“Tələbə” adını daşıyan hər kəs bizim fəaliyyətimizdən yararlana bilər”
Tarix: 10.03.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Elvin Aslanov: “Tələbələri din, irq, cinsiyyət, milliyyət, sosial status və sair fərq qoymadan öz ətrafımızda birləşdirməyi məqsəd seçən ilk vahid platformayıq”
Müsahibimiz Azərbaycan Tələbələr Birliyinin təsisçisi və sədri Elvin Aslanovdur
- Öncə özünüz və sədri olduğunuz təşkilatınız barədə məlumat verərdiniz?
- Mən Elvin Aslanov Azərbaycan Tələbələr Birliyinin təsisçisi və sədriyəm. 2007-ci ildən müxtəlif QHT-lərin təşkil etdiyi beynəlxalq tədbir və layihələrdə iştirak etmişəm. Bir sıra xarici ölkələrdə keçirilən gənclər düşərgələrinə və müxtəlif formatlı təbirlərə qatılmışam. 2008-ci ilin 15 sentyabr tarixində isə Azərbaycan Tələbələr Birliyini (ATB) təsis etmişik. Əsas məqsədi tələbələrin vətəndaş cəmiyyətinin inkişafındakı rolunu artırmaq olan ATB, fəaliyyət göstərdiyi 8 il ərzində bir çox layihə həyata keçirib. Bu layihələr dövlət qurumları, beynəlxalq təşkilatlar, biznes qurumları ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Təbiidir ki, bütün layihələrimizdə əsas hədəf qrupu kimi tələbələr rol alıblar. Mən də ATB tərəfindən həyata keçirilən bir çox layihənin ideya müəllifi və koordinatoru olmuşam.
Bundan başqa ATB özündə 11 milyondan çox tələbəni birləşdirən Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvüdür. Həmçinin Avropa Gənclərinin Mobillik Şəbəkəsi adlı təşkilatının əsas qurucu üzvlərindən biridir. Xatırladım ki, Şəbəkənin formalaşması prosesində Avropanın 10 müxtəlif ölkəsindən ən aktiv gənclər təşkilatları iştirak ediblər. Məhz buna görə də belə bir Şəbəkənin formalaşması ölkə gənclərinin beynəlxalq layihələrdə iştirak etməsi, ölkəmizi layiqincə təmsil etməsi baxımından çox vacib idi ki, burada da ATB üzərinə düşən vəzifəni yerinə yetirməkdədir. Bütün görülən işlərin nəticəsidir ki, mən ictimai fəaliyyət sahəsində xüsusi fərqlənən bir gənc kimi 2016-cı ildə “Gənclər üçün Prezident Mükafatı”na layiq görüldüm. Bu, cənab Prezident tərəfindən gördüyümüz işlərə xüsusi diqqətin nümunəsi idi. Həm də bizə göstərilən böyük bir etimad idi. Ona görə də biz bu etimadı doğrultmaq üçün əlimizdən gələni edirik.
- Azərbaycanda tələbələri bir araya gətirən bir sıra təşkilat və ictimai birliklər var. Siz bu sferada fəaliyyət spesifikanızı necə ifadə edərdiniz?
- Bəli, Azərbaycanda tələbələri bir araya gətirən bir sıra təşkilatların olduğu doğrudur. Amma bizim bu sahədə fərqliliyimiz ondan ibarətdir ki, biz tələbələri din, irq, cinsiyyət, milliyyət, sosial status və s. fərq qoymadan öz ətrafımızda birləşdirməyi məqsəd seçən ilk vahid platformayıq. Bizim təsis edilməyimizdən sonra belə təşkilatlar yarandı. Biz hesab edirik ki, Azərbaycanda ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan və “tələbə” adını daşıyan hər bir kəs bizim fəaliyyətlərimizdən yararlana bilər. Məhz biz layihələr həyata keçirən zaman da buna diqqət edirik ki, daha çox tələbəni əhatə edə bilək. Buna görə də son bir neçə ildir ki, layihələrimizi daha çox regionlarda həyata keçirməyə üstünlük veririk. Layihələrimiz Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və digər dövlət qurumları tərəfindən dəstəklənir. Məhz bu dəstəyin sayəsində Azərbaycan Tələbələr Birliyinin hər il həyata keçirdiyi onlarla layihədən minlərlə tələbə faydalanır. Biz daha çox tələbəyə çatmaq, onlara öz səsimizi eşitdirmək, tələbələrin bizim fəaliyyətdən daha çox faydalanmasını təmin etmək üçün dayanmadan çalışırıq. Çox zaman tələbələrin istəklərini nəzərə alıb öz fəaliyyətimizi qururuq. Yəni tələbələr arasında keçirdiyimiz sorğular, onların bizə sosial şəbəkələrdə ünvanladıqları müraciətlər bizə fəaliyyətimizi hansı yöndə qurmağımızda yol göstərir. Düşünürəm ki, həyata keçirdiyimiz fəaliyyətlərdə minlərlə tələbənin iştirak etməsinin əsas səbəbi də bundan ibarətdir. Biz ATB olaraq bundan sonra da çalışacağıq ki, əsas diqqətimizi regionlarda olan tələbələrə yönəldək. Çünki, bu, mənim şəxsi düşüncəmdir ki, paytaxtda təhsil alan tələbələrin müxtəlif ictimai fəaliyyətlərdə iştirak etmək və yararlanmaq şansı daha çoxdur, nəinki regionlarda təhsil alanların. Buna görə də fəaliyyətlərimizi dizayn edərkən regionlarda təhsil alan tələbələrin istək və arzuları bizim üçün prioritet hesab edilir. Bundan sonra da çox güman ki, belə olacaq.
