“Iteca Caspian” şirkəti bu il 16 sərgi keçirəcək
Tarix: 17.02.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkəti bu il 16 sərgi və bir konfrans olmaqla, ümumilikdə 17 tədbir keçirməyi planlaşdırır. Sözügedən sərgilər müvafiq dövlət strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu da sərgilərin ölkə iqtisadiyyatındakı rolu və mövqeyinin əhəmiyyətini bir daha əyani şəkildə əks etdirir.
Şirkətdən bildirilib ki, hazırda 2016-cı ilin sərgi mövsümündə reallaşdırılacaq tədbirlərdə iştirak üçün müraciətlərin qəbulu həyata keçirilir. Bu il dörd sərgi öz yubileyini qeyd edir. Cari ilin sərgi mövsümü 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF 2016” və 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2016” sərgiləri ilə açıq elan olunacaq.
Ötən illər ərzində bütün Xəzəryanı regionda mühüm görüşlərin keçirildiyi, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi “HOREX” və “AITF” sərgiləri qonaqpərvərlik və turizm sənayesinin əsas tədbiri statusunu qazanmağa müvəffəq olub. Son bir neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev “AITF” sərgisini ziyarət edərək sərgidəki ekspozisiyalara baş çəkir və sərgi iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən həm turizm sahəsinə, həm də sərgiyə göstərilən diqqət turizm sahəsində işgüzar münasibətlərin inkişafını daha da stimullaşdırır. Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasındadır.
Bu il “AITF” sərgisində dünyanın 40 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro və Çex Respublikası milli pavilyonları sərgidə iştirak üçün yer rezervasiya ediblər. Həmçinin sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaq. AZTA-nın stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkündür. Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq. Həmişə olduğu kimi, sərgi ənənəvi sektorlarla yanaşı, “Tibbi və sağlamlıq turizmi” sektorunu da inkişaf etdirir.
“HOREX Caucasus 2016” sərgisində “Mehmanxana, Restoran və Kafelər” “HoReCa” sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distribüterlərin təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.
Maydan etibarən isə estafeti bu il öz 15 illik yubileyini qeyd edən Xəzər Beynəlxalq Dəmiryol İnfrastrukturu və Hərəkət Heyəti, Dəniz Sənayesi, Aviasiya, və Daşımalar və Logistika “TransCaspian” və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic” sərgiləri davam etdirəcək. İlk dəfə olaraq, bu il 3-cü Xəzər Beynəlxalq “Kater və Yaxtalar” “CIBS 2016” sərgisi “TransCaspian” və “Road & Traffic” sərgiləri ilə eyni platformada keçiriləcək.
İyunun 1-4-də regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgisi və regionun ən böyük ixtisaslaşdırılmış - 23-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2016” sərgi və konfransı çıxış edəcək.
Sentyabrda isə payız sərgi mövsümünə start veriləcək. Bu mövsüm çərçivəsində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016”, 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016”, 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016”, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri “Aqua-Therm Baku 2016”, 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “CIPS Caspian 2016” və 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgilərinin keçirilməsi planlaşdırılır.
Bütün dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, bazarın ən iri iştirakçıları bu sərgilərə sponsorluğunu davam etdirirlər və bu da tədbirlərin xüsusi statusunu göstərir. Belə ki, cari ildə keçiriləcək sərgilərin sponsorları arasında “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Global Energy”, “RusNeft”, “AZFEN J.V.”, “Tekfen Construction”, “Bos Shelf”, “SOCAR Polymer”, “Nobel Oil Upstream”, “Schlumberger”, “SNAM”, “INPEX”, “Caspian Geophysical”, “Qazax Sement Zavodu”, “NB Group” kimi şirkətlər var.
