“Xaricdə təhsil almağın üstünlüklərindən maksimum dərəcədə istifadə etmək lazımdır”
Tarix: 15.03.2016 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Orxan İsmayılov: “Xaricdə apardığımız tədqiqatlarda qlobal əhəmiyyətli mövzularla yanaşı Azərbaycanla bağlı mövzulara da diqqət yetirilməlidir”

Azərbaycanı xaricdə təhsil almış və savadlı, bacarıqlı, işinin öhdəsindən peşəkarca gələ bilən çoxlu sayda gənclərimiz təmsil edir. Onlardan biri də Böyük Britaniyada magistr təhsili almış, hazırda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Böyük Britaniya və Şimali İrlandiya üzrə xüsusi müxbiri vəzifəsində çalışan Orxan İsmayılovdur. Layihə çərçivəsində Orxan İsmayılov bizimlə söhbətləşdi:

- Mən - İsmayılov Orxan Qalib oğlu, 1989-cu ildə Naxçıvan şəhərində anadan olmuşam. Orta təhsilimi Naxçıvanda və Bakıda almışam. 2006-cı ildə Nizami rayonu K.Əliyev adına 61 saylı orta məktəbi fərqlənmə ilə bitirmişəm. Bakalavr təhsilimi Türkiyənin Səlçuq Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə davam etdirmişəm. 2010-cu ildə həmin universitetdən məzun olmuşam. 2010-2011-ci illərdə hərbi xidmətdə olmuşam. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “East Anglia” Universitetində, beynəlxalq diplomatiya ixtisasına qəbul olunmuş, 2014-cü ildə həmin ixtisas üzrə magistr dərəcəsinə layiq görülmüşəm.
Hazırda Azərbaycan Dövlət İnformasiya Agentliyinin Böyük Britaniya və Şimali İrlandiya üzrə xüsusi müxbiri vəzifəsində çalışıram və fəaliyyətimi bu yöndə davam etdirirəm.
- Təhsil aldığınız sahə barəsində hansı fikirləriniz var?
- Bu sahəyə maraq məndə orta məktəb illərindən yaranıb. Tarix dərslərindən ölkələr arasındakı münasibətlər, əlaqələr həmişə diqqətimi cəlb edib. Təhsilimi bu yöndə davam etdirdikcə, diplomatiyanın daha çox geniş bir sahə olduğunu anladım. Bu sahəyə maraq göstərənlərin daim öz üzərində işləmələrinin, siyasi mətbuatı mütəmadi olaraq izləmələrinin vacib olduğunu düşünürəm. Çünki dünya siyasəti və dövlətlərarası münasibətlər mürəkkəb və çoxşaxəlidir. Həmçinin bir-biri ilə də əlaqəlidir. Dünyanın bir nöqtəsində cərəyan edən siyasi proseslər, digər nöqtələrinə dolayı yolla da olsa, təsir göstərə bilir.
Bundan başqa, nəzəri biliklərlə yanaşı, praktiki biliklər-beynəlxalq səviyyəli siyasi konfranslar və yaxud təcrübə proqramlarında iştirak etmək diplomatiyanı daha yaxşı qavramağa köməklik göstərir.
Bu sahənin ən çox xoşladığım cəhəti isə müxtəlif ölkələrin mədəniyyəti, tarixi, mentaliteti haqqında öyrənməkdir. Çünki hər bir ölkənin mədəniyyəti, tarixi və mentaliteti onların xarici siyasətlərinə və beynəlxalq münasibətlər sistemindəki mövqeyinə təsir edir. Bunları öyrənmək vacibdir və eyni zamanda da maraqldır.
- Bu sahənin təmsilçiləri üçün hansı ümumi və fərqli cəhətlər var? Bu sahənin azərbaycanlı təmsilçiləri üçün nə deyə bilərsiniz?
- Bu sahədə beynəlxalq siyasət, hüquq, iqtisadiyyat qloballaşma, beynəlxalq təşkilatlar və sair bu kimi sahə nümayəndələrinin öyrənmələrinin vacib olduğu ümumi məfhumlar var. Lakin diplomatiya sahəsinin mütəxəssisləri ümumi məfhumlarla yanaşı, eyni zamanda öz ölkələrinin dünya siyasətindəki mövqeyini dərindən öyrənməlidirlər. Çünki hər bir ölkənin özünün xarici siyasəti və beynəxalq siyasətdə özünəməxsus mövqeyi vardır ki, bu da ölkələr arasında fərqliliyi formalaşdırır. Bəzən dünyada baş verən siyasi, iqtisadi və sair proseslər nəzərə alınaraq ölkələrin xarici siyasətləri və mövqeləri dəyişə bilir. Düşünürəm ki, bu sahənin azərbaycanlı təmsilçiləri də, ölkəmizin nüfuzlu siysətçilərinin kitablarından, onların çıxışlarından, xüsusilə Prezident İlham Əliyevin beynəlxalq əhəmiyyətli konfranslardakı çıxışlarından faydalanaraq ölkəmizin mövqeyi haqqında daim aktual və bitkin fikirlərə, dolğun mülahizələrə sahib olmalıdırlar.
- Təhsil aldığınız müddətdə əlavə fəaliyyətləriniz olubmu? Bir azərbaycanlı tələbə və gənc mütəxəssis kimi ölkəmizi xaricdə necə təmsil edirsiniz?
