Prezident “İmamzadə”də yaradılan şəraitlə tanış olub
Tarix: 17.02.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Prezident Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.
VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdü.
Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış etdi.
Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə etdi.
Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış etdilər.
Mübariz Yusifov “Gəncə İmamzadə ziyarətgahı” kitabını Azərbaycan Prezidentinə təqdim etdi.
Mərasimdən sonra dövlətimizin başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılıb. “İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.
Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.
Dövlətimizin başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldu.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dinimizə göstərdiyi qayğıya, bu dəyərli sənət əsərini Gəncəyə hədiyyə etdiyinə görə dövlətimizin başçısına şəhər sakinləri və dindarlar adından dərin minnətdarlığını bildirdi.
Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.
“İmamzadə” kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.
Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.
Məlumat verildi ki, yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq tikilib.
Kompleksin belə cazibədar görkəm almasına stimul verən əsas amil Prezident İlham Əliyevin görülən işlərə böyük diqqət göstərməsi olub. Təsadüfi deyil ki, dövlətimizin başçısı təmir-bərpa prosesi dövründə üç dəfə bu kompleksə gələrək işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev “İmamzadə” kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə müxtəlif illərdə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin ayrılması barədə sərəncamlar imzalayıb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.
Sonda “İmamzadə” dini kompleksində ehsan verildi.

AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info