“Hər dəfə Azərbaycana səfər etdikdə böyük dəyişiklikləri müşahidə edirik”
Tarix: 09.03.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Martın 8-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:
- Zati-aliləri, əziz qonaqlar.
Sizi Azərbaycanda salamlamaq istəyirəm. Sizi ölkəmizdə qəbul etməkdən çox məmnunam. Nümayəndə heyətinizin səfərinə böyük önəm verilir. Əminəm ki, səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək.
Bu gün biz, nümayəndə heyətimizin üzvləri ölkələrimiz arasında sıx əməkdaşlıq üçün yaxşı hüquqi bazanı yaradacaq bir çox sənədləri imzalayacağıq. Mükəmməl siyasi münasibətlərimiz mövcuddur. Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda tərəfimizdən irəli sürülmüş təşəbbüslərə dəstək göstərdiyiniz üçün Sizə minnətdarıq.
İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur. Bu gün imzalanacaq sənədlərdən biri xüsusilə bunun üçün yaxşı baza yaradacaq. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir.
Ölkəniz dünyada çox dinamik, iqtisadi cəhətdən sabit və çiçəklənən bir ölkə kimi tanınır. Biz xalqlarımız arasında bu iqtisadi körpünü yaratmalıyıq. Hesab edirəm ki, yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur. Eyni zamanda, daha da çox sayda Qətər vətəndaşlarının Azərbaycana səfər etməsi bizi məmnun edir. Bildiyiniz kimi, indi sizin vətəndaşlarınız üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və ziyarətçilərin sayı artmaqdadır. Bu da əlbəttə ki, xalqlar arasında əlaqələr üçün xüsusi fürsət yaradacaq. Birbaşa uçuşlarımız var, indi Azərbaycana çıxışınız daha da asanlaşıb. Bu da əlbəttə ki, turizmin inkişafına stimul verəcək və öz növbəsində xalqlarımız arasında daha da sıx münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Biz ölkələrimiz arasında bundan da sıx münasibətlərin formalaşmasını istəyirik.
Zati-aliləri, mənim dəvətimi qəbul etdiyiniz və Azərbaycana səfərə gəldiyiniz üçün Sizə çox minnətdaram. Səfəriniz qarşılıqlı hörmət, inam, dostluq və qardaşlıq əsasında qurulmuş münasibətlərin daha da inkişaf etdirilməsinə əlavə imkan verəcək. Bir daha Azərbaycana xoş gəlmisiniz.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al TANİ çıxış edərək dedi:
-Zati-aliləri, qardaşım cənab Prezident İlham Heydər oğlu Əliyev, bu dəvətə görə çox sağ olun.
Azərbaycanda, bu gözəl ölkədə olmaq mənim üçün böyük şərəfdir. Sizi, nazirlərinizi və Azərbaycan xalqını bu ölkədə göstərdiyiniz səylərə görə təbrik etmək istəyirəm.
Maşallah, hər dəfə buraya səfər etdikdə böyük dəyişiklikləri müşahidə edirik. Nümayəndə heyətimizin adından Azərbaycanda bizi yüksək səviyyədə qarşıladığınız üçün Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Zati-aliləri, Bakıda və Azərbaycanda olduqda özümüzü həmişə öz evimizdəki kimi hiss edirik.
Zati-aliləri, Sizin də qeyd etdiyiniz kimi, bizim siyasi münasibətlərimiz çox güclüdür, iki ölkə arasında yüksək səviyyədə anlaşma var. Biz beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və bir çox digər qurumlarda əməkdaşlıq edirik. Aramızda olan anlaşma və inamın, Allaha şükürlər olsun, bu səviyyəyə çatması vacibdir.
Biz münasibətlərimizi, Zati-aliləri, Sizin də qeyd etdiyiniz kimi, xüsusilə iqtisadiyyat və ticarət sahəsində daha da genişləndirməliyik. Ümid edirik ki, bu razılaşmalardan sonra işlər daha da sürətlə irəliləyəcək. Öz tərəfimizdən biz bu münasibətlərə çox sadiqik. Zati-aliləri, bu münasibətləri daha da gücləndirmək üçün tərəfimizdən bütün səylərin göstərilməsini təmin edəcəyəm.
Sizin də qeyd etdiyiniz kimi, turizm sahəsi də hər iki ölkə üçün vacibdir. Daha çox Qətər vətəndaşlarının Sizin gözəl ölkənizə gəlməsi bizi məmnun edir və ümidvarıq ki, eyni halı Qətərdə də müşahidə edəcəyik. Həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq etməliyik. Mədəniyyət sahəsındə bir çox ortaq dəyərlərimiz var. Zati-aliləri, beləliklə, xalqlarımızın bir-birini daha yaxından anlaması vacibdir.
Siz energetika sektorunu qeyd etdiniz. Hər iki ölkədə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq, bu məsələnin üzərində işləməliyik. Bu dəvətə görə Sizə “Çox sağ olun” demək istəyirəm. Zati-aliləri, burada olmaqdan çox şadam.
Görüşdə energetika, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu.
Söhbət zamanı üçüncü ölkələrdə birgə investisiya qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info