- Mən təhsil aldığım müddətdə eyni zamanda AZƏRTAC-ın Böyük Britaniya üzrə xüsusi müxbiri vəzifəsində çalışmışam və çalışmaqda davam edirəm. İşimin tələbi olaraq Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edir, xəbərlərin AZƏRTAC-da və agentliyimiz vasitəsilə Azərbaycan mətbuatında işıqlandırılmasına çalışıram. Bundan başqa Britaniya mətbuatını yaxından izləyir və Azərbaycanla bağlı yazılan məqalələri də ölkəmizin mətbuatında işıqlandırıram. Nümunə olaraq deyə bilərəm ki, bu müddətdə Azərbaycan bir çox beynəlxalq idman və ictimai-siyasi tədbirlərə ev sahibliyi edib və bütün bunlar Britaniya mətbuatı da daxil olmaqla, dünya mətbuatında ətraflı işıqlandırılıb.
Eyni zamanda mümkün olduğu qədər, agentliyimizin Britaniyada fəaliyyət göstərən media və ictimai qurumlarla əlaqələrini genişləndirməyə çalışıram. Məsələn, Londonda “Eurasian Dynamics” şirkətinin təşkilatçılığı, Böyük Britaniyanın strateji təhlil qurumu olan Oksford Beynəlxalq Mərkəzinin dəstəyilə “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda beynəlxalq konfrans, həm də “Interfax”, “Bloomberg” agentlikləri kimi nüfuzlu media qurumları və AZƏRTAC-ın media dəstəyi ilə keçirilib.
Bundan əlavə, Britaniyada dərc olunan bir neçə jurnal, qəzet və portalda Azərbaycan həqiqətləri ilə bağlı məqalələrim dərc edilib.
Təhsil aldığım universitetdə də seminarlarda çıxış edərək, Azərbaycan həqiqətləri, tariximiz, mədəniyyətimiz və sair haqqında müxtəlif ölkələrdən olan tələbələrə maarifləndirici məlumatlar vermişəm. Həmçinin, Azərbaycan səfirinin iştirakı ilə Akademiyamızda "Azərbaycan-Böyük Britaniya münasibətləri" mövzusunda diplomatik forum keçirilməsinə nail olmuşam. Bu fəaliyyətlərim hazırda da davam edir.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Mən düşünürəm ki, aldığımız təhsillə yanaşı, şəxsi keyfiyyətlərimiz də gələcək karyeramızda və uğurlarımızda böyük rol oynayır. Hər bir insan müəyyən sahədə digərlərindən fərqlənir və daha qabliyyətli olur və ya əksinə. Bunu da erkən yaşlarda müəyyən etməyin, təhsilimizi və ixtisas sahəmizi o yöndə inkişaf etdirməyin vacib olduğunu düşünürəm. Məsələn, mənim məktəb vaxtlarından humanitar elmlərə, tarix, coğrafiya kimi sahələrə daha çox marağım olub. Bu fənləri öyrənməkdə digərlərindən daha çox həvəsli və qabiliyyətli olmuşam . Ona görə fəaliyyətimi və ali təhsilimi bu yöndə davam etdirmək qərarına gəlmişəm. Düşünürəm ki, insan təhsil aldığı sahəni sevdikdə,həvəsli olduqda uğur əldə etmək şansı da bir o qədər yüksəlir. Təklifim də o ola bilər ki, hər bir insan öz sevdiyi və marağı olduğu sahəni erkən yaşlardan müəyyən etsə və o sahə üzrə təhsilini, şəxsi keyfiyyətlərini inkişaf etdirsə, daha uğurlu olar.
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Xaricdə təhsil almağın üstünlüklərindən maksimum dərəcədə istifadə etməyə çalışmaq lazımdır. Tədqiqatlarda qlobal əhəmiyyətli mövzularla yanaşı mütləq Azərbaycanla bağlı mövzulara da diqqət yetirilməlidir. Hansı sahənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, biz hamımız ölkəmizi təmsil edirik. Düşünürəm ki, tələbələrimiz, elmi-tədqiqatçılarımız, ümumiyyətlə, xaricdə yaşayan bütün azərbaycanlılar istər şəxsi keyfiyyətləri, istərsə də elmi və praktiki bacarıqları ilə ölkəmizi ən yüksək səviyyədə təmsil etməyi bacarmalıdır.
- Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
- Hal-hazırdakı fəaliyyətimi və işimi sevirəm. Bu iş, mənim gələcək planımın nə olmasından asılı olmayaraq, yaxşı təcrübə qazandırır. İstər ölkəmizlə bağlı, istərsə də beynəlxalq əhəmiyyətli konfranslarda, tədbirlərdə tez-tez iştirak edirəm. Öz sahəmlə bağlı vacib şəxslərlə birbaşa görüşmək və onların təcrübələrindən faydalanmaq fürsətim olur. Bu imkanlardan maksimum səviyyədə istifadə etməyə çalışıram. Artıq 4-cü ildir ki, bu sahədə təcrübə qazanmaqda davam edirəm və bu təcrübələrin mənə gələcəkdə yeni qapılar açacağına inanıram. Bundan başqa təhsilimi davam etdirmək, doktorantura pilləsinə də yüksəlmək planlarım arasındadır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info