“Qeyri-neft sektorunun inkişafını sürətləndirmək qaçılmazdır”
Tarix: 24.02.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Orxan Kərimzadə: “Böyük uğurlar qazanmağın əsas şərtlərindən biri başqalarının görə bilmədiyini görməkdir”

Müsahibimiz London İmperial Kollecində Dayanıqlı Enerji mənbələri ixtisası üzrə magistr təhsili alıram Orxan Kərimzadədir:

-Öncə özünüzü təqdim edin və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verin.
-Mən, Kərimzadə Orxan 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft Akademiyasının (indiki, Neft və Sənaye Universiteti) Energetika fakültəsində və Cənubi Koreyanın KAİST (Koreya Yüksək Elm və Texnologiya Universiteti) universitetində Elektrik və elektronika ixtisası üzrə bakalavr təhsili almışam. Hazırda Böyük Britaniyanın, London İmperial Kollecində Dayanıqlı Enerji mənbələri ixtisası üzrə magistr təhsili alıram. Ümumilikdə bir kitab və 10 elmi məqalənin müəllifiyəm. Məqalələrim dünyanın bir neçə ölkələrində beynəlxalq jurnal və konfranslarda nəşr olunub. Elmi tədqiqatla tanışlığım Azərbaycan Dövlət Neft Akademiyasında təhsil aldığım vaxtdan başlayıb. Elmi rəhbərim Energetika fakültəsinin professoru Yaşar Abdullayev elektromaqnit levitasiya mövzusunda Azərbaycanda yeganə mütəxəssisdir və ilk tədqiqatlarımı Yaşar müəllimin rəhbərliyi altında aparmışam. Elmi fəaliyyətim elektromaqnit levitasiya məsələləri, maqnit levitatorlarının optimizasiya məsələləri, naqilsiz elektrik enerjisinin ötürülməsi və alternativ və bərpa olunan enerjinin bir neçə növünü əhatə edir. Hazırda magistr tezisimin mövzusu olaraq Virtual Elektrik Stansiyaları mövzusunda tədqiqat aparıram.
-Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
-Məncə, bərpa olunan enerjinin önəmi artıq hər kəsə məlumdur və bu haqda danışmağa ehtiyac yoxdur. Bütün ölkələr mövcud enerji mənbələrindən maksimum istifadə etməyə çalışırlar. Təbii ki, bu sahədə də kifayət qədər texniki və iqtisadi problemlər və çətinliklər var. Əsas problemlərdən biri odur ki, bu tip stansiyalar, adətən, böyük ilkin investisiya tələb edir, bunun üçün dövlətin dəstəyi və investorların cəlb olunması mütləqdir. Texniki problemlərdən biri alternativ enerjinin mövcud elektrik şəbəkəsinə inteqrasiyası məsələsidir. Dediyim kimi, indi magistr tezisimin üzərində çalışıram, Virtual Elektrik Stansiyaları günümüzdə energetikada trend mövzulardandır və bərpa olunan enerjinin elektrik şəbəkəsinə inteqrasiyası zamanı yaranan problemləri və şəbəkənin optimallaşdırılması məsələlərini əhatə edir. İstənilən ölkə böyük həcmdə bərpa edilən enerjidən istifadə etdikdə bu problemlə rastlaşır və bu problemlərin aradan qaldırılması üçün dünyada böyük tədqiqatlar aparılır.
-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
-Təəssüf ki, Azərbaycanda bu sahədə, demək olar, heç bir tədqiqat aparılmır. Yəqin ki, bunun əsas səbəbi maliyyə məsələsidir. Xarici ölkələrdə universitetlərin və tədqiqat institutlarının əsas gəlir mənbəyi istehsalat müəssisələri və şirkətlərdir. Bir çox hallarda aparılan tədqiqatlar zamanı prototiplərin hazırlanması, müəyyən avadanlıqlar lazım olur, konfrans və jurnallarda məqalələrin çap olunması üçün maliyyə dəstəyinə ehtiyac yaranır. Bizdə bu sahədə çox ciddi problemlər var, məsələn, mən Yaşar müəllimlə işlədiyim vaxtlar biz bütün xərcləri özümüz qarşılamalı olurduq və çox vaxt bu səbəbdən konfranslarda iştirak edib məqalələrimizi təqdim edə bilmirdik. Digər qeyd etmək istədiyim məsələ, tədqiqatlar zamanı institutlararası və ölkələrarası əməkdaşlıq çox önəmlidir. Xarici ölkələrdəki proyektlərə baxsanız əksəriyyəti bir necə qurumun, bəzən fərqli ölkələrdə olan tədqiqat mərkəzlərinin ortaq məhsuludur.
-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
-Azərbaycan həmişə neft-qaz ölkəsi kimi tanınıb və alternativ və bərpa olunan enerjiyə o qədər də maraq olmayıb. Artıq biz başa düşürük ki, neftə güvənmək olmaz, və qeyri-neft sektorunun inkişafını sürətləndirmək qaçılmazdır. Azərbaycanın öz enerji təchizatının böyük bir hissəsini yaşıl enerjidən təmin etməsi üçün kifayət qədər potensialı var və bunu həyata keçirilməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur.

