Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Birgə Bəyannamə imzalayıb
Tarix: 20.02.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Dünən Tbilisidə Azərbaycan, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidzenin beşinci üçtərəfli görüşü keçirilib. Görüşdə bir neçə gün əvvəl Ankarada və Diyarbəkirdə törədilmiş terror aktları qətiyyətlə pislənilib. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha bəyan edib, türk xalqına başsağlığı veriblər.
Onlar terrorla mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha diqqətə çatdırıblar. Söhbət zamanı üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib, strateji tərəfdaşlığın, siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirilməsində əməkdaşlığın dərinləşdirilməsinin önəmi qeyd edilib. Regionda mövcud olan münaqişələrin sülhə, sabitliyə və iqtisadi inkişafa mane olduğu vurğulanıb, bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinin vacibliyi bildirilib. Bundan başqa, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. “Cənub” qaz dəhlizinin inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına enerji resurslarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstək ifadə olunub. Bütün iştirakçı ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolu qeyd edilib. Üç ölkənin dövlət institutları və özəl sektorunun iştırakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes-forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılıq əldə olunub. Tərəflər qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair üçtərəfli dialoqu daha da genişləndirmək, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək üçün qətiliklərini bir daha qeyd ediblər. Növbəti görüşün bu il Azərbaycanda keçirilməsi qərara alınıb. Nazirlər beşinci üçtərəfli görüşün yekunları ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Sonra görüşün nəticələrinə həsr olunan birgə mətbuat konfransı keçirilib. Elmar Məmmədyarov bildirib ki, görüşün nəticəsi olaraq imzalanmış Tbilisi Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə olunub. Regiondakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının müvafiq sənədləri əsasında həll olunmasının vacibliyi vurğulanıb. Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, eləcə də regiondakı digər münaqişələr beynəlxalq əməkdaşlıq və təhlükəsizlik üçün təhdid olaraq qalır. O bildirib ki, dövlətlərin ərazi bütövlüyü və sərhədləri güc tətbiq olunmaqla dəyişdirilə bilməz. Azərbaycan dövlətinin bu məsələdə prinsipial mövqeyi hamıya bəllidir və təəssüf ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir və bu da münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Bu məsələ digər nazirlər tərəfindən də təsdiq olunub və Bəyannamədə öz əksini tapıb. Qeyd edilib ki, görüşdə, həmçinin Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi -Qars dəmir yolu və digər layihələrin əhəmiyyəti vurğulanıb. Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya nəql olunmasının önəmi qeyd edilib. Vurğulanıb ki, bu layihələr ölkələrimizlə yanaşı, Avropanın da təbii qaza olan ehtiyaclarının ödənməsində əhəmiyyətli rola malikdir. Bundan başqa, görüşdə terrora qarşı birgə mübarizənin vacibliyi qeyd edilib. Mixail Canalidze deyib ki, Gürcüstan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Ərazi bütövlüyü və sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Nazir vurğulayıb ki, ölkəsi regionda həyata keçirilən layihələrə böyük önəm verir və bu sahədə mövcud olan problemlərin birgə həllinə tərəfdardır. Mövlud Çavuşoğlu terrora qarşı birgə mübarizənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, bəzi dövlətlər hələ də terrorun nə olduğunu tam dərk etmirlər. Nazir deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mövqeyi dəyişməzdir və biz bu problemin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunan M.Çavuşoğlu diqqətə çatdırıb ki, layihə üzrə tikinti işləri bu ilin sonuna tam başa çatdırılacaq.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info