“Tələbələrimiz xaricdə oturan “mücahidlər”in siyasi məqsədini bilirlər”
Tarix: 25.02.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Rauf Mərdiyev: “Hər bir tələbə gözəl anlayır ki, yalnız dərslərə hazırlaşmaqla biliklərə yiyələnə, gələcəkdə yaxşı iş yeri qazana bilər”

Şahin İsmayılov: “Mən bu aksiyanı gülməli və uğursuz cəhd sayıram”

Vüqar Əhmədov: “Hünərləri varsa, “Facebook” “mücahid”lərinin özləri xaricdən buyurub gəlsinlər və etirazlarını bildirsinlər”


Sosial şəbəkələrdə bəzi saxta profillər tərəfindən “Azərbaycan tələbələrinin” boykotu günü ilə bağlı yalançı təbliğat aparılır. Bu təbliğatda “tələbə” adı müxalifət tərəfindən manipulyasiya edilir. Çünki müxalifət indiyə qədər icazəsiz aksiyalara beş-on adam yığa bilməyib. Səbəblər odur ki, birincisi, insanlar icazəsiz aksiyalarda iştirak etmirlər, ikincisi, müxalifətə heç kim inanmır və onları cəmiyyətdə nüfuzsuzluqlarına görə tanımırlar.
Həm də ənənəvi müxalifətin türklər demiş, “yıpranmış” siması və yeknəsəqliyi artıq çoxdandır, ictimaiyyət üçün heç bir maraq kəsb etmir. Buna görə də müxalifətin aksiyaları uğursuz alınır. Amma onlar seçki ərəfəsi aktiv görünmək və bununla bağlı xarici qrant mənbələri qarşısında “hesabatlılıqlarını” sərgiləmək məcburiyyətindədirlər. Buna görə də müxtəlif avantürist üsullara əl atırlar. Bu üsulların hamısı isə sonda uğursuz alınır. Bu cür uğursuz üsullardan biri də “tələbə” adını manipulyasiya etmək və sosial şəbəkələrdə tələbələrin diqqətini cəlb etmək, onları çaşdırmağa çalışmaqdır. Amma gənclər, gənc liderlər də bu cür cəhdləri əbəs və uğursuz sayırlar.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev bizimlə söhbətində məsələyə münasibətini belə bildirir: “Bu ideyanı ortaya atanların özlərinin tələbə adına və tələbəçiliyə heç bir aidiyyəti yoxdur. Bu ideyanı ortaya atanların özləri tələbə deyillər və hər hansı bir universitetdə oxumurlar. Onların bir qismi, ümumiyyətlə, Azərbaycanda deyillər. Bu adamların bir qismi Azərbaycandan xaricdə olan müxalifət, digər hissəsi də daxildəki müxalifətdir. Yəni “tələbə aksiyası” müxalifətin özündən uydurduğu bir aksiyadır. Bunun Azərbaycan tələbələri ilə heç bir bağlılığı yoxdur. Bizim tələbələrlə keçirdiyimiz görüşlər də bundan xəbər verir. Belə ki, tələbələr bizimlə söhbətlərində belə bir aksiyadan xəbərləri olmadıqlarını və orada iştirak etməyəcəklərini bildirirlər. Beləliklə, bu ideya tələbələrdən gəlmədiyi və onun arxasında tələbələr durmadığı üçün ideyanın hər hansı bir sosial sifarişdən qaynaqlanmadığı və əsassız olduğu da anlaşılır. Sadəcə, bəzi müxalifət qrupları bununla tələbələrin adlarını manipulyasiya etməyə çalışırlar. Onların digər aksiyaları uğursuz alındığı və adamsız, izdihamsız keçdiyi üçün, indi də tələbə adı və çoxluğu ilə manipulyasiyalar etməyə çalışırlar. Amma təbii ki, bununla tələbələrin diqqətini cəlb edə və onları çaşdıra bilməzlər. Çünki araşdırmalarımız və müşahidələrimiz də göstərir ki, tələbələr bu işə mənasız bir iş kimi yanaşırlar. Ona görə də əminik ki, tələbələr belə avantüralara qoşulmayacaqlar. Ümumiyyətlə, bu avantürist kampaniya sosial şəbəkələr sərhəddini aşmayacaq”.
Rauf Mərdiyev onu da bildirdi ki, hazırda Azərbaycan təhsilində ciddi islahatlar aparılır və təhsilimiz modern dünya təhsili standartlarına uyğunlaşdırılır. İmtahanların şəffaflığını təmin etmək üçün ən yeni texnologiyalardan yararlanılır və bununla da şəffaf imtahanlar keçirilir: “Hər bir tələbə çox gözəl anlayır ki, yalnız ondan tələb olunan dərslərə hazırlaşmaqla biliklərə yiyələnə, özünü gələcək mütəxəssis kimi təkmilləşdirə, gələcəkdə yaxşı iş yeri qazana bilər. Bu gün Azərbaycanda məhz bu yolla gənclərin, tələbələrin öz potensiallarını təsdiqləməsi mümkündür. Bunun üçün istənilən