Hər zaman öz dəyərini saxlayacaq yaradıcılıq
Tarix: 22.02.2013 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın qədim türk tayfalarından sayılan baharlı tayfası müxtəlif tarixi dövrlərdə dövlət, elm, mədəniyyət xadimləri ilə tanınıb. Baharlı tayfası Azərbaycanın, ümumiyyətlə, Şərqin ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynayıb. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları baharlılardır.
Baharlı tayfasının layiqli övladlarından biri də Nəcəfqulu bəy Vəliyevdir. Nəcəfqulu bəy XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan, Vorucerd, Nəhavənd hakimi Əlişəkər bəy Baharlının nəslindəndir.
Əlişəkər bəy Baharlının nəslindən olan Nəcəfqulu bəy Vəliyevin ulu babaları Bayram xan Abdulla xan oğlu Baharlı Qarabağ xanı Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1715-1795) isə Pənahəli xanın və İbrahimxəlil xanın zamanlarında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak ediblər.
İbrahimxəlil xanın vəziri kimi Mirzə Vəli bəy Baharlının Molla Pənah Vaqifin saraya gəlməsində rolu, Ağa Məhəmməd şah Qacarla apardığı diplomatik danışıqları, Tehranda qəddarlıqla qətlə yetirilməsi Qarabağa aid yazılan salnamələrdə xüsusi qeyd olunub. Onun faciəli ölümündən sonra nəslinin davamçıları öz soyadlarını babalarının adı ilə - Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili adlandırıblar.
Nəcəfqulu bəyin ata babası Hacı Həsənəli bəy Mirzə Vəli bəyin dördüncü oğlu idi. Onun atası Mirzə Məhəmmədhəsən bəy də babasının adının şərəfinə Vəliyev soyadını daşıyıb. Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev çar ordusunda qulluq edib, ərəb, fars, rus dillərini mükəmməl bilib. O, Şirvan seyidlərinin şəcərələrini ərəb dilindən rus dilinə tərcümə etdiyi üçün çar hökuməti tərəfindən medalla mükafatlandırılıb. “Əhvalati-Qarabağ” (transliterasiya edən Nazim Axundov) Mirzə Məhəmmədhəsən bəy Vəliyev haqqında məlumat yazılıb.
Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəyin böyük övladıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan Şuşa şəhərində yaşamış bəylərin siyahıya alınması sənədlərinə görə, Nəcəfqulu bəy Vəliyev təxminən 1858-ci ildə anadan olub. O, ilk təhsilini ruhani məktəbində alıb, Quba şəhər məktəbində oxuyub. Nəcəfqulu bəy rus, fars dillərini mükəmməl bildiyi üçün uzun illər Bakı quberniya idarəsində tərcüməçi işləyib. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1886-cı ilə aid arxiv sənədinə əsasən, Nəcəfqulu bəy Bakı quberniyası katibi vəzifəsində çalışıb.
Nəcəfqulu bəy Vəliyev Mir Möhsün Nəvvabın Şuşada təşkil etdiyi “Məclisi-fəramuşan” ədəbi məclisinin fəal üzvü olub, “Şeyda” təxəllüsü ilə klassik üslubda şeirlər yazıb. Onun haqqında ilk məlumat və yaradıcılığından bəzi nümunələr Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” (Bakı, 1998) əsərində verilib. Bu kitaba daxil edilmiş Nəcəfqulu bəy Baharlı sərlövhəli yazıda qeyd edilib: “Nəcəfqulu bəy Mirzə Məhəmməd Həsən bəy oğlu Baharlı Qarabağ vilayətinin əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. 33 yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin övladlarındandır. (Mirzə Vəli bəy Baharlı-O.Z.B). Bəzən şeir yazır. Aşağıda yazılmış müxəmməs onun şeirlərindəndir. Təxəllüsü Şeydadır”. Kitabda Mirzə Yəhya bəy Qarabaği adlı şair haqqında da yazılıb. “Təzkireyi-Nəvvab”ı çapa hazırlayan və ön sözün müəllifi filologiya elmləri namizədi Əkrəm Bağırov bir sıra faktları əsas gətirərək Nəcəfqulu bəy Baharlı ilə Mirzə Yəhya bəy Qarabağinin eyni şəxs olması qənaətinə gəlib.
