Vətənə xəyanət edənlər xaricdə də öz əməllərini davam etdirir
Tarix: 25.02.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“Azərbaycandan kənarda iqtidar-müxalifət anlayışı ola bilməz. Hamımız vətənimizin, dövlətimizin ətrafında sıx birləşməliyik”
Bu gün Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri də vətənimizin hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsidir. Hazırda dövlət başçısı səviyyəsində diasporumuzun formalaşdırılması sahəsində nailiyyətlər yeni inkişaf mərhələsinə qaldırılaraq daim diqqət mərkəzində saxlanılır.
Lakin daim dövlətimizin geriləməsinə çalışan radikal müxalifət bu istiqamətdə əngəllər yaratmağa çalışır. Hər yerdən əlləri üzülən radikallar indi də diasporumuzu öz çirkablarına bulamağa çalışırlar. Belə ki, onlara “işləyən” xaricdəki bir qrup azərbaycanlı dövlətə qarşı bir təşkilat yaradıblar. Yəni bununla müxalifət diasporumuzu ölkənin daxili siyasətində iştiraka cəlb etməyə çalışır. Diasporun iqtidar-müxalifət davasına çəkilməsi dünyada çox az təsadüf olunan haldır. Buna heç bir halda haqq qazandırmaq olmur. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da mediaya açıqlamasında xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın heç birinə siyasi baxışlarına görə fərq qoyulmadığını vurğulayıb. “Azərbaycandan kənarda iqtidar-müxalifət anlayışı ola bilməz. Hamımız vətənimizin, dövlətimizin ətrafında sıx birləşməliyik. Əgər kimsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, Azərbaycan siyasi proseslər üçün açıq olan, demokratik bir ölkədir”-deyə komitə sədri qeyd edib.
Diasporumuzun bu çəkişmələrdə iştirakının qeyri-mümkün olduğunu onlar özləri də anlayırlar. Amma deyəsən, müxalifətin diasporumuzun onlara inamının hansı səviyyədə olmasından xəbəri yoxdur. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bizimlə söhbətində dedi ki, Azərbaycanda və Azərbaycandan kənarda ideal, çirkaba batmamış bir qüvvə varsa, o da milli diasporumuz olmalıdır. Onun sözlərinə görə, Azərbaycan diasporu 50-60 milyonluq azərbaycanlının güzgüsüdür: “Diaspor işi ilə məşğul olan bu insanlar bir növ Azərbaycan fədailəridir. Onlar şəxsi vəsaitləri, bəzi hallarda isə dövlətin onlara ayırdığı qrantlar hesabına DİDK vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Ümumiyyətlə, diaspor Azərbaycan həqiqətlərini, ərazi bütövlüyünü, xalqımızın mənafeyini müdafiə edən bir qüvvədir. Bu nöqteyi-nəzərdən diasporu heç bir halda siyasətə qoşmaq olmaz və diaspor, ümumiyyətlə, siyasətə qoşulmur”.
İ.Ağayev hesab edir ki, müxalifətin diasporla bağlı bu addımı cəfəngiyatdan başqa bir şey deyil: “Ona görə ki artıq Azərbaycan diasporu formalaşmağa başlayıb. Diasporu bu məsələyə qatmaq olmaz. Azərbaycan dövləti kifayət qədər diasporumuza diqqət ayırır və diasporun arxasında durur. Eyni zamanda diaspor da Azərbaycan dövlətinin çiçəklənməsi üçün əlindən gələni edir. Diasporumuz hər zaman Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əiliyevin arxasındadır”.

“Ermənilər iqtidar-müxalifət anlayışı olmadan üstümüzə
gəlirlər”


BDM sədri bildirir ki, ermənilər azərbaycanlı və türkləri ayırmır və ölkəmizdən kənarda heç bir iqtidar-müxalifət anlayışı olmadan bir türk olaraq üstümüzə gəlirlər: “Bu gün özlərini millətçi hesab edən insanlar bu yolu tutmamalıdırlar. Bu yol düşmənlərimizə aid olan yoldur. İndidən insanlar arasında, eləcə də diaspor arasında nifaq salmağa ehtiyac yoxdur. Diasporumuz Azərbaycan iqtidarının müdafiəsində, azərbaycançılıq prinsiplərinin ətrafındadır. Biz Azərbaycan iqtidarı və ya müxalifəti deyil, bütöv Azərbaycan anlayışı qoyuruq. Hesab edirəm ki, özlərini radikal hesab etmiş insanların Azərbaycandan kənarda heç bir dayağı və qüvvəsi ola bilməz, o cümlədən Azərbaycan diasporu içərisində”.
“Belçika-Azərbaycan Evi”nin sədri Bülənd Gürçama görə, diaspor dünyada çox böyük güc olaraq qəbul olunur. Onun fikrincə, bizdə hələ bu gücə inananlar olmasa da, amma bu güclə ölkəsindən kənarda, beynəlxalq qurumları hərəkətə gətirib, bununla da ölkəsinin də siyasi gedişatını dəyişdirən ölkələr çox olub: “Hal-hazırda da belə hərəkətlər var. Milli liderimizin bir sözü var və bu artıq qanun olaraq da Azərbaycan tarixində öz yerini alıb. O deyib: “Nə səbəbdən olduğundan asılı olmayaraq, xaricə getmiş azərbaycanlılar, Azərbaycanda yaşayan azərbaycanlılarla eyni hüquqa malik olmalıdırlar”. Bu nə deməkdir, yəni azərbaycanlılar xaricdə də olsalar, Azərbaycanın gedişatıyla yaxından maraqlanmalıdırlar. Mən də buna görə diasporu düzgün çərçivə içində Azərbaycanın gedişatında rol almaq və onların xaricdə əldə etdikləri təcrübəni öz ölkələri üçün istifadə etməyə təşviq etmək tərəfindəyəm”.

