“Mən Xocalı qurbanlarının xatirəsinə abidə yaratdım”
Tarix: 27.02.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində anım tədbiri keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası çərçivəsində dünən Heydər Əliyev Mərkəzi və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ölkənin tanınmış rəssamları, heykəltəraşları, eləcə də Rəssamlıq Akademiyasının tələbə və məzunlarının Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi təşkil olunub. Anım tədbirində iştirak edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ictimai-siyasi xadimlər, Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş sakinlər sərgi ilə tanış olublar.

Sərgidə dünya şöhrətli fransalı heykəltəraş-rəssam, azərbaycanlıların soyqırımına həsr olunmuş 70 əsərin müəllifi olan Reno Vansan Balsanjenin Xocalı soyqırımına həsr etdiyi “Bəyaz əsər” adlı kompozisiyası da təqdim olunub. Əsərdə qətlə yetirilmiş Xocalı sakinləri - qadın və onun ətrafında uşaqlar təsvir olunur. Əsər bir tərəfdən anaya olan sevgi və hörməti, digər tərəfdən isə Vətənə-Azərbaycana bağlılığı, onun azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda mübarizəyə hazırlığı təcəssüm etdirir. Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Xocalı faciəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sukutla yad ediblər.

“Beynəlxalq aləmin bu hadisəyə layiqli qiymətini verməyərək susması qəbuledilməzdir”
Anım mərasimində çıxış edən heykəltəraş-rəssam Reno Vansan Balsanje Xocalı hadisələri barədə Fransanın Azərbaycandakı səfirliyində çalışmış qardaşı vasitəsilə xəbər tutduğunu bildirdi. Onun sözlərinə görə, gözəl Azərbaycanla tanışlığı da məhz qardaşının sayəsində mümkün olub. Fransalı sənətkar qeyd edib ki, Xocalı faciəsini daha dərindən araşdırdıqdan sonra öz təəssürat və hislərini nümayiş olunan əsərdə ifadə edib: "Mən Xocalıda qətlə yetirilən 613 qurbanı xatırlayıram. Onlar alçaq və qorxaqcasına qətlə yetirilib. Bu gün soyqırımı qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycana gəlmişəm. Mən Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə yaratdım. Bu abidəni Azərbaycan xalqına, iki övladıma həsr etmişəm". Heykəltəraş əlavə edib ki, Xocalı faciəsini əsl kütləvi cinayət adlandırmaq olar. Onun sözlərinə görə, beynəlxalq aləmin bu hadisəyə layiqli qiymətini verməyərək susması qəbuledilməzdir: "O insanlar alçaq şəkildə qətlə yetirilib. Bu gün Dağlıq Qarabağ azad deyilsə, azərbaycanlılar üçün bu vəziyyət qəbul edilə bilməz". Daha sonra Xocalı sakini Ceyran Əzizova çıxış edərək Ermənistan silahlı birləşmələrinin törətdiyi amansızlıqlardan söz açıb. O bildirib ki, Xocalı faciəsi zamanı həyat yoldaşı da daxil olmaqla, 74 qohumunu itirib: "Bu gün bu zalda əyləşənlər arasında həmin faciə zamanı ata-anasını itirən 25 nəfər də var. Onların arasında mənim qohumlarım da var. Bu faciə zamanı 26 yaşım olub, ancaq illər ötsə də, bu faciəni, onun dəhşətli izlərini unutmaq olmaz". C.Əzizova dövlətin onlara göstərdiyi qayğıdan da razılıq edərək deyib ki, dövlətin göstərdiyi dəstək sayəsində bu gün özünü kimsəsiz saymır.

Ukraynalı pilot Leonid Kravets: “Dəhşət o idi ki, mülki insanlar qətlə yetirilmişdi”
Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımında qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets bildirib ki, Xocalı faciəsindən sonra qətlə yetirilmiş insanları öz gözləri ilə görüb və bu dəhşətli anları yaşayıb. Faciədən sonra Xocalıya azərbaycanlı jurnalist Cingiz Mustafayevin, xarici jurnalistlərin çəkiliş qruplarını aparmaq üçün səfər etdiyini deyən Leonid Kravets Xocalı faciəsini əsl dəhşət adlandırıb: "Biz çoxlu insan meyitləri gördük. Mülki əhali - qadınlar, qocalar, uşaqlar qətlə yetirilmişdilər. Bu, şok hadisə idi, buna inanmaq çətin idi. Dəhşət o idi ki, mülki insanlar qətlə yetirilmişdi. Onların gecə vaxtı alcaqcasına, vəhşiliklə qətlə yetirilməsi ağlasığmaz idi. Məndən tez-tez soruşurlar ki, həmin vaxt nə hislər keçirirdin? Şok hislər. Həmin insanlar üzü Ağdama tərəf qaçırdılar. O insanlar cəmi 2 km məsafəni də qət etsəydilər, bəlkə də sağ qalardılar". Xocalını XX əsrin ən böyük faciələrindən biri sayan pilot qeyd edib ki, dünyanın bu hadisəyə qiymət verməməsi çox təəssüfedici haldır: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar özlərini kar, kor, bu barədə məlumatı olmayan kimi aparırlar".

“Cəhənnəmi görmüş pilot” sənədli filmi nümayiş olunub
Daha sonra “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filmi nümayiş olunub. Filmdə Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımında qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets gördüyü dəhşətləri təsvir edir. Tədbirdə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində 2008-ci ildən etibarən görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər aparır. Tədbirdə “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyasının yeni istifadəyə verilmiş saytının da təqdimatı olub. Qeyd edilib ki, kampaniyanın saytı Xocalı hadisələri ilə bağlı məlumatların, ilkin mənbəyə əsaslanan tarixi faktların, şahid ifadələrinin, nəşr və kitabların, eləcə də soyqırımı zamanı çəkilmiş foto və video materialların toplandığı geniş resurs mənbəyi olmaqla yanaşı, həm də internet istifadəçilərinin kampaniyanın gedişatında iştirakına imkan yaradan interaktiv platformadır. Tədbirin sonunda Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında soyqırımına həsr olunmuş musiqi proqramı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info