“Multikulturalizm Azərbaycan xalqının milli-mənəvi sərvətidir”
Tarix: 15.03.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Murad Salmanov: “Sabah güc yolu ilə torpaqların qaytarılması əmri verilsə, heç şübhəsiz ki, burada yaşayan yəhudilər də hamı kimi silaha sarılacaq”

Müsahibimiz “Vaad L Hatzolas”-Amerika Yəhudiləri Təşkilatının mətbuat katibi Murad Salmanovdur.
-Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənib və dini zəmində qarşıdurmaların sayı artıb. Belə bir vaxtda Azərbaycandakı tolerant mühiti necə dəyərləndirirsiniz?
- Həqiqətən də bu gün dünyanın bir çox bölgələrində əvvəllər müşahidə olunmayacaq dərəcədə neqativ hallar çoxalıb ki, bunların da içində dini ayrı-seçkiliyin, məzhəblərarası davanın və antitolerant meyillərin çoxalması narahatlıq doğurur. Belə neqativ halların Vətənimizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür.
Bildiyiniz kimi, tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. Başlıca demokratik dəyərlərdən sayılan tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Bu gün konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndi, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrildi.
Qeyd etdiyiniz kimi, bir çox ölkələrdə multikulturalizm, tolerantlıq problemləri yaşansa da, Azərbaycan bu gün dünyaya bu məsələlərlə bağlı açıq nümunədir.
-Bildiyiniz kimi, 2016-cı ili ölkə başçısı “Multikulturalizm ili” elan etdi. Buna münasibətiniz?
-Əlbəttə, əsrlər boyu bizim ölkədə tolerantlıq, multikulturalizm qorunub saxlanılıb və düşünürəm ki, bu, artıq Azərbaycan torpaqlarında doğulub, böyüyüb-başa çatan insanların qanına, geninə hopub. Bundan sonra da bizdə olan multikultural dəyərlərə, tolerant mühitə kimsə zərər vura bilməyəcək. Bir neçə millətin, fərqli inanclara tapınan toplumların yaşaya biləcəyi ən gözəl məkan hazırda Azərbaycandır desəm yanılmaram. Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri də formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Yuxarıda qeyd etdiyim kimi, ulu öndərin multikulturalizm və tolerantlıqla bağlı yürütdüyü siyasəti bu gün uğurla davam etdirən ölkə başçısı İlham Əliyev bu ili “Multikulturalizim ili” elan etməsi isə təqdirəlayiq haldır. Sadaladığım amilləri, bizdə olan multikulturalizmi Prezident bir çox hallarda səfərlərdə dilə gətirir, olduğu ölkələrdə, konfranslarda belə bir mühitə şahid olmaq üçün hər kəsi ölkəmizə dəvət edir. Bu ilin də belə bir il kimi qeyd olunması Azərbaycana gələcək hər bir qonaq üçün əla fürsət olacaq. Çünki multikulturalizmlə bağlı xeyli tədbir, turlar və sair təşkil olunacaq. Bir daha qeyd edirəm ki, multikulturalizm, dini dözümlülük Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvətidir.
-Ölkədə yəhudilərin sayı 30.000-ə yaxındır ki, onların da əksəriyyətini dağ yəhudiləri təşkil edir. Dağ yəhudiləri haqqında nələri deyərdiniz?
-Azərbaycanda həmişə bütün xalqlar mehriban bir ailə kimi yaşayırlar. Bu səbəbdəndir ki, artıq ölkəmiz tolerantlığı ilə digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda dinlər və xalqlarla bağlı heç bir problem yaşanmır və antisemitizm deyilən bir məfhum yoxdur. Dağ yəhudiləri Bakıda, Oğuzda, Qubada toplu şəkildə yaşayırlar. Qubadakı Qırmızı qəsəbə adlanan yaşayış məskəni isə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Maraq üçün onu da bildirim ki, sözügedən qəsəbədə dini adət-ənənələrə əməl etmək məqsədilə mikva da fəaliyyət göstərir.
2011-cü ilin martında Bakıda yeni Dağ yəhudiləri sinaqoqu Prezident İlham Əliyevin sərəncamı ilə tikildi və bu, həm də bütün dünya dağ yəhudilərinə töhfə olundu. 2003-cü ilin sentyabrından isə Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərməyə başlayıb. 
Bakı Dağ Yəhudiləri Dini İcması da son zamanlar dövlət qayğısı nəticəsində bir sıra inkişafa nail olub, dağ yəhudiləri üçün bir sıra lazımi tədbirlər görüb. Dağ yəhudilərinin bu torpaqlarda məskunlaşmasına gəldikdə isə bu, 2500 il əvvələ gedib çıxır. Ulu öndərin bir kəlamı var ki, “Tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”. Əgər Azərbaycan xalqında yüksək mədəniyyət olmasaydı, inanın ki, dağ yəhudiləri uzun əsrlər yaşamaz, qısa bir müddətdə dağılıb gedərdi. Ona görə də Azərbaycanda yaşayan xalqlar daim dinclik şəraitində yaşayırlar və bunun da təzahürlərini çox görürük. Hər şey bu ölkədə yaxşılığa doğru gedir.
-Sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada heç bir problemsiz fəaliyyət göstərdiyi, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdəndir, bəlkə də, birincisidir. Getdiyiniz ölkələrdə necə, bu üç müqəddəs məkanın bir arada problemsiz fəaliyyət göstərməsinin şahidi olursunuzmu?
