“Xaricdə dövlət hesabına təhsil alan hər bir gəncin vəzifəsi vətəndaşlıq borcunu yerinə yetirməsidir”
Tarix: 09.02.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Elnur Səfərli 1989-cü il fevralın 6-da Bakı şəhərində anadan olub. 1995-ci ildə 27 saylı ingilis təmayüllü orta məktəbin birinci sinfinə daxil olub. Orta təhsil müddətində Azərbaycan dili fənni üzrə rayon olimpiadasında, 7, 8 və 9-cu siniflər üzrə Azərbaycan tarixi fənnindən keçirilən yarışmalarda, 6 fərqli elmi və intelektual bilik yarışmalarında birinci yeri qazanıb. Eyni zamanda, Riyaziyyat fənnindən gənclər arasında Azərbaycan yığma komandasının üzvü seçilib. 2006-cı ildə liseyi müvəffəqiyyətlə bitirib, elə həmin il də yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinin bakalavr pilləsinə daxil olub. 2010-cu ildə bu ali təhsil müəssisəsini bitirib “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Türkiyə Respublikasının Dokuz Eylul Univesitetinin Kompüter mühəndisliyi fakültəsinin magistratura pilləsinə (təhsil ingilis dilində) daxil olub. 2013-cu ildə “Developing A Tool For Analysis Of Software And Evaluation Of Software Developer” adlı elmi işini müdafiə edərək 4 ballıq qiymətləndirmə sistemində maksimum 4 bal toplayaraq “Yüksək Müvəffəqiyyət Dərəcəsi” ilə Türkiyə birincisi olaraq təhsilini başa vurub. 2014-cü ildən o, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun dissertantıdır. O, 2015-ci ildə təhsil sahəsində “Gənclər Mükafatına” layiq görülüb. Elnur Səfərli hazırda Bakı Ali Neft Məktəbinin “Elektron tədris” şöbəsinin metodistidir.
-Sizin fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsildən hansı üstün və mənfi cəhətləri və ya fərqləri var?
- Ümumiyyətlə, xaricdə tanınmış universitetlərin fəaliyyət dövrünün Azərbaycan Respublikasının müstəqillik dövründən ən az bir neçə dəfə çox olduğunu görə bilərik. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizdə stabilliyi yaratmaqla bərabər, ən önəmli sahə olan təhsilə xüsusi diqqət ayırdı. Azərbaycanda fəaliyyət göstərmiş alimlərin gənc kadrlarla əvəz edilməsi mərhələsi isə İlham Əliyevin sərəncamı ilə xaricdə təhsil proqramı nəticəsində yeni dönəmə qədəm qoydu. Xaricdə müasir laboratoriyaların olması, xarici şirkətlərdə təcrübələrin məcburi surətdə olması, tələbələrin həvəsləndirici mükafatlar vasitəsilə elmi-texniki konfranslara cəlb olunması, peşəkar və xarici professor-müəllim heyətinin mövcudluğu, kitabxana zənginliyi və s. xaricdə təhsilin müsbət keyfiyyətlərindəndir. Xaricdəki təhsil insanı elə bir ali mühitə salır ki, tələbə istər-istəməz elmi yeniliklərlə maraqlanır və elmi məqalələr çap etdirir. Elmə olan həvəsim və Türkiyədə apardığım “Evaluation of Programmer`s Effectiveness” (Proqramçıların səmərəliyinin ölçülməsi) adlı elmi araşdırmam 2014-cü il iyul ayında Almaniyanın “Lab-publishing Group” elmi nəşriyyat şirkəti tərəfindən çap olunub və 40 ölkədə müxtəlif elektron kitab satış mərkəzlərində satışa çıxarılıb. Lakin, məncə, universitet ali savad verməklə yanaşı, hər bir gəncdə Vətənə, dövlətə münasibəti öyrətməli, gənclərdə vətənpərvərlik, dövlətçilik hislərini yüksəltməlidir. Bu növ tədris Azərbaycan təhsilində digər xarici ölkələrin təhsili ilə müqayisədə daha çox inkişaf edib.