Nəsrəddin Qarayevin topladığı və tərtibçisi olduğu “Poetik məclislər” (Bakı, 1987) kitabına Nəcəfqulu bəy Vəliyevin bir müxəmməsi daxil edilib. Nəcəfqulu bəy Vəliyevin yaradıcılığı ilk dəfə kitab halında 2006-cı ildə Bakıda çap edilib. Nailə Mustafayevanın nəşrə hazırladığı Nəcəfqulu bəy Vəliyevin “Şeirlər” adlanan bu kitabına müəllifin qəzəlləri, müxəmməsləri, müstəzadları, rübailəri, dübeytləri, müxtəlif şeirləri, qitə, hekayə və əfsanələri, tərcümələri, tövbənaməsi daxil edilib. “Şeirlər” kitabında müəllifin müxtəlif illərdə yazdığı ədəbi yaradıcılığından nümunələr verilib. İlk şeir 1886-cı ilə aid qəzəlidir. Kitaba daxil edilmiş sonuncu şeir nümunəsi 1936-cı ildə yazılıb. 1936-cı il tarixini əsas götürən kitabın redaktoru filologiya elmləri namizədi Paşa Kərimov “Nəcəfqulu bəy Şeydanın şeirləri” sərlövhəli məqaləsində onun ən azı 78 il yaşadığını yazıb.
Nəcəfqulu bəy Vəliyev eyni zamanda Azərbaycanın teatr tarixində həvəskar aktyor kimi tanınır. O, teatr truppalarında iştirak edib, bir-birindən maraqlı obrazlar yaradıb. Onun və aktyor qardaşı Əbülfət bəy Vəlinin adları H.Mahmudbəyov, C. Zeynalov, H.Ərəblinski, H.Q.Sarabski, M.Əlvəndi kimi görkəmli teatr xadimləri ilə bir sırada çəkilir. Nəcəfqulu bəy Vəliyevin aktyorluq fəaliyyətinin tədqiqatçısı professor Cəfər Cəfərov yazıb ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Hacı Qara” tamaşasında Hacı Qara obrazını ilk dəfə Əsgər bəy Adıgözəlov oynayıb. Bu rolun ikinci ifaçısı isə Nəcəfqulu bəy Vəliyevdir.
Azərbaycanın professional musiqili teatrının banilərindən biri, Azərbaycanın Xalq artisti Hüseynqulu Sarabski xatirələrində Nəcəfqulu bəy Vəliyevi yaxın qohumu Ağabba bəyə görə tanıdığını, onun sayəsində teatra maraq göstərdiyini bildirib. O, qeyd edib ki, Nəcəfqulu bəy Vəliyevin evində Nəriman Nərimanovla tanış olub.
Nəcəfqulu bəy Vəliyev görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin bacısı qızı İmarət xanımla ailə qurub, dörd övladı olub. Görkəmli ensiklopedik alim, repressiya qurbanı Məhəmmədhəsən bəy Vəlili (Baharlı) Nəcəfqulu bəyin üçüncü övladıdır.
Bu il Nəcəfqulu bəy Vəliyevin anadan olmasının 155 ili tamam olur. Onun həyatı və yaradıcılığı az tədqiq edilməsinə baxmayaraq, bu gün də tədqiqatçıların diqqət mərkəzindədir. Baharlı tayfasının bu görkəmli övladının yaradıcılığı onilliklər keçməsinə baxmayaraq, hər zaman öz dəyərini saxlayacaq.
Orxan ZAKIROĞLU (BAHARLI)




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info