Görkəmli ədəbiyyatşünas alim Araz Dadaşzadənin xatirəsi anılıb
Tarix: 05.02.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Yazıçılar Birliyində ədəbiyyatşünas, ensiklopedist Araz Dadaşzadənin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir.
Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və pedaqoq Zümrüd Axundovanın ailəsində doğulmuşdur. Ömrünün böyük bir hissəsi Azərbaycan Ensiklopediyasının nəşrə hazırlanması ilə bağlıdır. A.Dadaşzadə ədəbi- bədii fəaliyyətə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlamış, sonrakı illərdə “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və digər filmlər barədə də məqalələr çap etdirmişdir.
Araz Dadaşzadənin 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” kitabçası Azərbaycan, ingilis, fransız, türk, ərəb, fars, rus dillərində çap edilmişdir. “Molla Pənah Vaqif”, “Həyat müğənnisi”, “XVIII əsr Azərbaycan lirikası”, “Xeyirxahlıq və gözəllik poeziyası” kimi dəyərli əsərlərin də müəllifidir.
Məclisi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Araz Dadaşzadənin klassik ədəbi irsimizin dərindən öyrənilməsində, cari ədəbi- bədii prosesin həssaslıqla izlənilməsində, ölkəmizdə ilk milli ensiklopediya redaksiyasının yaradılması və uğurlu fəaliyyətində xidmətlərini qeyd etmişdir. Həyatdan vaxtsız getmiş yubilyarla bağlı xatirələrindən söz açan Xalq yazıçısı ədəbiyyatımızın ən işıqlı simalarından biri olan, böyük alim, yazıçı, tədqiqatçı Araz Dadaşzadəni həm də mehriban və sədaqətli dost kimi yada salmışdır:
– Arazla bağlı xatirələrimiz həm işıqlı, həm də, təəssüf ki, kədərlidir. 54 yaşında, çox erkən vəfat edən dostumuzun gülüşü, zarafatları, istər siyasi, istərsə də ədəbi hadisələrə çox dürüst, dəqiq, müdrik baxışı həmişə yadımdadır. Arazın həyatdan erkən getməsinin bir səbəbi də 1990-cı ilin faciəli hadisələri oldu. O, Qara Yanvarda necə iztirab çəkirdi, müxtəlif yerlərə məktublar yazır, müraciətlər edirdi. Bir sözlə, hay-küysüz, amma əsl vətəndaş kimi, xalqımızın başına gələn müsibətə münasibət bildirirdi. Elə həmin 90-cı ildə də onu itirdik. Təsəllimiz budur ki, çox zəngin irsi, tədqiqatları, əsərləri, bir də Aqşin və Zümrüd Dadaşzadələr kimi layiqli övladları qalıb.
AYB- nin birinci katibi Fikrət Qoca da A. Dadaşzadədən ədəbiyyatşünaslığımızın, elmi- mədəni irsimizin unudulmaz simalarından biri olaraq söz açmışdır. Xalq şairi bildirmişdir ki, Araz geniş erudisiyalı və dərin bilikli alim, səmimi və yurdsevər ziyalı, həssas və qayğıkeş dost idi. Bu gün onu həyatdan vaxtsız getməsindən təsirlənərək yana- yana yad etməyimiz də bunun sübutudur. Arazın fiziki ömründən sonra mənəvi ömrü başlandı və onun ikinci ömrü də birinci ömrü kimi işıqlıdır.
“Arazlı günlər unudulmazdır”– deyə sözə başlayan “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə alimin həmişə bizimlə olan əsərləri, tədqiqatları və geniş fəaliyyəti barədə demişdir: “O, öz dəyərli irsi ilə yeni ədəbiyyatşünaslar, tənqidçilər yetişməsinə yol açıb. Arazın “XVIII əsr Azərbaycan lirikası” kitabını böyük alimimiz Əziz Şərif çox yüksək qiymətləndirmişdi. Mən bu yaxınlarda həmin kitaba göz gəzdirdim. Araz həmin kitabda tariximizin, ədəbiyyatımızın müəyyən hissəsini yüksək səviyyədə işıqlandırıb. Onun “Azərbaycan Ensiklopediyası”ndakı fəaliyyətinə də toxunmamaq olmaz. Bu ensiklopediyanın hazırlanmasına Xalq şairi Rəsul Rza başlamışdı və ətrafına özlərini bu işə sərf edə biləcək, elmli, səriştəli insanları toplamışdı. Onlardan biri və ən fəallardan olanı məhz Araz idi”.
Əməkdar jurnalist Tahir Aydınoğlu Araz Dadaşzadənin ötən əsrin 80-ci illərində BDU-nun jurnalistika fakültəsində təhsil alan oğlu Aqşin Dadaşzadənin tələbə dostlarına səmimi münasibətini, onun bənzərsiz ziyalı obrazının ibrətliliyini yada salmışdır. Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Sabit Rəhman, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan kimi böyük ziyalıların dostluğunu Yusif və Vaqif Səmədoğlular, Anar, Elçin, Emin Sabitoğlu, Araz Dadaşzadə, Rəfiq Zəka kimi övladların məslək ortaqlığına çevirmələrini və milli istiqlalımızın xidmətinə yönəltmələrini jurnalist o illərdə gəncliyə parlaq timsal kimi xatırlamışdır.
Daha sonra Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin əməkdaşı professor Şaiq İbrahimov, şair Oqtay Rza, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, musiqişünas Lalə Hüseynova və başqaları çıxış edərək alimin mənalı həyatından, məhsuldar yaradıcılığından, həmişəyaşar ədəbi- estetik irsindən, ensiklopedist təşkilatçılığından danışmış, xatirələrini bölüşmüşlər. Onlar Araz Dadaşzadə kimi xalqa təmənnasız xidmət amalını ailə ənənəsində möhkəmləndirmiş ziyalının irsinin cəmiyyətin elmi- mədəni inkişafı üçün önəmli olduğunu vurğulamışlar.
Sonda alimin qızı, musiqişünas Zümrüd Dadaşzadə atasının xatirəsinə göstərilən dərin ehtirama və qədirbilənliyə görə Dadaşzadələr ailəsinin minnətdarlığını bildirmişdir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info