“Ukrayna müasir quldarlıq məkanıdır”
Tarix: 04.02.2016 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Bu ölkə insan alveri ilə bağlı regional mərkəzə çevrilib”

Böyük Britaniyanın “The Guardian” media qurumu Ukraynanın hazırda acınacaqlı vəziyyətdə olması, dərin sosial-iqtisadi böhran və bundan irəli gələn humanitar deqradasiya keçirməsi ilə bağlı aktual yazı yazıb. Yazıda Ukrayna – “müasir quldarlıq məkanı” kimi xarakterizə edilir və yazıya da belə bir yarımbaşlıq verilib. Müəllif Maksim Tuker qeyd edir ki, cinsi istismar, yalanlar, psixoloji zədələr - bütün bunlar Ukraynada insan alverilə bağlı yaranmış böhran daxilində tüğyan edir: “İş tapa bilmədikləri üçün ümidlərini itirmiş insanlar hardasa iş verilməsi vədləri ilə evlərini tərk edirlər və əvəzində məcburi əmək və istismar həyatının girdabına yuvarlanırlar”. O da qeyd edilir ki, iki ukraynalı qadın insan alverinin vurduğu zədələri və gizli bir xəstəxananın insan alveri qurbanlarına həyatlarını yenidən qurmaq üçün necə yardım etdiyini faş edib: “Doktor Olqa Milinçukun işlədiyi xəstəxana bayırdan sezilmir və onun gözləmə otaqları yoxdur. Bu xəstəxananın ünvanı, onun pasientlərinin kimlikləri kimi, tamamilə gizli saxlanılır.
18 mütəxəssisdən ibarət qrupla, Olqa hər gününü darmadağın olmuş insan həyatlarının bərpasına və Ukraynanın ən üzücü böhranına - daxili-endemik insan alveri qurbanlarını sağaltmağa sərf edir. O, 2002-ci ildə bu reabilitasiya mərkəzini Beynəlxalq Miqrasiya Təşkilatının himayəçiliyi altında açanda, bura, əsasən, cinsi istismar alverindən qaçaraq evlərinə dönən gənc qadınlarla məşğul olub. İndi isə Olqanın pasientləri həm də bütün yaşlarda olan qadınlar və kişilərdir – Onlar iş vədi ilə sərhədi keçənlər və məcburi əmək düşərgələrinə, istismara, köləliyə və təhkimçiliyə düşənlərdir. Onlar mədə xorası və bağırsaq xəstəlikləri, cinsi-veneroloji xəstəliklər, travma-stress sonrası psixiatrik problemlərlə müraciət edirlər. Ən azyaşlıları Polşaya dilənmək üçün aparılmış 3 yaşlı və həmçinin 5 yaşlı bacılardır ki, anaları ilə birgə insan alverinin qurbanlarına çevriliblər”.
Qeyd edilir ki, məcburi əməyi aşkar etmək çox çətindir: “İnsan alverçiləri qurbanları lazım gələn icazələr olmadan səfər etməklə aldadırlar, insanları dərin borcluluqlar və köləliklə tələyə salırlar, onları yemək və qalmaq yerlərilə də aldadırlar, onları pul ödəmədən, tamamilə zorakılıqlar və hədə-qorxu içində saxlayırlar. Olqa belə qeyd edir: “Onlar belə edirlər. Məsələn, qadını iki uşaqla dilənçiliyə vadar edəndə bir uşağı ondan alıb kənarda qıfıl altında saxlayırlar. Bu zaman qadın o biri uşaqla dilənir. İnsan alverçiləri bilirlər ki, qadın o biri uşağına görə qaçmayacaq, geri dönəcək”. Halbuki qul alverçiləri həmin qadına söz veriblərmiş ki, o, kənd təsərrüfatı sahəsində çalışacaq, uşaqlar isə bağçaya qoyulacaq”.
Rusiya ilə münaqişəyə cəlb edilmiş və hökumət qurumlarının səhv idarəçiliyi üzündən zəifləyən Ukrayna həm də iqtisadi durğunluqdan əziyyət çəkir. Ukrayna hazırda Avropanın ikinci ən yoxsul ölkəsidir. Yalnız kiçik qonşu Moldova ondan daha yoxsuldur. İnsan alverinə qarşı proqramın koordinatoru olan Hanna Antonova qeyd edir: “İqtisadi böhran hazırda o qədər dərindir ki, bizdə çoxlu sayda insan hansısa təklifi, riskli təklifi belə qəbul edərək, xaricdə işləmək şansı qazanmağa çalışırlar. Ukrayna insan alveri ilə bağlı regional mərkəzə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının qiymətləndirməsinə görə, indiyə qədər Ukraynada 160 min nəfər insan alverinin qurbanına çevrilib. Ukraynalılar həmişə miqrasiyanı sağqalma strategiyası kimi istifadə ediblər. Çünki sən, məsələn, Ukraynada həkim və müəllim işləməkdənsə, Rusiyada dayə və ya tikinti fəhləsi işləməklə daha çox pul qazana bilərsən”.
O da qeyd edilir ki, 2,7 milyon insan Şərqi Ukraynadakı rusdilli əhali ilə silahlı toqquşmalar üzündən evlərini tərk edərək qaçmalı olub. Onlar insan alverçilərinin toruna daha asan düşürlər. Valyutaların qiymətinin artması, devalvasiya milyonlarla insanı məhrumiyyətlərə düçar edib. Minlərlə ukraynalı xaricdə iş axtarır. Beynəlxalq Miqrasiya Təşkilatının 2015-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə, xaricə iş adıyla gedən ukraynalıların 41 faizi qeyri-leqal şəkildə işləyirlər. Halbuki 2011-ci ildə bu göstərici 28 faiz olub. Bu qeyri-leqallıq onları açıq-aşkar kriminalların “insafından” asılı hala salır.
Milinçuk deyir ki, o, anası tərəfindən satılaraq, Türkiyədə fahişəliyə cəlb edilmiş 21 yaşlı qızı və oğlu tərəfindən Rusiyaya dilənçiliyə göndərilmiş 50 yaşlı əlil qadını müalicə edib. Keçmiş pasientlər qeyd edirlər ki, bu xəstəxana onların həyatını xilas edib.
50 yaşlarında başqa bir qadın Olya Moskvaya yaxşı maaş və qalmaq yeri ilə təmin olunmaq vədi ilə aldadılıb aparıldığı və orada çox ağır şərtlərlə mal anbarında işlədildikləri, daha sonra işləmək istəmədikləri üçün şəhərin kənarına qovulduqları barəsində bildirir: “Biz tərk edilmiş bir məkana düşdük. Bura tikanlı məftillərlə çəpərlənmiş bir fabrik idi. Daha sonra iki nəhəng silahlı kişi məni və başqa bir qızı zorla apardılar. İki aya qədər gündə 18 saat işlədik. Bu müddətdə qeyri-qanuni yollarla araq butulkalaşdırır və yükləyirdik. Mənim stresi atmaq üçün araq içməyə icazə aldığım vaxtlar da olub”. Daha sonra isə polis bu fabriki aşkarlayıb və mühafizəçilər məcburi işçilərə qaçmağı tapşırıblar. O isə müxtəlif maşınlar və qatarlara minməklə sonda gəlib evinə çata bilib”.


