Elm və təhsilin inkişafı hər bir ölkənin ümumi inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Azərbaycan dövləti üçün vətəndaşlarının güclü təhsilə yiyələnməsi prioritetdir. Ötən həftə Prezident İlham Əliyevin ölkə gənclərinin bir qrupu ilə görüşdə təhsil məsələlərinə də xüsusi önəm verməsi bundan irəli gəlir. Çox güclü intellektual potensialımızın olduğunu deyən dövlət başçısı bildirib ki, elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası ölkəmizi gücləndirir:
“Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma, doğrudan d, əsas budur . Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə olacaq?!”
Həmin görüşdə iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə öz fikir və təəssüratlarını “Palitra”ya bildirdi. Fəxrəddin Həsənzadə belə görüşdə iştirak etməkdən böyük məmnunluq hissi keçirdiyini dedi: “Gənc olaraq həmin görüşdə iştirak etmək cənab Prezidentin diqqət və qayğısı ilə yanaşı, həmçinin böyük məsuliyyət hissi doğurdu. Belə ki, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri olaraq görüşdə cənab Prezident tərəfindən təhsil məsələləri üzrə səslənən fikirlər daha çox diqqətimi cəlb etdi”.
Fəxrəddin Həsənzadə Prezidentin təhsillə bağlı fikirlərini Mərkəz üçün əsas istiqamət müəyyən etdiklərini və bu sahədə fəaliyyətlərini daha da səmərəli quracaqlarını bildirdi: “Xüsusi olaraq gənclərin təhsili, dövlətçilik ənənələrinə sadiqliyi, milli-mənəvi ruhda tərbiyəsi istiqamətlərində geniş müzakirə edən Prezident təhsil fəaliyyətinin təşviqinə böyük önəm verdi. Televiziya məkanında “Xəmsə” və “Breyn Rinq” yarışlarını izlədiyini qeyd edən Prezident gələcəkdə gənclərin intellektual bazasının artırılması istiqamətində bu cür proqramlara geniş yer verilməsini xüsusi qeyd etdi. Azərbaycanda gənclərin 100 % savadlılıq dərəcəsini əsas gətirərək təhsil alanın qazandığı innovativ bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi vurğulandı. Həmçinin gələcək illərdə kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının ümumi iqtisadi artımda önə çıxarılması əsas prioritet sahə olduğu vurğulanaraq qabaqcıl texnologiyalara əsaslanaraq təhsil infrastrukturunun yaradılması istiqamətində müvafiq tapşırıqların işləndiyi qeyd edildi.
Cənab Prezident, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın növbəti illərdə Dövlət Neft Fondundan ayırmalar hesabına uzadılacağını, həmçinin ölkəmizdə iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil modelinin yaradılmasını ən vacib amil kimi vurğuladı. Bununla bərabər, nüfuzlu xarici universitet filiallarının fəaliyyəti, yaxın müddətdə Fransanın təhsil müəssisələrinin açılışının təhsildə yeni tendensiya yaradacağını qeyd etdi.
Görüşdə, həmçinin şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmiş müasir təminatlı ilkin peşə təhsil müəssisələri komplekslərinin yaradılması və bu peşə istiqamətlərinin iqtisadi inkişafla uyğunlaşdırılmasının önəmliliyi vurğulandı.
Sonda gənclər ilə səmimi şəkildə görüşən Prezident İlham Əliyevin əlini sıxan zaman biixtiyar “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikri beynimdə səsləndi. Biz sizə arxalanırıq, cənab Prezident!
Sizin yolunuzdayıq!”
Fuad Hüseynzadə
|