Vəhdətin gücü
Tarix: 29.02.2016 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Tarix üzrə fəlsəfə doktoru

Dünyada 2001-ci ildən başlayan və 2011-ci ildə “Ərəb baharı” ilə yeni mərhələyə qədəm qoyan geosiyasi böhran davam edir. İraq, Liviya, Yəmən kimi dövlətlər xaos girdabından qurtara bilmirlər və yaxın gələcəkdə də unitar dövlət kimi mövcud ola bilmələri sual altındadır. Suriyada barışıq elan olunsa da, real nəticənin nə zaman əldə olunacağı bəlli deyil. Bir zamanlar dünyaya mədəniyyət ixrac edən Bağdad, Şam (Dəməşq) kimi qədim Şərq şəhərləri indi, sadəcə ayaqda qalmaq üçün çarpışırlar. “Nəsiminin Hələbi”ni isə belə görünür ki, heç 50 ilə də bərpa etmək mümkün olmayacaq. Hələ ki, son görünmür.
Şərq dövlətlərinin dağılmağa məruz qalmasının bir səbəbi xarici təzyiq və təsir amilləridirsə, digər əsas səbəbi də onların daxilində milli, dini və etnik vəhdətin olmaması idi. Fikrimizi təsdiqləmək üçün qonşu dövlətlərin tarixinə və təcrübəsinə müraciət edək. İran 1979-cu ildən 2015-ci ilədək hər cür siyasi-iqtisadi təzyiqlərlə üz-üzə qaldı, lakin “güclü dövlət və vəhdət” siyasətinin hesabına özünü qorudu, sonda isə “qələbə çaldı” desək, yəqin ki, səhv etmərik. Son illərdə qonşu Rusiyaya qarşı iqtisad sanksiyalar nə qədər çoxaldısa da, buna adekvat olaraq hakimiyyət-xalq birliyi, yəni vəhdət daha da gücləndi. Deməli, nə qədər ki, hakimiyyətlə xalq birlikdədir, başqa sözlə, ölkədə vəhdət varsa, o cəmiyyətləri parçalamaq və “ərəblərin gününə salmaq” mümkün olmayacaq.
Azərbaycanın yaxın keçmişinə nəzər salsaq, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində vəhdət prinsipinin pozulmasının nə qədər ağır nəticələrə səbəb olduğunu görə bilərik. Əgər o illərdə hakimiyyət-xalq birliyi mövcud olsaydı, torpaqlarımızın 20 faizini itirməzdik...
Azərbaycan xalqı 1993-cü ildən sonra itirilmiş vəhdətini bərpa edə bildi, hakimiyyətlə xalqın birliyi bərqərar oldu. Bir cəhəti xüsusilə vurğulamaq istəyirik ki, ənənəvi dini vəhdətimiz sağlam təməllər üzərində qurulduğundan, kənar təsir və təzyiqlər qarşısında inanılmaz dözümlülük göstərir. Bugünlərdə Heydər məscidində ayrı-ayrı İslam məzhəbləri nümayəndələrinin birlikdə qılmağa başladıqları “Vəhdət namazları” bütün dünya üçün nümunəvi bir mesaj oldu.
Son vaxtlar neftin qiymətinin 4 dəfə aşağı düşməsi, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da mənfi təzahürlərini göstərdi. Aydındır ki, bu vəziyyətdən çıxmaq üçün kifayət qədər potensialımız var. Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə ilk konteynerlər artıq son məntəqəyə çatdırılıb. Mart ayının sonlarında isə Hindistandan ilk konteynerlər Şimal-Cənub nəqliyyat dəhlizi ilə yola salınacaq. Hər iki nəqliyyat dəhlizinin ortasında yerləşən Azərbaycanın əlavə valyuta qazanmaq imkanları genişlənir. Bundan başqa, Türkiyədə Azərbaycan kapitallı “Petkim” şirkətinin fəaliyyət dairəsi genişlənir, İranla enerji, kimya sənayesi və s. sahələrə aid əlverişli müqavilələr imzalanıb. Son illərdə Azərbaycanın xarici ölkələrdə aldığı daşınmaz əmlaklar artıq gəlir gətirməyə başlayıb.
Eyni zamanda, ölkədə güclü hakimiyyət də mövcuddur. Vəziyyətdən çıxmanın əsas yollarından biri də, belə güclü dövlət və hakimiyyətlə xalqın birliyinin- vəhdət siyasətinin davam etdirilməsidir. Fikrimizi möhkəmlətmək üçün daha bir misal çəkmək istəyirik. Ötən əsrdə Çin Xalq Respublikası dövlətin gücünü qorumaqla islahatlara başladı və nəticə göz qabağındadır. Keçmiş SSRİ dövlət aparatını zəiflədərək islahatlar aparmağa cəhd etdi və sonu bəllidir. Bu məqamda Prezidentimizin ”Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz” fikrinə haqq qazandırmaya bilmirik. Yalnız güclü dövlətlərin vətəndaşları özlərini tam təhlükəsiz hesab edə bilirlər. Bu baxımdan, bu gün bizim əsas vəzifəmiz dövlətin gücünü, daxili vəhdəti qoruyub saxlamaq və paralel olaraq, başlanan səmərəli islahatları davam etdirməkdir . Belə olduğu halda, xalq vəhdətin gücünün nələrə qadir olduğunu bir daha görəcək.




 
Müəllifin son yazıları

10.12.2014 Dünya ədalət istəyir
21.02.2014 Ermənilər öz dövlətlərini “Rosarmeniya” adlandırırlar
16.09.2013 Kinodramaturqun aldada bildiyi “siyasətçilər” diplomatlarla necə bacaracaq?

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info