Ermənilər azərbaycandilli saytlar yaradırlar
Tarix: 23.02.2013 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Azər Həsrət: “Ona görə də online media ilə bağlı tənzimləmə olmalıdır”

Bu gün yeni media vasitələri ənənəvi medianın alternativi olmaqdan əlavə, həm də cəmiyyətin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu mənada “yeni media” anlayışı internetlə bağlı olmaqla, daha geniş spektri əhatə edir. Belə ki, “yeni media” dedikdə, biz online qəzet və portallar, online televiziyalar, sosial şəbəkələr kimi çeşidli media vasitələrini başa düşürük. Buradan görünür ki, “yeni media” anlamı çox fərqli çeşiddə, amma bir məkanda - internetdə mövcud olan və fəaliyyət göstərən kütləvi informasiya vasitələrini göstərmək üçün işlədilən ümumi anlayışdır. Yəni bu ümumiliyin əhatə etdiyi müxtəlif yeni media çeşidləri vasitəsilə cəmiyyət sürətli informasiya almaq imkanı qazanır. Nahaq yerə demirlər ki, 21-ci əsr informasiya əsridir.
Bu baxımdan Azərbaycanın sürətlə internetləşməsi, ölkəmizdə mövcud olan internet azadlığı, bu sahədə olan kriteriyalara görə də regionda öncüllərdən biri olmağımız müsbət göstəricilərdəndir. Amma eyni zamanda o da unudulmamalıdır ki, informasiya əsri eyni zamanda “informasiya savaşı” əsridir. Yəni bu gün ən doğru xəbər işıq sürəti ilə yayıldığı kimi, qərəzli məqsədlərlə ortaya atılmış yalan xəbər də eyni sürətlə yayılır. Eyni zamanda cəmiyyətin fəaliyyətinin çox mühüm hissəsinin online rejimə daşındığı bir dönəmdə hər hansı bir dezinformasiya çox asan bir şəkildə cəmiyyəti çaşdırmaq imkanına malikdir. Heç bir cəmiyyət bu məsələlərdən xali deyil. Ən çox inkişaf etmiş ölkələrin belə, yeni media ilə bağlı ciddi problemlər yaşadığı, hətta Böyük Britaniya, ABŞ kimi güclərin başçılarının sosial şəbəkələrə məhdudiyyət və qadağalar tətbiq edilməsi məsələsini qaldırdıqları günümüzdə baş verən hadisələrdir. Bir sözlə, yeni media özü ilə həm də yeni problemlər gətirib. Bu problemlərə çevik yanaşma isə informasiya cəmiyyətinin formalaşması, internet təhlükəsizliyinin təmin edilməsi, online medianın daha yüksək və sivil səviyyədə formalaşması məsələlərində hər bir dövlətin bacarmalı olduğu vacib məqamlardır.
Qeyd edək ki, Azərbaycanda da online media ilə bağlı bir sıra məsələlər diqqət çəkməkdədir. Bu barədə qısaca bildirmək mənzərəni təsvir etmək üçün kifayətdir. Çünki hər birimiz gündəlik olaraq bu problemlərlə qarşılaşırıq.
Beləliklə, birincisi, yeni yaranan xəbər saytlarının bolluğunda bir çox hallarda təhqir və böhtanlara, şantaja yol verən saytlara da rast gəlinir. Məsələn, yol verdikləri nöqsanlara və təhqirlərə görə Mətbuat Şurası tərəfindən “reket” elan olunan qəzetlərin başqa adlar altında online nümunələrinə rast gəlinir. Yaxud da hər hansısa sayt faktiki olaraq “reketliklə” məşğul olur, amma qanunvericilikdə bu cür saytlara hər hansı məhdudiyyət və qadağa qoymaqla bağlı müddəa olmadığına görə onlar maneəsiz fəaliyyət göstərir və “online reket”liklərini davam etdirirlər. Bu isə “online reketlik” üçün digərlərini də faktiki olaraq şirnikləndirir və onların da normal jurnalistikadan uzaq olan bu cür destruktiv fəaliyyətə keçməsinə münbit şərait yaranır. Bu barədə təkcə online saytların yox, online televiziyaların fəaliyyətini də qeyd etmək olar...
