Dünən Qusarın Kirig kəndində yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib. 55 yerlik yeni binada azyaşlı uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.
Binada üç qrup otağı, yeməkxana, idman zalı, tibb otağı və inzibati otaqlar yerləşir. Bağçada müasir istilik sistemi quraşdırılıb. Binanın açılış mərasimində rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə, körpələrimizin sağlam inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, son illər Qusar rayonunda bir uşaq bağçası inşa olunub, ikisi isə əsaslı təmir edilib. Rayonda, ümumilikdə, 13 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.
|