“Rusiya-Azərbaycan münasibətlərinin əsas üstünlüyü onların proqnozlaşdırıla bilməsidir”
Tarix: 11.02.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Biz tərəfdaşımızın Azərbaycan olduğu hissədə öz cənub sərhədlərimizə görə arxayın ola bilərik”

Dünən Rusiyada Diplomatik İşçilər Günü kimi qeyd edilib. Bu münasibətlə “Komsomolskaya Pravda” qəzetində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə müsahibə dərc edilib. Səfir qeyd edib ki, bu gün Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərində əsas məsələ bu münasibətlərin sabit, səmimi xarakteri və hər iki ölkənin uğurlarına maraq məsələsidir.
Diplomat deyib: “Azərbaycanın müstəqil dövlət kimi mövcud olduğu illər ərzində biz bir-birimizi başa düşməyi öyrənmişik. Biz öz imkanlarımızı bilir və bundan artıq heç nə tələb etmirik. Azərbaycan da Rusiyaya münasibətdə eyni mövqe tutur. Bu, strateji tərəfdaşlıq adlanır. Azərbaycanla Rusiyanın münasibətlərinin əsas üstünlüyü - onların proqnozlaşdırıla bilməsidir. Biz tərəfdaşımızın Azərbaycan olduğu hissədə öz cənub sərhədlərimizə görə arxayın ola bilərik. Bizim üçün heç bir xoşagəlməyən gözlənilməz hadisə olmayacaq. Bu isə indiki mürəkkəb beynəlxalq şəraitdə çox vacibdir”. Səfirin fikrincə, ölkələrimiz arasında, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda əmtəə dövriyyəsinin vəziyyəti çox yaxşıdır. V.Doroxin vurğulayıb: “Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın aparıcı tərəfdaşlarından biridir. Azərbaycanda rus dilinə münasibətin çox yaxşı olmasına əsaslanan unikal müştərək proqramları xüsusi qeyd etmək istəyirəm. Deyə bilərəm ki, Rusiyanın aparıcı neft və neft-qaz şirkətləri azərbaycanlı həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir. Məsələn, “Lukoyl” Xəzərdə ən iri qaz yatağı olan “Şahdəniz” yatağının mənimsənilməsi üzrə beynəlxalq enerji layihəsinin səhmdarıdır. “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə sıx əlaqə saxlayır. Hazırda Azərbaycana Rusiya qazı satışının bərpasının mümkünlüyü məsələsi müzakirə edilir. SOCAR ilə Rusiyanın “Rosneft” neft-qaz şirkətinin yaratdığı müştərək müəssisə Avropada qeydiyyata alınıb. İldə bir milyon ton neft hasil edən “RussNeft” şirkəti də Azərbaycanda işləyir”. Rusiya səfiri yanvarın axırlarında istifadəyə verilmiş Transxəzər beynəlxalq nəqliyyat marşrutu barədə söhbət açaraq qeyd edib ki, bu nəqliyyat dəhlizi ilə bağlı məsələ Rusiya-Azərbaycan münasibətlərinin gündəliyinə daxil deyil. O deyib: “Biz əsla təşviş hissi keçirmirik, məsələni dramatikləşdirmirik. Dünyada dəmir yolları çoxdur. Onların bir qismi Rusiya ərazisindən, bir qismi ondan yan keçir. Bu, bazardır! Biz öz BAM yolumuzdan imtina etməyəcəyik. Rəqabət isə məlum olduğu kimi tərəqqinin hərəkətverici qüvvəsidir”. V.Doroxin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi mövzusuna toxunaraq vurğulayıb ki, nəqliyyat dəhlizi yaradılması məsələsi iki səbəbə görə Rusiya-Azərbaycan münasibətlərinin gündəliyinə daxil deyil: “Birinci səbəb siyasi xarakter daşıyır. Bu enerji resursları Azərbaycana məxsusdur. Azərbaycan həmin resurslardan istədiyi kimi istifadə edir. Bu onun hüququdur. İkinci səbəb iqtisadi xarakter daşıyır. Gəlin Azərbaycanın qaz nəql etmək imkanlarına baxaq. Proqnozlara görə, 2020-ci ilin əvvəlində Azərbaycan Avropa bazarına 10 milyard kubmetr qaz nəql edə bilər. Bu, ən yaxşı halda belə olacaq. Siyasi vəziyyət nəzərə alınmaqla, o vaxt üçün “Qazprom”un Avropaya nə qədər qaz nəql edəcəyini mən bilmirəm. Lakin həmin göstəricinin indiki səviyyədən az olacağını güman etmirəm. Bu isə təxminən 150 milyard kubmetrdir...”