“Diaspor nümayəndələri diaspor işinin nə qədər ciddi olduğunun fərqinə varmalıdırlar”
Tarix: 11.02.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Gənc lider Orta Asiyada milli diaspor fəaliyyətini gücləndirmək yolundan danışıb

Müşahidələr, soruşulan rəylər göstərir ki, Orta Asiya ölkələrindəki milli diaspor təşkilatlarının, necə deyərlər, ürəkdən tikan çıxaran fəaliyyətləri hiss olunmur. Xüsusən, yaşlı diaspor üzvləri sanki ağızlarına su alıblar. Onlarla müqayisədə Orta Asiya ölkələrindəki gənc diaspor üzvləri gücləri çatdığı qədər fəallıq göstərirlər. Maraqlıdır ki, onlar yeri gələndə diaspor işində nümunə də ola bilirlər. Qazaxıstanda fəaliyyət göstərən “Heydərçi” Azərbaycanlı Gənclər təşkilatı bu baxımdan müqayisə oluna bilər. Təşkilatın sədri Bəhruz Axundov heç bir maliyyə dəstəyi olmadan vətənimizi Qazaxıstanda şərəflə təmsil etdiklərini deyir.
-Sizinlə son görüşümüzdən təxminən iki il keçib. Bu müddətdə hansı işlər görübsünüz?
-Öncə “Heydərçi” Azərbaycanlı Gənclər təşkilatı adından və şəxsən öz adımdan başda cənab Prezidentimiz olmaqla bütün xalqımızı salamlayır və qarşıdan gələn ağrılı, unudulmaz qan yaddaşımız olan Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində şəhid olan ailələrin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk. Qardaş Qazaxıstanda yaşayan azərbaycanlılar bu günü kədərlə anırlar.
İki il müddətində gənclərimiz tərəfindən 20-dən artıq tədbir keçirilib. Xüsusən də idman sahəsində gənclərimiz bu iki il ərzində böyük nailiyyətlər əldə ediblər. Qardaş Qazaxıstanda keçirilən gənclər forumlarında, konqreslərində iştirak ediblər. Ən yaddaqalan tədbirlərdən biri 2014-cü ilin 2-ci rübündə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirakı ilə keçirilən Xalqlar Assambleyasının Forumunda bizim iştirakımız oldu. -Orada gənclərimizin həmrəyliyi necədir? -Qazaxıstanda yaşayan azərbaycanlı gənclər öz xalqımızla yanaşı, digər xalqların gəncləri ilə də çox sıx mehriban münasibətdədir. Bu sıx mehriban münasibətin bünövrəsi vaxtı ilə bizim böyüklərimiz tərəfindən qoyulub və xüsusən də Qazaxıstan ictimaiyyəti ulu öndərimiz Heydər Əliyevlə Nursultan Nazarbayevin dostluq, qardaşlıq münasibətini unutmayıb. Məhz bunun nəticəsidir ki, biz Qazaxıstanda yaşayan azərbaycanlılar bu qardaş ölkəni özümüzə yaxın, doğma bilirik və bunu gələcək nəslə çatdırmaq da bizim vəzifəmizdir. Bu vəzifəni yerinə yetirmək bizim üçün çox böyük şərəfdir.
-Qazaxıstandakı gənclərimizin ictimai aktivliyi hansı səviyyədədir?
-Bir daha qeyd etmək istəyirəm ki, azərbaycanlı gənclər bütün sahələrdə inkişaf ediblər və onlar üçün qardaş Qazaxıstan tərəfindən hər cür şərait yaradılır. İstər dövlət sahələrində, istərsə də fərdi iş sahələrində bu ölkə tərəfindən dəstəyi həmişə görürük. Və sözsüz ki, bu qədər zəngin tarixli və dəyərli xalqın gəncləri həmişə öz fərqliliyi ilə başqa xalqların gənclərindən daha üstün səviyyədə olmağa çalışırlar və bunu da bacarırlar.
-Qazaxıstandakı Azərbaycan səfirliyi ilə münasibətləriniz necədir? Sizə lazım olan dəstəyi göstərirlərmi?