“Müasir dövrdə bərpa olunan enerji olmadan energetikadan danışmağın heç bir mənası yoxdur”

Azərbaycanda Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir və bu sahədə artıq müəyyən işlər görülüb, bir necə günəş və külək stansiyaları fəaliyyət göstərir. Amma bu kifayət deyil, bu prosesə ali təhsil müəssisələri və tədqiqat institutları qoşulmalıdır. Alternativ və bərpa olunan enerjinin inkişafının birinci şərti bu sahədə tənzimləyici qanunların və dəstək mexanizmlərinin olmasıdır. Bu investorları maraqlandırmaq və insanları yaşıl enerjidən istifadə etməsini stimullaşdırmaq üçün ən önəmli şərtlərdən biridir. Dünyada bunun üçün bir neçə mexanizmlər var və hər bir ölkə bu qanunları fərqli formada öz tələblərinə uyğun tətbiq edir. Azərbaycanda bu mövzud, hələ ki, kifayət qədər boşluqlar və çatışmazlıqlar var.
-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
-Mənim ən çox təəssüfləndiyim məsələlərdən biri Azərbaycanda, Dövlət Texniki Universitetdən başqa, digər ali təhsil müəssisələrində bu sahədə ixtisasların olmamasıdır. Bir çox universitetlərimizdə Energetika fakültəsi və ya ixtisası var, amma onların heç birində alternativ və bərpa olunan enerjiyə aid dərslər yoxdur və bu qəbuledilməzdir. Müasir dövrdə bərpa olunan enerji olmadan energetikadan danışmağın heç bir mənası yoxdur. Bizim tədqiqatçılarımız, adətən, rusdilli jurnal və konfranslarda məqalələrini çap edirlər. Bəzən bu məqalələrin arasında, həqiqətən, dəyərli işlər olur və ingilis dilli alimlər, mütəxəssislər bu məqalə və tədqiqatlarla tanış ola bilmirlər. Azərbaycandakı professor və alimlərin əksəriyyəti sovet təhsilli olduğu üçün ingilis dilində məqalələr yazmamaqları başa düşüləndi. Bunun üçün onlar xarici dil bilən və bu sahəyə marağı olan gəncləri bu tədqiqat proseslərinə cəlb etməlidirlər və onların vasitəsilə ingilisdilli məqalələrlə çıxış etməlidirlər.
-Azərbaycanda və xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
-Azərbaycanda təhsil alan gənclərə məsləhətim odur ki, ilk növbədə ingilis dili biliklərin artırsınlar. Elmin dili ingilis dilidir və bunu bilmədən ümumiyyətlə elmdən danışmağa dəyməz. Qeyd edim ki, uğur qazanmaq üçün xaricdə təhsil almaq mütləq deyil. Bir şeyi yadda saxlamaq lazımdır- insan gördüyü işdən zövq almalıdır və zövq aldığı müddətdə çətinliklər insanın gözünə görunmür. Yalnız bu yolla yüksək nəticələr əldə etmək olar. Ona görə gənclər sevdikləri işlə məşğul olmalıdırlar. Bəzən bizdə uşaqların ixtisas seçiminə valideynlər müdaxilə edirlər və bu, insanların bir ömür sevmədikləri işlə məşğul olmalarına gətirib çıxarır.
Xaricdə təhsil alan gənclərə tövsiyə edərdim ki, tədqiqat və ya tezis mövzularını seçəndə həmin sahənin Azərbaycanda tətbiqi haqqında da düşünsünlər, imkan daxilində ölkəmizdə həyata keçirilə biləcək istiqamətlər seçsinlər. Elə mövzular var ki, onlar indi aktual deyil. Amma gələcəkdə onlara böyük ehtiyac olacaq. Bu sahələri və istiqamətləri tapıb onların üzərində işləmək lazımdır. Bu, bir az da insandan uzaqgörənlik tələb edir. Amma böyük uğurlar qazanmağın əsas şərtlərindən biri də elə budur- başqalarının görə bilmədiyini görmək.
-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
Gələcəkdə üzərində işləmək istədiyim bir neçə mövzular var, hansılar ki, nə vaxtsa məşğul olmuşam, amma vaxt olmadığından davam etməmişəm. Onlarla məşğul olmaq istərdim. Həmçinin təhsilimi doktorantura pilləsində davam etdirməyi də düşünürəm. Eyni zamanda, Azərbaycanda bu sahədə görmək istədiyim çoxlu işlər, ideya və planlarım var. Amma bunlardan hansının daha prioritet olduğun hələ özüm üçün təyin etməmişəm. Yəqin ki, bunu zaman göstərər.
İlkin Ağayev,
Bakı-London




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info