şərait yaradılıb. Buna görə də dərsə hazırlaşmadan, əsassız yerə küçəyə çıxmaq, hansısa müxalif qrupun maraqları naminə dərsdən yayınmaq ancaq zərər gətirə bilər. Bu gün Prezidentin təşəbbüsü ilə neft kapitalının insan kapitalına çevrilməsi yönündə məqsədyönlü və intensiv təşəbbüslər həyata keçirilir, gənclərin intellektual inkişafına, təhsilinə və şəxsiyyət kimi formalaşmasına ciddi diqqət və qayğı var, bununla bağlı dövlət proqramları reallaşdırılır. Hər bir gənc və tələbə birinci növbədə, bunlardan bəhrələnməli və bəhrələnmək, özünü inkişaf etdirmək üçün birinci növbədə buna hazır olmalıdır. Bunun üçün isə yalnız və yalnız təhsillə məşğul olmaq, təhsildən yayındırıcı heç bir destruktiv qrupa fikir vermək lazım deyil”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da bizimlə söhbətində bu avantüranın alınmayacağını bildirdi: “Birincisi, sosial şəbəkədə bununla bağlı çağırış edən səhifəni açıb baxdım. Orada buna çağırış edənlərin 95 faizi tələbə deyil. Bundan başqa da oradakı profillər arasında saxtaları mövcuddur. Təbii ki, müxalif qüvvələr tələbə adından manipulyasiya etməyə çalışırlar. Onlar bu barədə fon yaratmağa çalışırlar. Buna baxmayaraq, onların saxtakarlıqları açıq-aşkar üzə çıxır və bəlli olur ki, bu çağırış tələbələrdən gəlməyib və bunun heç bir sosial əsası yoxdur. Tələbələrin belə bir aksiyadan heç bir xəbərləri də yoxdur. Məntiqlə normal tələbə belə bir aksiyaya qatılmaq istəməz. Mən bu aksiyanı gülməli və uğursuz cəhd sayıram. Bu aksiya alınmayacaq. Bu da müxalifətin növbəti uğursuz aksiya cəhdlərindən biridir. Ona görə də tələbələr bunu yaxşı anlayırlar. Anlayırlar ki, hər birisi öz təhsilləri ilə məşğul olacaqlar və yalnız bu yolla cəmiyyətdə uğur qazanmaq olar”.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov isə bizə fikirlərini belə bildirdi: “Bütün fəaliyyətini yalnız “Facebook” sosial şəbəkəsi üzərindən quran və ölkədə gedən müsbət proseslərə yalnız mənfi rakursdan yanaşan bir qrup radikal qüvvə indi də 27 fevral günü tələbələri dərs prosesindən ayırmaq üçün çağırışlar edirlər. Hesab edirəm ki, bu, çox yanlış bir yanaşmadır. Bu gün Azərbaycan gəncləri və tələbələri heç zaman imkan verməzlər ki, öz siyasi məqsədlərini həyata keçirmək üçün bu radikal qruplar tərəfindən alətə çevrilsinlər. Xaricdə oturub təxribat xarakterli çağırışlar etmək çox asandır. Elə hünərləri varsa, bu, “Facebook” “mücahid”lərinin özləri buyurub gəlsinlər və etirazlarını bildirsinlər. Lakin gəlməzlər, çünki bilirlər ki, bu “Facebook” “mücahid”lərinin çağırışlarına Azərbaycan gəncləri heç bir əhəmiyyət vermir. Ümumiyyətlə, bu klaviatura “rembo”larının işi-gücü nədir, mənə çox maraqlıdır. Günün 24 saatı “Facebook” sosial şəbəkəsində vaxtlarını keçirərək insanları etiraza səsləməklə bunlar nəyə nail olmaq istəyir, kimə xidmət edirlər, mənə çox maraqlıdır. Əgər bu insanlar Azərbaycan gəncliyini bu qədər sevirsə və ona canı yanırsa, birinci Vətənə gəlib Azərbaycan gəncliyinin inkişafı üçün real fəaliyyət ortaya qoymaları və xeyirli bir iş görmələri lazımdır. Gəlmək istəmirlərsə, heç olmasa, yaşadıqları xarici ölkədə Xocalı faciəsi, xalqımızın ən böyük acısı olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı bir iş görsünlər. Yenə vurğulamaq istəyirəm ki, bu sözlərim xaricdə yaşayan bu dil pəhləvanlarına, klaviatura “rembo”larına və “Facebook” mücahidlərinə aiddir”.
V.Əhmədov dedi ki, bu gün Azərbaycan gənci və tələbəsi üçün təhsil hər şeydən önəmlidir. Azərbaycanlı gəncin bilikli, savadlı və vətəninə bağlı olması onun ən birinci vəzifəsidir. Ona görə də, belə çağırışlar heç bir fayda verməyəcək və bu, dil pəhləvanlarının “Facebook”da özfəaliyyəti olaraq qalacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info