“Fundamental elm pul qazanmalı və ölkənin maddi dəyərlər istehsalçısına çevrilməlidir”
Tarix: 18.02.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


İlqar Orucov: “Elm ilk növbədə təhsildən gəlməlidir”

Biliklər iqtisadiyyatının formalaşması və elmin cəmiyyətimizin inkişafında real rolunun artırılması olduqca önəmlidir. Bu və digər məsələlərlə bağlı olaraq suallarımızı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov cavablandırır.
- Gənc alimlər deyərkən kimlər nəzərdə tutulur?
- İlk növbədə gəlin “gənc alim” ifadəsinin kimləri əhatə etməsini aydınlaşdıraq. Qanunvericiliyə uyğun olaraq yaşı 16-29 yaş arasında olan və müdafiə edərək alimlik dərəcəsi diplomuna sahib olanlar gənc alimlərdir. Təbii ki, 16-25 yaş arasında gənclər bakalavr, magistratura və doktorantura pillələrində təhsil almaqla məşğuldurlar və ən yaxşı halda 25 yaşdan sonra elmi işi müvəffəqiyyətlə müdafiə etmək olur. Deməli, qanunvericiliyin tələbinə görə təxminən 4-5 il gənc alim olaraq fəaliyyət göstərmək olar. Bu yaşda elmi işini başa vuran gənclərin sayı xeyli azdır. Bir də var elmi fəaliyyətlə məşğul olan gənclər, hansılar ki, onlar hələ alim deyillər, amma bu məqsədlə çalışırlar. Təbii ki, onların sayı daha çoxdur.
2003-cü ildə ölkədə gənc alimlərlə bağlı işlərin əsaslarını quranda o zaman “gənc alim” ifadəsinə heç bir hüquqi-normativ sənəddə rast gəlinmirdi. Məhz biz o zaman gənclərin bu kəsiminin dövlətin gənclər siyasətində yer almasını təklif etdik. İlk dəfə olaraq “gənc alim”, “elmi gənclik” ifadələri gənclər sektoruna və cəmiyyətə transfer olundu. Bu bizim işlər idi və bu gün bunları fərəhlə qeyd edirik. Hələ o zaman da, indi də fikirləşirəm ki, gənc alimlərin yaş məhdudiyyətini 29 yaşadək bir limitdə göstərmək düzgün deyildir. Təklif etdim ki, gənc alimlərin yaşı 40 yaşadək artırılsın və ayrıca bir bənd kimi göstərilsin. Bununla bağlı, hələ ki, heç bir sənəddə əksini tapmamış bir razılıq vardır.
- Gənc alimlərin yaş məhdudiyyətinin artırılmasını təklif etməkdə məqsəd nə idi?
- Bu, fiziki yaş göstəricisi kimi qəbul edilməməlidir. Bu, elmdə gənclik yaş dövrü deməkdir. Bu yaşda elmdə olan mütəxəssis daha böyük enerji və həvəslə çalışır. Bu əksər Avropa dövlətlərində də bu cür qəbul edilir. Elmdə gənclik yaş dövrü deyəndə 31-40 yaş mərhələsi başa düşülür. İlk növbədə bu kateqoriya gənclərin fəaliyyətlərini stimullaşdırmaq, onların gənc alimlər üçün nəzərdə tutulan elmi qrant layihələrində iştiraklarını təmin etmək, eyni zamanda, gələcəkdə gənc alimlərin müəyyən problemlərinin həllinə yönəlmiş dövlət proqramlarından, eyni zamanda güzəştli ipoteka kreditlərindən yararlanmalarına şərait yaratmaq üçün bu təklif irəli sürülmüşdü. Hesab edirəm, nə vaxtsa bu məsələ özünün hüquqi həllini tapacaq.
- Hazırda gənc alimlərin hansı problemləri var. Bu problemləri necə təsvir edərdiniz? Gənclərdə elmə həvəs yaratmaq üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Yuxarıda qeyd etdim və yenə də xatırlatmaq istəyirəm ki, müstəqil Azərbaycan Respublikasında gənc alimlərin bir kəsim olaraq gənclər sektorunda yer alması işinin əsasını rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti qoyub. Və artıq əminliklə deyə bilərik ki, bu həssas və qayğı tələb edən gənclər qrupunun problemlərini də ilk dəfə biz müvafiq qurumlar qarşısında qaldırmışıq və növbəti mərhələdə 10 ilə yaxın bir müddətdə Milli Elmlər Akademiyasında bu proseslərin daha mütəşəkkil formada davam etməsini təmin etdik. Və artıq elmi gəncliyin bəzi problemlərini zamanla qarşılaya bildik. Ona görə də bugünkü elmi gəncliyi narahat edən problemlər, 10-15 il əvvəlki problemlərdən nisbətən fərqlənirlər. Elə məsələlər var ki, həllini tapıblar, elələri də var ki, onların həllinə zaman lazımdır. Problemləri təsnifatlandırsaq, sosial problemlər və növbəti sırada isə elmi fəaliyyət zamanı meydana gələn sırf peşə probemləri daha böyük üstünlük təşkil edir.