. Səfir Rusiya ilə Türkiyə arasında qarşılıqlı münasibətlərdə Azərbaycanın vasitəçilik rolu barədə sualın cavabında deyib: “Rusiya-Türkiyə münasibətlərində baş verən hadisələrlə əlaqədar Azərbaycanın narahatlığını Moskvada çox yaxşı başa düşürük. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində səsləndirilmiş mövqedə “vasitəçilik” sözü yoxdur. Onlar çox nəzakətli tərzdə bildiriblər ki, Azərbaycana eyni dərəcədə yaxın olan iki ölkə arasında münasibətlərdə yaranmış bu çətin vəziyyəti tənzimləmək üçün nə mümkündürsə, etməyə hazırdırlar. Deyə bilərəm ki, bu gün bu problemin həlli üçün Azərbaycanın öz imkanlarından istifadə etməsinə bizim ehtiyacımız yoxdur və Azərbaycan bunu düzgün başa düşür. Sonra nə olacağını həyat göstərər”. Səfir daha sonra deyib: “Əgər indiyə qədər Türkiyəyə gedən dörd milyon rusiyalı Azərbaycana gəlməyə başlasa, mən Rusiya Federasiyasının səfiri kimi özümü ən xoşbəxt insan hesab edərdim. Məmnuniyyətlə deyə bilərəm ki, bizdə turistlərin Azərbaycana marağı artmaqdadır. Qonşularımız özlərinə diqqəti cəlb etmək üçün yaxşı şans qazanırlar. Azərbaycanda turizmin inkişafı üçün perspektiv imkanlar var və ölkə bu istiqaməti prioritet istiqamətlərdən birinə çevirir”. V.Doroxin rusiyalılar tərəfindən Azərbaycanın öyrənilməsi problemini xüsusi qeyd edib: “Peşəkarlıq məsələsi mənim üçün xüsusilə vacibdir. Mən Azərbaycanda səfir kimi işləmək üçün getməyə hazırlaşanda baxdım görək bu respublika barədə nə yazılıb, nə çap edilib. Məlum oldu ki, Azərbaycanın müstəqil dövlət kimi mövcud olduğu 14 il ərzində Rusiyada bu ölkə barədə cəmi bir kitab çap edilib. Əyanilik üçün bir misal çəkim. 1991-ci ildə məni Macarıstana müşavir-elçi vəzifəsinə ezam etmişdilər. O vaxt Rusiya səfirliyində 51 diplomat işləyirdi. Onlardan 48 nəfəri macar dilində danışırdı. Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində 18 diplomat çalışır və Azərbaycan istiqamətində işləməyə peşəkar səviyyədə hazırlaşmış, yəni Azərbaycan dilindən əlavə, Azərbaycanın tarixini, bu ölkənin mədəniyyətini, iqtisadiyyatını da öyrənmiş bircə nəfər də yoxdur. Bu yaxınlarda səfirlikdə Ayla Məmmədova adlı bir qız işləməyə başlayıb. O, Azərbaycan dilində az-çox danışır. Bizdə indiyə qədər “azərbaycanşünaslıq” yoxdur, Azərbaycan istiqamətində siyasətin həyata keçirilməsi üçün elmi baza, ekspert bazası yoxdur. Yeri gəlmişkən, fikrimcə, bizdə Birliyin üzvü olan başqa ölkələrdə də siyasətin həyata keçirilməsi üçün ekspert bazası yoxdur. Moskvada bu vəziyyəti bilirlər və başa düşürlər ki, bu məsələ həll edilməlidir. Lakin bunun üçün vaxt lazımdır. Bu problemin siyasi, informasiya tərkib hissələri var. Azərbaycan bizim qonşumuzdur. Biz də öz növbəmizdə onu bu gün tanıdığımızdan daha yaxşı tanımalıyıq. Burada işlədiyim yeddi il ərzində görürəm ki, vəziyyət yavaş-yavaş dəyişir. Rusiya mətbuatında bu ölkə barədə materialların sayı artmağa başlayıb. Azərbaycanın adı, o cümlədən “Komsomolskaya Pravda”da dərc edilən yazılar sayəsində, daha çox səslənməyə başlayıb. Əlbəttə, azərbaycanlı həmkarlarımız da bu istiqamətdə daha çox fəallıq göstərməyə başlayıblar”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info