“Rusiya ilə münaqişəyə cəlb edilmiş və hökumət qurumlarının səhv idarəçiliyi üzündən zəifləyən Ukrayna həm də iqtisadi durğunluqdan əziyyət çəkir. Ukrayna hazırda Avropanın ikinci ən yoxsul ölkəsidir”

Yazıda digər qadınların da müxtəlif xarici ölkələrdə zorakılıqlara, cinsi istismara məruz qalması ilə bağlı faktlar qeyd edilir və qurbanların öz dilindən çatdırılır.
Göründüyü kimi, yazıda Ukraynanın məhz “inqilab” nəticəsində silahlı toqquşmalar, müharibə, aclıq, səfalət, mənəvi-maddi deqradasiyaya uğraması Britaniya nəşrinin yazı müəllifi tərəfindən etiraf edilir. Buradan bir daha açıq görünür ki, Ukraynada “inqilab” planlaşdıran və həyata keçirən qüvvələr Ukrayna xalqının bugünkü kütləvi faciələrinə, məhrumiyyətlərinə və yoxsulluğuna bais olublar.

“Valyutaların qiymətinin artması, devalvasiya milyonlarla insanı məhrumiyyətlərə düçar edib. Minlərlə ukraynalı xaricdə iş axtarır. Beynəlxalq Miqrasiya Təşkilatının 2015-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə, xaricə iş adıyla gedən ukraynalıların 41 faizi qeyri-leqal şəkildə işləyirlər. Halbuki 2011-ci ildə bu göstərici 28 faiz olub. Bu qeyri-leqallıq onları açıq-aşkar kriminalların “insafından” asılı hala salır”