-Dünya Azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyev öz çıxışında, xüsusən qeyd etdi ki, Azərbaycan səfirliyi Azərbaycanın həmin ölkədə olan bir parçasıdır, həmçinin diaspor təşkilatları da və bunlar bir-birləri ilə sıx əlaqədə olmalıdırlar. Mən həmin qurultayda bu sözləri eşidərkən əbədi olaraq həm özüm, həm də gənclərimiz üçün səfirliklə sıx münasibətdə olmağı və əlimizdən gələn dəstəyi bir daha özümüzə borc bildik. Bu münasibətlərimiz 5 ildən artıqdır ki, qarşılıqlı şəkildə davam edir və bundan sonra da davam edəcək. Bu yaxınlarda cənab Prezidentimizin sərəncamı ilə Rəşad Məmmədov yeni səfirimiz təyin edilib. Hörmətli səfirimiz gəldiyi qısa müddətdə gənclərimizlə bir neçə dəfə görüşlər keçirib və gənclərə xüsusi diqqət ayırdığını vurğulayıb. Bu görüşlərdə qarşıda duran məsələlər haqqında geniş və ətraflı söhbətlər olub. Biz bütünlüklə inanırıq ki, hörmətli səfirin dəstəyi ilə böyük layihələr həyata keçirə biləcəyik. Səfir Rəşad Məmmədovla söhbətimiz zamanı onun da biz gənclərdən biri olduğunu vurğuladı və bütün işlərdə bizimlə bərabər çalışacağını söylədi. İlk dəfə idi ki, gənclərimiz özlərini bu qədər xoş və arxalı hiss etdilər və bu da biz gənclərdə çox güclü stimul yaratdı.
-Yerli qazax gəncləri ilə əməkdaşlıq edirsizmi?
-Qazaxıstan Respublikasında 130-dan artıq xalqın nümayəndəsi yaşayır. Biz düşmənlərimizdən başqa, Qazaxıstanda yaşayan bütün xalqların nümayəndələri ilə sıx qardaşlıq münasibəti yaradırıq, xüsusən də, ən çox yaxın münasibətdə olduğumuz doğma qazax xalqıdır. Bu mehribançılıq, bu doğmalıq dinimizin, dilimizin, milli kökümüzün, adət-ənənələrimizin bir olması və bununla yanaşı, bizim dostluq münasibətlərimizin tarixinin qədim, geniş və zəngin olması ilə əlaqədardır.
-Azərbaycanda gənclər hərəkatının aktivliyi sizə nə kimi stimul verir?
-Sözün düzü, bu sualı heç gözləmirdim. Bu sual, demək olar ki, bizə sürpriz oldu. Ona görə ki, Azərbaycandakı bəzi qondarma gənclər təşkilatları vətənə xidmət deyil, özlərinə xidməti daha üstün tuturlar. Əlbəttə ki, belələri azlıq təşkil edir. Sözsüz ki, Azərbaycanda vətənə layiqli gənclər təşkilatları daha çoxdur, biz bundan xəbərdarıq. Amma istərdik ki, adı gənclər təşkilatı olub, özləri başqa fikrə qulluq edənlər məqsədlərini dəyişib vətənə xidmətdən zövq alsınlar.
Sevindirici haldır ki, bizim fəxr olunası Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) kimi gənclər təşkilatımız var. Bu təşkilatın fəaliyyəti çox geniş və nümunəvidir. Bu nümunəni yaşadan AMOR-un sədri Leyla Əliyevaya böyük minnətdarlığımızı bildiririk. Biz də bu nümunəvi hərəkətlərdən sevinc hissi duyuruq. Onlarla sıx münasibətdə olub, bu nümunəvi hərəkətləri bir yerdə davam etdirməyi özümüzə şərəf bilirik. Vətənə xidmət, vətənə qayğı, vətənə sevgi hər bir azərbaycanlının borcudur. -Orta Asiyada diaspor fəaliyyətini gücləndirmək üçün hansı addımlar atılmalıdır?
-Çox gözəl və düşündürücü sualdır. Birinci növbədə Azərbaycan Respublikası Orta Asiya ölkələri ilə müqavilə bağlamalıdır ki, ölkədə açılan diaspor təşkilatları, hansılar ki, Azərbaycanın adını daşıyır, Azərbaycanı təmsil etmək üçün özbaşına təşkilatlar yaratmasınlar. Bu, fikir ayrılığına səbəb olur və buradakı diaspor nümayəndələrinin çoxu Azərbaycanın zənginliyindən xəbərdar olmayan insanlardır. Bu da zəiflənməyə, inkişaf etməməyə səbəb olur. Yaxşı olardı ki, diaspor təşkilatı yaratmaq fikrinə düşən insanlar birinci növbədə, heç olmasa, Azərbaycanla bağlı kurslar keçərdilər, Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlar alardılar. Ondan sonra nəyi təbliğ edəcəklərini bilərdilər. Azərbaycanın adını daşıyan hər bir təşkilatın rəhbəri və onun nümayəndələri, təşkilat üzvləri ictimai təşkilat olmağına baxmayaraq, dövlət səviyyəsində yoxlanmalı və bu işin nə qədər ciddi olmağının fərqinə varmalıdırlar. Ondan sonra dövlətimiz diasporumuzun gücünü hiss edəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info