Bu məqamdan başqa, bu gün online mediada jurnalist etikasının pozulması ilə bağlı hər hansı tənzimləmələrin olmaması da problemi bir qədər də aktuallaşdırır...
Bundan başqa, bu gün Ermənistan Azərbaycana qarşı informasiya savaşı aparır. Əslində bu savaş təkcə Ermənistan tərəfindən yox, ümumiyyətlə, antiazərbaycan qüvvələr tərəfindən yönləndirilir. Bu savaşda Azərbaycan cəmiyyətində təxribatlar törətməyə hesablanmış saytları xüsusi qeyd etmək lazımdır. Harda qeydiyyatdan keçdiyi, ofisinin harda olduğu bilinməyən bu cür saytlar çox vaxt xarici domenlərlə fəaliyyət göstərirlər. Araşdırmalar göstərir ki, faktiki olaraq erməni xüsusi xidmət orqanları tərəfindən yönləndirilən azərbaycandilli saytlar da mövcuddur və onların Azərbaycanla bağlı pozucu fəaliyyəti barədə də qeyd edilir.
Mətbuat Şurasında internet resursları üzrə komissiyanın üzvü Azər Həsrət də bizə bu sahə ilə bağlı müəyyən tənzimləmələrə zərurət olduğunu bildirir. O, Mətbuat Şurasında bu sahə ilə bağlı komissiyanın yaradılmasını isə belə izah edir: “Düşünürük ki, ənənəvi media öz yerini online mediaya verməkdədir. Yaxın illərdə online media, yəqin ki, tam üstünlük qazanmış olacaq. Ona görə də Mətbuat Şurası da öz fəaliyyətini buna uyğun qurmalıdır. Bütün bunları nəzərə alaraq Mətbuat Şurasında belə bir komissiyanın yaradılması zərurəti ortaya çıxdı. Sonra təklif olundu ki, biz də orada iştirak edək. Çünki bu, gələcəkdə Mətbuat Şurasının özünün də fəaliyyət dəyişikliyi ilə bağlı bir məsələdir. Çünki Mətbuat Şurasının da Media Şurasına çevrilməsi, ənənəvi infortmasiya vasitələri ilə bərabər online media məsələləri ilə də məşğul olması üçün bir dönəm başlayacaq. Ona görə də bu komissiya həmin məsələlərlə bəzən məşğul olur. Komissiya bu sahə ilə bağlı ilkin ab-havanın yaradılmasına çalışacaq, gələcəkdə isə Mətbuat Şurasının Media Şurasına çevrilməsi məsələsi ortaya çıxa bilər”.
Təhlükəsizlik və eləcə də bəzi online saytların söz və ifadə azadlığından söz və ifadə anarxizminə yuvarlaması, jurnalist etikasını pozmaları məsələləri ilə bağlı fikirlərini bildirən A.Həsrət belə qeyd edir: “Bu məsələlərdə istər online televiziya kanalları, istərsə də online media ilə bağlı müəyyən bir tənzimləmə olmalıdır. Çünki bəzən elə saytlara rast gəlirik ki, o saytın sahibini tapa bilmirik. Onunla əlaqə koordinatları nə saytın özündə yazılır, nə də ki onun qeydiyyatdan keçdiyi beynəlxalq domenlərdə qeyd olunur. Biz onların sahibinin kim olduğunu bilmirik. Halbuki onlar istədikləri kimi antiazərbaycan təbliğatı ilə məşğul olur. Yaxud da əslində ermənilərə məxsus azərbaycandilli saytlar gizli şəkildə fəaliyyət göstərir və əleyhimizə təbliğat aparır. Bu cür nüansların təhlükəsizlik baxımından aşkarlanması əslində çox vacib məsələdir”.
Ekspert bildirir ki, bu məqamlara görə müvafiq addımların atılması və tənzimləmələrin bərqərar olması gözləniləndir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info