“Azərbaycanda
müxalifət, özünü
məhəllədə bir-biri ilə
yola getməyən iki qonşu vəziyyətinə salıb”


B.Gürçam hal-hazırda Azərbaycanda nə müxalifət, nə də “müxalifət” anlayışının olmadığını deyir: “Müxalifət ölkənin həyatında ən az, hökumətdə olanlar qədər məsuliyyət daşımalıdır. Bir sözlə, yaxşının yaxşısı olmalıdır. Yəni edilənin daha düzgün edilməsinə həm hökumətdə olanları inandırmalıdır, həm də ona inananları inandırmalıdır”. Diaspor fəalımız bildirdi ki, Azərbaycanda müxalifət, özünü məhəllədə bir-biri ilə yola getməyən iki qonşu vəziyyətinə salıb: “Onlar hər şeyin pisini və hər şeyin pis tərəfini seçib onu küçələrə daşımaq istəyir. Bununla müxalifət olmaz. Müxalifət dünya siyasətini təqib etməlidir. Bəzi milli məsələlərdə nə olursa, olsun, hökumətlə birgə çıxış etməlidir”.
Müxalifətdən ona təkliflər olunduğunu deyən B.Gürçam onlara inanmadığını və ümumiyyətlə, varlıqlarını qəbul etmədiyini qeyd etdi: “İnanmadığım bir yolda getmək də mənə tərs düşər. Mənim fikrim və yolum bəllidir. Hal-hazırda Azərbaycandakı siyasi gedişat milyonlarca azərbaycanlı kimi məni də qane edir. Bu demək deyil ki, mən gedişatın hamısıyla həmfikirəm, yox, mənim də baxmayaraq ki, bu siyasətin dəstəkçisiyəm, tənqidlərim də olub və olacaq da. İnsan oğlu düşünən bir varlıqdır və hər şeyin daha yaxşısını etmək və istəmək kimi bir duyğuya sahibdir. Mən də Azərbaycanımızın bu günündən daha gözəl günlərə layiq olduğuna inanıram və o yolda lazım gələndə öz sözümü demək istədiyimi, hətta dediyimi, yazdığımı hər kəs bilir”.
Dubaydakı Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov müxalifətin bu cəhdlərinin heç bir nəticəsinin olmayacağı qənaətindədir: “Çünki dünya azərbaycanlıları Azərbaycanda sabitliyi pozanlara-istər daxili, istərsə də xarici qüvvələrə qarşı mübarizə aparır. İnanmıram ki, xaricdə yaşayan azərbaycanlılar arasında xalqa və dövlətə qarşı xainlik edənlər tapıla. Əgər belələri varsa, onlara “azərbaycanlı” deməyə dilim gəlmir”.
S.İmanov diasporun Vətəndən kənarda ölkə əleyhinə fəaliyyətini qəti şəkildə pislədi: “Dünyada qazandığımız müsbət ad və böyük hörmət yalnız Heydər Əliyevin müdrik siyasəti və bu gün onu lazımi səviyyədə həyata keçirən dövlət rəhbərinin işi nəticəsində əldə edilib. Biz daimi olaraq bütün aidiyyəti orqanlarla görüşərək BƏƏ, xüsusən də, Dubay Əmirliyi mediasında Azərbaycan haqda həqiqətləri əks etdirən məqalələr dərc etdiririk”.

Xəyanətkar hər yerdə
xəyanətkardır

Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı da bildirdi ki, ürəyində az da olsa, Vətən sevgisi olan hər bir kəs torpaqlarının 20 %-i işğal altında olduğu halda, heç bir çəkişməyə getməz: “Əksinə, birləşib bu bəladan Vətənini qurtarar. Əfsuslar olsun ki, müxalifət bunu etmək əvəzinə ölkədə sabitliyi pozmağa çalışmaqla məşğuldur”. Onun fikrincə, müxalifət iqtidarla birləşsə, heç bir xarici qüvvə Azərbaycanı parçalaya bilməz: “Azərbaycanın parçalanması isə ancaq düşmənlərin xeyrinədir. Müxalifət diasporlarla işbirliyi qurmaq əvəzinə iqtidarla işbirliyi qursa, daha yaxşı olar”.
“Azərbaycan diaspor təşkilatları ölkəmizin inkişaf etmiş demokratik dövlət kimi tanınması, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik” deyən V.Muradlı mövqeyini bu cür açıqladı: “Dünyanın elə bir ölkəsi yoxdur ki, orada sosial problemlər olmasın. Bunu bəhanə edib ölkəsini nüfuzdan salan bir müxalifətlə işbirliyi quranlar yanlış yoldadırlar”.
Xaricdə müxalifətlə işbirliyi qurub təşkilat yaradanların əksəriyyəti Vətənə xəyanət etdiyinə görə həbs olunanlardır. Onlar həbsdən çıxandan sonra da bu xəyanətkarlıqlarını indi də ölkədən kənarda davam etdirirlər. Onlardan başqa heç nə gözləmək olmazdı. Xəyanətkar hər yerdə xəyanətkardır...
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info