Halbuki Ukrayna bundan öncə və eləcə də sovet dönəmində ittifaq daxilində ən varlı və dotasiyaya ehtiyacı olmayan ölkələrdən biri olub. Hazırda isə Ukraynanın sərvətləri, bərəkətli torpaqları heç nəyə yaramayan hala düşüb və xalq aclıq və yoxsulluq, işsizlik içərisindədir. Ukrayna indi Avropanın ən yoxsul və qeyri-stabil ölkələrindən biri kimi xarakterizə edilir. Ümumiyyətlə, bu cür “inqilablar” baş verən ölkələrdə hansı oyunlar getdiyi, xalqın necə kütləvi şəkildə qırıldığı və miqrasiyaya məruz qaldığı barədə qəzetimizdə tez-tez yazılar verilir. Ukrayna nümunəsində isə postsovet məkanında daha bir qüdrətli və ikinci ən güclü ölkənin “inqilab” nəticəsində indi Avropanın ən yoxsul ölkələrindən birinə çevrildiyini və müharibənin, insan tələfatının əsirinə çevrildiyini görürük. Bundan isə hər kəs, xüsusilə, Azərbaycanda “siyasətçi” adı ilə ortaya atılan müxalifət başçıları dərs götürməlidirlər. İllərdir, ətrafındakıları bu cür “inqilab” çağırışları ilə təxribatlara çağıran, ictimaiyyəti çaşdırmağa yönəlmiş çağırışlarla çıxış edən ənənəvi radikal müxalifət başçıları, belə görünür ki, hələ də Ukrayna nümunəsində cəmiyyətlərin məhz həmin “inqilablar” nəticəsində hansı məhrumiyyətlərə və itkilərə düçar olduqlarından dərs çıxarmayıblar.

İllərdir, ətrafındakıları bu cür “inqilab” çağırışları ilə təxribatlara çağıran, ictimaiyyəti çaşdırmağa yönəlmiş çağırışlarla çıxış edən ənənəvi radikal müxalifət başçıları, belə görünür ki, hələ də Ukrayna nümunəsində cəmiyyətlərin məhz həmin “inqilablar” nəticəsində hansı məhrumiyyətlərə və itkilərə düçar olduqlarından dərs çıxarmayıblar. Onlar, təfəkkürləri bu cür proseslərin əsl mahiyyətini dərk etmək səviyyəsində olmadığına görə də cəmiyyət tərəfindən boykota və təcridə məruz qalıb, ətrafındakılar tərəfindən tərk ediliblər

Onlar, təfəkkürləri bu cür proseslərin əsl mahiyyətini dərk etmək səviyyəsində olmadığına görə də cəmiyyət tərəfindən boykota və təcridə məruz qalıb, ətrafındakılar tərəfindən də tərk ediliblər. Çünki bu cür marginal və xarici sifarişlərin əsirinə çevrilməyə hazır olan müxalif başçılardan fərqli olaraq cəmiyyət, sağlam gənclik və Azərbaycan insanı dünyada baş verən proseslərin mahiyyətini yaxşı anlayır. Bu gün Ukrayna və digər ölkələrdə baş verən “inqilablar” nəticəsində digər ölkələrə, elə Azərbaycana da pənah gətirən qaçqınlar, miqrantlar nümunəsində də bunu anlamaq çox asandır. Bundan başqa, hələ 2014-cü ilin oktyabrında Kiyevdə səfərdə olarkən, Ukraynada baş verən “inqilab” və onun nəticəsində müharibəyə görə insanların necə səfalətdə olduqlarını əyani müşahidə etmişdik. Belə ki, ölkə daxilindəki insan istismarı, cinsi istismar və işsizliklə bağlı yetərincə bol müşahidələr qazanmışdıq. Kiyevin mərkəzi küçələrində müxtəlif formada olan kütləvi dilənçiliklərdən tutmuş, ölkənin müxtəlif əyalətlərindən, gələn azyaşlı qızların gecə klublarında cinsi istismara cəlb edilməsinə qədər ürəkağrıdıcı mənzərələrin şahidi olmuşduq. İndi isə il yarıma qədər vaxt keçib və bu ölkədə vəziyyət “inqilab” nəticəsində daha da pisləşib, insanlar nəyin bahasına olursa-olsun, ölkəni tərk edib, bir tikə çörək adı ilə xarici ölkələrdə hər cür əzablara və məhrumiyyətlərə qatlaşmalı olur, sağlamlıqlarını və həyatlarını itirmək təhlükəsilə üzləşirlər. Belə “inqilab” kimə və nəyə görə lazımdır?! Hər halda, bu cür “inqilab”ların baş verdiyi ölkə, cəmiyyət və onun insanları yalnız kütləvi itkilərə, müharibəyə, aclığa, səfalətə və mənəvi deqradasiyaya məhkum olur. Bunlardan biri də Ukraynadır…

İlkin AĞAYEV










 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info