“Iteca Caspian”ın bu il üzrə tərəfdaşları arasında “SafeLife” şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), habelə rəsmi turoperator “Premier Tour” şirkəti, rəsmi otellər - “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, eləcə də “AzExpoMontage” şirkəti (rəsmi montajçı) yer alır. Hazırda şirkətlər yaxşı başa düşürlər ki, sərgilər problemləri müzakirə etmək və həll yollarını müəyyənləşdirmək üçün yaxşı imkandır. Hər bir şirkət özünü reklam etməklə yanaşı, ixtisaslaşmış tədbirlərə qatılmalı və həm özü, həm də istehsal etdiyi məhsullar barədə məlumat verməklə, yeni satış kanalları axtarmalıdır. Bu baxımdan, məhz sərgilər yeni imkanlar yaradaraq biznes perspektivlərini daha da genişləndirir. Hazırda, bir sıra şirkətlər öz qiymət siyasətlərini yenidən nəzərdən keçirir və özlərinə yeni podratçılar axtarır. Buna görə də, daim göz önündə olmaq və yeni əlaqələr qurmaq mühüm əhəmiyyət kəsb edir.
Sərgilərin keçirilməsi ilə bağlı daha ətraflı məlumat üçün “Iteca Caspian” şirkətinin rəsmi veb-saytına (www.iteca.az) müraciət etmək olar. Sözügedən veb-sayt bu il öz interfeysini tam dəyişib. Belə ki, indi veb-saytın daha dəqiq və aydın strukturu bütün zəruri materialları (sərgilərin təqvimi, fotoşəkillər, videomateriallar, eləcə də sərgilər və sərgi biznesi haqqında məqalələri) ehtiva edən bölmələrdən ibarətdir. Həmçinin, bu il sərgi brendlərini müştərilərə daha çox istiqamətləndirmək və onların tanınma səviyyəsini yüksəltmək məqsədi ilə “ITE” şirkətinin dünya brendlərinin sənaye qruplarına daxil olan bir sıra sərgiləri müsbət mənada dəyişikliyə məruz qalıb. Belə ki, Azərbaycan beynəlxalq “Qida sənayesi” “WorldFood Azerbaijan” və Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic” sərgiləri yeni brend və loqotiplə çıxış edirlər. Azərbaycanın birinci ixtisaslaşdırılmış sərgisi olan beynəlxalq “Xəzər Neft və Qaz” (Caspian Oil and Gas) sərgi və konfransının da loqosu dəyişib. Payız mövsümünə daxil olan və kompleks “rebrendinq” mərhələsindən keçmiş sərgilər arasında “CIРS Securika” sərgisi, eləcə də regionun ən genişmiqyaslı tədbiri olan “BakuBuild” sərgisi yer alır.
Beləliklə, paytaxt Bakı şəhərini zəngin sərgi mövsümü gözləyir. Bildirildiyi kimi, bu il bir neçə sərgi öz yubileyini qeyd edəcək. Buna görə də, təşkilatçılar tərəfindən iştirakçı və ziyarətçilərdə Bakıda keçirilən sərgilərlə bağlı parlaq və xoş təəssürat yaradacaq yubiley proqramları planlaşdırılıb. Həmişəki olduğu kimi, sərgilərdə həm eksponentlərin, həm də qonaqların rahatlığı üçün bir sıra xidmət növü təklif olunacaq, belə ki, “Fast Track” servisi vasitəsilə ziyarətçilərin onlayn qeydiyyatı bu il də davam etdiriləcək. Eksponentlər və sərgi qonaqlarının rahatlığı üçün bir sıra xidmətlər təklif olunacaq, belə ki, sərgiləri ziyarət etmək arzusunda olanlar üçün xüsusi rahat avtobuslar ayrılacaq. Bu avtobuslar sərgi ziyarətçilərini “Koroğlu” metro stansiyasında sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz daşıyacaq. Həmçinin, sərginin keçirildiyi ərazidə iştirakçılar üçün biznes və mətbuat mərkəzləri, eləcə də kafe və restoran fəaliyyət göstərəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info