Sosial problemlər, ilk növbədə əməkhaqları ilə bağlı məsələlərdən qaynaqlanır. Hesab edirəm, elmi sferada ciddi və köklü islahatlara ehtiyac var. Elmin idarə edilməsindən tutmuş, elmin cəmiyyətin inkişafında həlledici rol oynamasını təmin etməyə qədər ciddi problemlər mövcuddur. Elmdə islahatlar bir institutu ləğv edib, ikisini yaratmaq deyil, islahat təkcə bahalı cihazlar almaq demək deyil, institut binalarını təmir etməklə iş bitmir və ya hansısa bir istiqamətə yüksək məbləğdə qrantları yönəltmək deyil. Mən tamamilə o fikirdəyəm ki, artıq 21-ci əsrdə fundamental elm iqtisadiyyata təsir edə bilmirsə və lokomotiv funksiyasını üzərinə götürə bilmirsə, o, artıq elm deyildir, sadəcə, elm adı altında bir görüntüdür. Bəzən bizim elmi ictimaiyyət müqayisəni elmtutumlu ölkələrdə ümumdaxili məhsulun elmə düşən payının faiz nisbətilə apararlar. Sanki bir düşüncə hakimdir ki, bizdə də bu pay artırılsa, hər şey yaxşı olar. Elmə ayrılan vəsait o zaman artırıla bilər ki, elm özünü doğrultsun və qoyulan vəsaiti qat-qat artıqlaması ilə qaytara bilsin. Mən bizim reallıqda buna inanmıram və reallıq ondan ibarətdir ki, bizim elm ölkənin inkişafı ilə müqayisədə hələ çox geridədir. Halbuki biz inkişaf etmiş elmdən danışırıqsa o, ölkənin ümumi inkişafından bir neçə addım öndə olmalı idi. Elmə vəsait artırılanda bu, binaların təmiri və elmi qurumların rəhbərlərinin bahalı avtomobillərinin alınmasına gedəcəksə, bu, elmin inkişaf etdirilməsi deyil. Bir-birini təkrarlayan, sovet dövründən qalma elmi müəssisələr azmış kimi, ən yaxşı halda, hansısa institutun bir şöbəsi ola biləcək adda institut yaratmaqla elm inkişaf etmir. Bu gün bilik iqtisadiyyatından əsər-əlamət yoxdur. Elmtutumlu iqtisadiyyat bizim üçün anlayışdan başqa bir şey deyil. Nə qədər təkrar institutlar var və ölkənin bugünkü dövründə nə ehtiyac var bu qədər yaxın profilli institutlara? Hər birinin də aparat xərcləri, texniki heyəti, rəhbər heyəti, hər birinin bahalı cihazlarla təmin olunmuş laboratoriya sistemləri, artıq enerji məsrəfləri, artıq binalar, kommunikasiyalar. Elmi siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti qurumu faktiki olaraq yoxdur. Təhsil və Elm Nazirliyinin yaradılmasında artıq illərdir gecikirik. Bu nazirlik yaradılmalı və elmi idarə edə biləcək menecerlər hazırlanaraq administrativ rəhbərliyi həyata keçirməlidirlər. Fundamental elm pul qazanmalıdır və ölkənin maddi dəyərlər istehsalçısına çevrilməlidir. Humanitar və ictimai elmlərdən maddi nəsə gözləyə bilmərik, amma onların cəmiyyətə verəcəyi mənəvi dəyərlər isə daha faydalıdır. Əminəm ki, yaşlı nəsil bunu, sadəcə olaraq, bacarmayacaq, bu çətin prosesin altına çiynini verə biləcək və yeni çağırışlara cavab verəcək gənclik isə yetişdirilməlidir. Elmi inkişaf etdirmək üçün birinci növbədə kadr potensialını formalaşdırmaq lazımdır. Bizdə isə elm çox “qocadır”. Alimlərin orta yaşı haradasa 65 yaş civarındadır. Son dövrlərdə bir çox elmi-tədqiqat müəssisələrində kütləvi şəkildə magistrlərin işə qəbulu aparılmaqla guya elmin cavanlaşmasını göstərmək cəhdləri və bununla öyünənlərə də rast gəlmək olur. Amma, magistr və doktorant hələ alim deyil, elmi kadr potensialı bununla ölçülmür. Hesab edirəm daha çox xaricdə təhsil alan gəncləri elmə cəlb etmək haqqında düşünülsə və onlarda motivasiya yaradılsa, bu daha yaxın perspektiv üçün faydalı ola bilər.
Olduqca gözəl bir ənənəni Təhsil Nazirliyi bu gün də davam etdirir. “Sabahın alimləri” müsabiqəsi orta məktəbin yuxarı sinif şagirdlərində elmə həvəs yaratmaq baxımından önəmli addımdır. Amma bu, stimullaşdırmanın və həvəsləndirmənin bir hissəsidir. Bu hərəkatı genişləndirməklə bərabə, orta məktəb şagirdlərinin və ali məktəb tələbələrinin keyfiyyətli təhsilini formalaşdırsaq və elmi işçilərin sosial müdafiəsini gücləndirsək, gələcəyin alimləri barədə narahatçılıq aradan qalxacaq.
(ardı var)
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info