reytinq cədvəlində qərarlaşdığı yerlər günümüzün tələblərinə adekvat deyil. Onu da qeyd edim ki, Azərbaycan universitetlərində xarici tələbələr və professorlarla bağlı vəziyyət pis deyil. Postsovet məkanındakı universitetlər arasında isə Azərbaycan universitetlərinin vəziyyəti bir qədər yaxşıdır”.
Direktor QS reytinq cədvəlinin formalaşdırılmasının meyarlarını da açıqlayıb: “Cədvəl universitetlərin dünyada nüfuzu (30 faiz), məzunların nüfuzu təşkilatlarda işlə təmin olunması (20 faiz), müəllim-tələbə nisbəti (15 faiz), xarici müəllimlər (2,5 faiz), xarici tələbələr (2,5 faiz), Pph.D dərəcəsi olan müəllimlər (5 faiz), elmi məqalələrin sayı (10 faiz), məqalələrə edilən istinadlar (5 faiz) və universitet saytlarının gücü (10 faiz) kimi meyarlara görə formalaşdırılır”.
Qeyd edək ki, QS təşkilatı 1990-cı ildə təsis edilib. 2014-cü ilin dekabr ayında ilk dəfə olaraq QS Şərqi Avropa, postsovet ölkələri və Türkiyə də daxil olmaqla regionun 100 ən yaxşı ali məktəbini elan edib. Xəzər Universiteti 39,6 balla 100 ən yaxşı ali məktəb arasında 71-ci, Bakı Dövlət Universiteti 39,4 balla Çexiyanın Palaçki-Olomus universiteti ilə birlikdə 72-72-cü, Qafqaz Universiteti isə 38,5 balla 75-ci yerdə qərarlaşıb.
Tural
|