“Xocalı soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”
Tarix: 27.02.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Respublikası hökuməti yanında İctimai İdarəetmə Akademiyası, Moldova İctimai Palatası Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş “Ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti” mövzusunda beynəlxalq konfrans keçiriblər.
Moldova Respublikası hökuməti yanında İctimai İdarəetmə Akademiyasının konfrans salonunda keçirilmiş tədbirdə Moldova Respublikasının sabiq parlament vəkili (ombudsman), İctimai Palatanın sədri Aureliya Qriqoriu, Moldovanın sabiq müdafiə naziri, politoloq, fəlsəfə doktoru Viorel Çebotaru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, fəlsəfə doktoru Məhsəti Əliyeva, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev, israilli məşhur politoloq Arye Qut çıxış ediblər. Konfransın işində Moldova dövlət orqanlarının, Moldovada akkreditə edilmiş diplomatik korpusun, Moldova mədəni və elmi ictimaiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının müdavimləri, Moldova Azərbaycanlılar Konqresinin fəalları da iştirak ediblər. Tədbiri Moldova Respublikası hökuməti yanında İctimai İdarəetmə Akademiyasının birinci prorektoru, professor Andrey Qroza və Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev açıb. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut tədbirdə çıxış edib. O qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindən biridir. İsrailli ekspert deyib: “Elə coğrafi adlar var ki, onlar insanın xislətindəki ən rəzil və alçaq cəhətlərin rəmzinə çevrilib: Babiy Yar, Liditsa, Oradur, Xatın və Sonqmi. Keçən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad - Azərbaycanın Xocalı şəhərinin adı əlavə edildi. O vaxtdan 24 il keçib, lakin erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərində törədilmiş qanlı qırğının ağrısı hələ də keçməyib. Erməni silahlı dəstələrinin vəhşiliyi və barbarlığı nəticəsində Xocalı sakinlərindən 613-ü öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar və qadınlar əsir götürülərək misli görünməmiş işgəncələrə, təhqirə və alçaldılmağa məruz qalıb. Bu, əsl soyqırımı aktı idi. Şahidlərin və xarici jurnalistlərin gördüyü tükürpədici mənzərə o qədər ağır və amansız idi ki, bu vəziyyəti sözlə təsvir etmək mümkün deyildi. Doğma Vətən torpağı onun tarixinə qəlbən bağlı olan sadə insanların, bu torpaqda yenicə ayaq tutub yeriməyə başlayan günahsız uşaqların cəsədlərini ilin soyuq fəslində öz ilıq ağuşuna aldı”. Arye Qutun fikrincə, bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində əbədi yara kimi qalacaq: “Tarixi fakt bundan ibarətdir ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun həndəvərini tərk etməyə macal tapmamış sakinlərin faktiki olaraq heç birinə rəhm etməyiblər. Mən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həm İsrail ictimaiyyəti qarşısında, həm də Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq forumlarda tez-tez çıxış edirəm. Dəfələrlə demişəm və bir daha təkrar edirəm, bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və Xocalı soyqırımının digər təqsirkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın indiki prezidenti Sarkisyanın bir səmimi etirafını xatırlamaq kifayətdir. Onun sözlərinə görə, ermənilər mülki əhaliyə əl qaldıra bilmirdilər və məhz Xocalıda onlar bu stereotipi qıra bildilər. Ermənistanın təqsirkar olmasını həm Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində olan danılmaz faktlar, həm də çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin özlərinin dedikləri təsdiq edir. Ermənistanda və işğal edilmiş ərazilərdə əsir və girov götürülmüş azərbaycanlılarla qəddar rəftar edilməsi, onların öldürülməsi, şikəst edilməsi və işgəncələrə məruz qalması barədə kifayət qədər informasiya və bunu təsdiqləyən ifadələr var”. İsrailli ekspert çıxışının sonunda deyib: “Mən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəal iştirakçısı kimi, üzümü dünya ictimaiyyətinə tutub, Xocalıya ədalətli münasibət bildirilməsini tələb edirəm. Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsi naminə, bir daha öz analarını görməmiş uşaqların xatirinə, öz körpələrini bir daha heç vaxt sinələrinə basmayacaq anaların xatirinə biz bunu etməliyik. Dünya Xocalı haqqında bilməlidir. Xocalıya ədalət zəfər çalmalıdır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info