- Azərbaycan tələbələrinin dərsə davamiyyət, təhsilalma və təşkilatlanma səviyyələrini necə qiymətləndirərdiniz?
- Tələbələrin dərsə davamiyyəti, ümumiyyətlə, ali və orta-ixtisas təhsilinin önəmi, məncə, ildən-ilə daha yaxşı anlaşılır. Cənab Prezident gənclərlə görüşü zamanı açıq qeyd etdi ki, Azərbaycan artıq post-neft dövrünə keçir. Bu dövr rəqabətin yüksək olduğu, professional insanlara daha çox ehtiyac olduğu bir dövrdür. Artıq tələbələr başa düşməlidirlər ki, onların gələcək karyeraları birbaşa onların öz əlindədir. Yəni oxuduğu ixtisası dərindən öyrənən, bu sahədə xarici təcrübəni mənimsəyən, ən azı bir xarici dili mükəmməl bilən, öz şəxsi inkişafı üzərində dayanmadan çalışan hər bir gəncə gələcəkdə böyük qapılar açıq olacaq. Buna görə də yaradılmış şəraitdən maksimum istifadə etmək lazımdır. Mənim burada təəssüfləndiyim bir məqam orta-ixtisas və ya daha dəqiq desək, peşə təhsili ilə bağlıdır. Təəssüflər olsun ki, hələ də cəmiyyətimizdə peşə-təhsilinin önəmi o qədər də başa düşülməyib. Yəni insanlar peşə təhsilinə hələ də ikinci səviyyə təhsil kimi baxırlar. Halbuki gələcəkdə ən çox lazım olacaq kadrlar peşə təhsili almış insanlar olacaq. Buna görə də peşə təhsilinə gənclərin stimullaşdırılmasına ehtiyac var. Yaxşı peşə təhsili almış gənc gələcəkdə dövlətinə, ölkəsinə, cəmiyyətinə daha çox fayda verə bilər. Əgər nəzərə alsaq ki, Azərbaycan qeyri-neft sənayesi ölkəsi olmaq yolunda inamla irəliləyir, o zaman peşə təhsilinin önəmini daha yaxşı anlamış olarıq. Mən buradan gənclərə səslənib demək istəyirəm ki, əgər istəyiniz və arzunuz varsa, peşə təhsilini almaqdan çəkinməyin, bu, sizə gələcəkdə daha çox faydalı olacaq.
Tələbələrə ictimai və sosial həyatlarını daha yaxşı təşkil edə bilmək üçün universitetlərdə müxtəlif klublar yaradılır. Hər il apardığımız müşahidələr onu göstərir ki, universitet rəhbərliklərinin bu cür tələbə klublarının yaradılmasına münasibəti ildən-ilə daha da yaxşılaşmaqdadır. Yəni bəzən belə klubların yaradılması təşəbbüsü ilə universitet rəhbərlərinin özləri çıxış edir. Yalnız tələbələrin universitetlərdə qərar qəbulu prosesində iştirakı lazımi səviyyədə deyil. Bu, Avropada hal-hazırda da çox müzakirə olunan bir məsələdir. Yəni tələbələr universitetlərdə həm akademik, həm inzibati və digər qərarların alınması prosesində aktiv iştirak etməlidirlər. Çünki, alınan qərarlar birbaşa tələbələrə təsir edəcək. Azərbaycanda bu sahədə hələlik ürəkaçan mənzərənin olduğunu deyə bilmərik. Təəssüflər olsun ki, hələ də həm akademik həyatın, həm qərar qəbulu prosesinin mərkəzində tələbə dayanmır. Amma dünya təcrübəsi onu göstərir ki, tələbə mərkəzli öyrənmə prosesi və qərar qəbulu hər mənada daha çox fayda gətirə bilər.
(ardı gələn sayımızda)
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info