-İlk işinizə harda başlamısız və ilk maaşınızı xatırlayırsızmı?
- Universitetdə 2-ci kursa keçərkən bir çox şirkətlərin vakansiya elanlarına baxıb müraciət edirdim. Düzdür, çoxu 2-ci kursda təhsil aldığımı görüb bəlkə də, heç CV-mi belə oxumurdu. Ancaq, buna baxmayaraq, yenə şirkətlərə müraciətimi davam etdirirdim. Sonunda CATEL MMC şirkəti müraciətimə cavab verdi. Müsahibələrdən keçərək və imtahan verərək “Billinq” şöbəsində proqramçı vəzifəsinə yarımştat işçi kimi işə başladım. İlk əməkhaqqım isə 370 manat təyin edildi.
-Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu ? Üzərinizə hansı öhdəliklər düşür və işinizin öhdəsindən necə gəlirsiniz?
- Türkiyədə təhsilimi davam etdirərkən Azərbaycan mətbuatını izləyir və ölkəmizdə baş verən yeniliklər barədə daim məlumatlı olurdum. Yeni universitetlərin açılması, ali məktəblərdə yeni texnologiyaların, laboratoriyaların tətbiqinə başlanmasını eşitdikdə hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirirdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Bakı Ali Neft Məktəbinin yaradılması xəbərini mətbuatda eşidəndə bu, məni çox sevindirdi. BANM-in gördüyü işlər, verdiyi tədris, həyata keçirdiyi layihələr və qəbul etdiyi beynəlxalq proqramlar haqqında məlumat əldə edirdim. BANM-in Prezidentimizin və Azərbaycan gəncinin etimadını doğruldaraq beynəlxalq səviyyəli ali məktəb yolunda iri addımlarla irəlilədiyini müşahidə edirdim. Magistratura təhsilimi bitirib Vətənə qayıtdıqdan sonra ali məktəbin rektoru Elmar Qasımov tərəfindən gələn təklifi dəyərləndirdim və burada işə başladım. Öz timsalımda BANM-in artan nüfuzunun və gənc kadrlara etimadın göstərildiyinin şahidi oldum. Hal-hazırda 2 ildən artıqdır ki, burada çalışır və xaricdə əldə etdiyim təcrübələri tələbələrlə bölüşürəm. “Elektron tədris” şöbəsində çalışaraq tədrisdə yeni innovativ layihələr həyata keçirir, tədrisin müasir texnologiya ilə birgə aparılmasına şərait yaratmağa çalışırıq. Ali təhsil müəssisələri arasında ilk dəfə tələbələrin biometrik üsulla dərsə davamiyyəti layihəsini məhz BANM-də tətbiq etdik.
-Bir gənc olaraq, ali təhsil ocağında işləməyin məsuliyyəti nədən ibarətdir?
- Təhsil sahəsində çalışmaq öz çətinliyi ilə bərabər, insanda məsuliyyət hissini də formalaşdırır. Çünki bu sahədə fəaliyyət göstərən hər bir şəxs Azərbaycan gəncliyinin formalaşmasında böyük məsuliyyət daşıyır. Məncə, təhsil ocağında çalışan hər bir şəxs yaşından asılı olmayaraq, öz işinə məsuliyyətli yanaşmalıdır. Təhsil ocağı bir dövlətin, millətin genefonduna təsir edən, onun inkişafında böyük rol oynayan ən başlıca yerdir. Burda çalışanlar millətin gələcəyini düşünərək gördükləri hər bir işi, verdikləri təhsili diqqətlə yerinə yetirməlidirlər. Bir gənc olaraq millətin gələcəyinin formalaşmasında kiçik də olsa, əmək sərf etmək insanı daha da məsuliyyətli edir. Xaricdə aldığımız təhsili, apardığımız elmi yenilikləri Azərbaycan gənclərinə ötürmək bizim Vətən qarşısında üzərimizə götürdüyümüz vətəndaş borcumuzdur. Xaricdə dövlət hesabına təhsil alan hər bir gəncin başlıca vəzifəsi Azərbaycanın inkişafında vətəndaş borcunu yerinə yetirməsidir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info