Millət vəkili Fransa Milli Assambleyasında “Xocalı soyqırımı”nı tanımağa çağırıb
Tarix: 03.03.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Mətbuatdan da xəbər verildiyi kimi Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə “Xocalı: Qətliam haqqında həqiqətlər” adlı konfrans-debat keçirilib. Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen olub. Konfransı giriş sözü ilə açan Jan-Fransua Mansel qeyd edib ki, Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlərin təşkilində əsas məqsəd Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq, Xocalı qətliamı haqqında həmvətənlilərinə ətraflı məlumat verməkdir. Məruzələrdən öncə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev regionun Xocalı qətliamına qədərki tarixi ilə bağlı məruzə ilə çıxış edib. Çıxışına Qafqaz regionunun tarixini şərh etməklə başlayan Cavanşir Feyziyev bu regionda XIII əsrədək dövlətçilik ənənəsinə malik olan yeganə ölkənin məhz Azərbaycan olduğunu vurğulayıb. Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan dövlətçiliyinin və xalqının tarixində oynamış olduğu faciəvi rolunu konfrans iştirakçılarına izah edib. Deputat XVIII əsrin 2-ci yarısından başlayaraq son iki yüz il ərzində Azərbaycan torpaqlarının getdikcə erməniləşdirilməsi və bu prosesin ərazinin aborigen əhalisi olan azərbaycanlıların kütləvi qırğını və deportasiyası hesabına həyata keçirildiyini tarixi faktlarla və onları əks etdirən xəritələrin təqdimatı ilə konfrans iştirakçılarının diqqətinə çatdırıb. 1918-ci ildə cəmi 9 min kv. km ərazidə Azərbaycan torpaqlarında yaradılmış ilk erməni dövlətinin ərazisinin keçən 100 il ərzində xarici güclərin bilavasitə dəstəyi ilə, məhz Azərbaycan torpaqlarının etnik təmizlənməsi hesabına təxminən 40 min kv.km-ə çatdırıldığını qeyd edib.
Deputat konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları da çatdırıb. O, erməni silahlılarının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərini işğal etməsindən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb. Bu faciə ilə bağlı Serj Sarkisyanın söylədiyi fikirləri xatırladan deputat dünya birliyinin bu hadisələrə biganə münasibət sərgilədiyini və soyqırımı aktını həyata keçirən şəxslərin bu gün Ermənistanı idarə etdiyini və bunun dözülməz olduğunu diqqətə çatdırıb.
Xocalıda insanlığa qarşı dəhşətli cinayət aktının törədildiyinə və bu qətliamın Cenevrə Konvensiyalarının müvafiq maddələrinə müvafiq olaraq soyqırımı aktı olduğuna əminliyini bildirən deputat Cavanşir Feyziyev Xocalı qətliamının artıq dünyanın bir sıra ölkələri tərəfindən, eləcə də Amerikanın 20-dən çox ştatı tərəfindən “Soyqırım aktı” kimi tanındığını bildirib. Çıxışının sonunda, Milli Məclisin deputatı beynəlxalq siyasətdə ənənəvi olaraq insan haqlarının müdafiəçisi kimi çıxış edən Fransanı və onun parlamentini Xocalı soyqırımını tanımağa və bununla da Xocalıya ədalətin təmin olunmasına öz töhfələrini verməyə çağırıb.
Tarixçi Maksim Quen erməni ASALA terror təşkilatından, onun həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. ASALA erməni təşkilatının müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb və bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. Parisdə Orly aeroportunda baş verən terror aktının qurbanlarının sayının göstərildiyindən də çox olmasına baxmayaraq bu günədək onların xatirəsinə heç bir xatirə lövhə qoyulmadığını bildirib və bu terror aktının, eləcə də Xocalı soyqırımının lazımı səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğunu vurğulayıb.
Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode də öz növbəsində Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib. Münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu və 800 mindən çox insanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan, 250 min azərbaycanlının isə Ermənistandan - öz doğma yurdlarından qovulduğunu bildirib. Azərbaycan hökumətinin 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi ilə bağlı üzləşdiyi çətinliklərdən danışıb. Geosiyasət üzrə ekspert Azərbaycanın regionda ən güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib.
Məruzələrdən sonra davam edən müzakirələr zamanı senator Natali Qule Minsk qrupunun təkcə həmsədr dövlətlərinin yox, eləcə də digər üzv dövlətlərinin məsələyə münasibətinin vacib olduğunu qeyd edib. Vəkil Olivye Pardo Xocalı faciəsi ilə bağlı “Figaro” qəzetində məqalə vermək istədiyini və bu məqsədlə qəzetin baş redaktoru ilə bu haqda danışmasına baxmayaraq erməni diasporunun məqalənin dərc olunmasına hər vəchlə mane olduğunu bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının 24 –cü ildönümünə həsr edilmiş konfransın təşkilinə görə təşəkkür edib və 26 fevralın Azərbaycan xalqı üçün həm matəm, həm də ümid günü olduğunu bildirib: “Bu gün Xocalı qurbanlarının anım günü, eləcə də həmrəylik günüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi regionda ədalətin bərqərar olunması və fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır.” Səfir bildirib ki, faciə ilə bağlı cəzasızlıq Ermənistana müttəfiqlərinin köməyi ilə etnik təmizləmə aparmaqda və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə imkan verib. Səfir Ermənistanın qeyri-konstruktiv və təcəvüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqətə çatdırıb.
Tədbirə qatılan Türkiyənin Fransadakı səfiri Hakki Akil Xocalı soyqırımı zamanı Parisdə olduğunu və bu faciənin fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib. Konfransda həm məruzəçilər, həm də iştirakçılar Fransa mətbuatının hadisələrə ikili standartlar əsasında yanaşdığını diqqətə çatdırıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info