- Bildiyiniz kimi, müxtəlif tədbirlərə qatılmaq, görüşlər keçirmək üçün bir sıra ölkələrdə oluruq. Mən şəxsən kilsə, məscid və sinaqoqların bir arada fəaliyyət göstərməsinin şahidi olsam da, əksər ölkələrdə bunun formal bir görüntü üçün olmasını hiss edirəm. Çünki Azərbaycandan fərqli olaraq az qala hər yerdə antisemitizm hökm sürür. Multikulturalizmdən bir sıra demokratik dəyərlərdən dəm vuran inkişaf eləmiş ölkələr imtina ediblər. Belə cəmiyyətlərdə isə tolerantlıq da sıfra enəcək. Bu cür mühitdə yəhudi necə dini ayinlərini sinaqoqlarda rahat icra edə və ya müsəlmanlar rahat dini bayramlarını qeyd edə bilərlər? Antisemitizmin Azərbaycanda olmaması həqiqətən də böyük bir uğurdur. Olduğum bəzi ölkələrdə müzakirələr və müşahidələrim zamanı məlum olur ki, bir balaca siyasi qarışıqlar olan kimi, dini azlıqlar, milli azlıqlara qarşı aqressiya çoxalır. Bunu yəhudi dostlarımla da söhbətlərdə dəfələrlə eşitmişəm. Onların narazılıqları haqlıdır. Amma buna cavab olaraq mən də deyirəm ki, antisemitizmin olmamasını, tolerantlığın ən ideal həddə olmasını görmək istəyirsinizsə, buyurun Azərbaycana gəlin. Ən azından bunu müşahidə etmək üçün səfərlər edə bilərsiniz, nəinki gəlib yaşamaq ola.
-Antisemitizmdən əziyyət çəkənlərin ölkəmizə gəlməsi kimi təklifdən danışdınız. Bəs o da sirr deyil ki, buradan da xeyli sayda yəhudi ABŞ və Avropa ölkələrinə köç edib.
-Haqlısınız. Belə hallar olub. Amma belə hallar bu gün çox az saydadır. Belə seçimlər olubsa, bu, 90-cı illərdə daha çox olub. Bu da yəqin ki, bəzi iqtisadi çətinliklərlə əlaqədar olub. Heç bir siyasi amil hansısa yəhudinin bu ölkədən getməsinə səbəb olmayıb. İndi əksinə, bəzi buradan köç etmiş yəhudilər tez-tez ölkəmizdə olurlar, hətta köçüb geri qayıtmaq istəyənlər, burada ata-baba torpağında yaşamaq istəyənlər də var. Bir daha qeyd edirəm ki, dinlərə münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənib və bu gün də fərqlənməkdədir.
Hələ uzun illər öncə Roma Papası Bakıya səfərə gəlib «Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər» - deyəndə və bu fikirlər dünyanın ən nüfuzlu mətbuat orqanlarında yayımlananda dünya daha çox bizdəki mühitlə aktiv şəkildə maraqlanmağa başladı. Bu barədə dünyada təbliğat bu gün də artmaqdadır. Ölkəmizdən gedən yəhudilər də bu təbliğatçıların əsas, vacib hissələrindəndir.
-Bəzi yəhudi təşkilatları, qeyd etdiyiniz kimi buradan gedib İsrail, ABŞ və digər ölkələrdə yaşayan aktiv yəhudilər də Azərbaycan həqiqətlərinin, işğala, soyqırımına məruz qalmağımızla bağlı faktların təbliğində aktivdirlər. Daha hansı işlərin görülməsini vacib sayırsınız?
-Bu istiqamətdə görüləcək işlər çoxdur. Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif  xalqların mənsubları da vardır. Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Lakin işğalçı Ermənistan hələ də məkirli planlarından əl çəkmək istəmir. Bununla belə dini konfessiyaların başçıları Azərbaycan xalqının sülh istəyini və dövlət başçısının apardığı sülhpərvər siyasəti təqdir edərək dəstəkləyir və onun uğurlu, müdrik siyasəti nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əmindir. O ki, qaldı konkret olaraq təbliğat işlərinə, bəli, bu belədir. Yəhudi xalqı daim Azərbaycan xalqı ilə dost olub və İsrail dövləti ilə də Azərbaycanı bir sıra bağlar sıx birləşdirir. Bu səbəbdən yəhudilər Azərbaycan həqiqətlərinin təbliğində aktiv iştirak edirlər. Bir də yəhudilər düzgünlüyü, haqqı sevən xalqdırlar. Haqq isə Azərbaycanın tərəfindədir. Hamı bilir və görür ki, ermənilər soyqırımı siyasəti yürütməkdə davam edirlər və sabah yenidən münaqişə ocağı alovlansa, onlar bundan əl çəkən deyillər. Amma azərbaycanlılar artıq güclü dövlət qurublar və ikinci Xocalı faciəsinin təkrarlanmasına yol verən deyillər. Əksinə, biz əzmlə çalışıb ya siyasi, diplomatik yolla ya da güc yolu ilə ədaləti, haqqı bərpa edəcəyik-torpaqlarımıza dönəcəyik. Albert Aqarunov kimi bir yəhudinin Vətəni üçün canından keçməsi bu gün yəhudilərə nümunədir və hazırda müxtəlif təbliğat işlərində aktiv olmaq gərəkdir. Sabah güc yolu ilə torpaqların qaytarılması əmri verilsə, heç şübhəsiz ki, burada yaşayan yəhudilər də hamı kimi silaha sarılacaq. Hələlik ki, boynumuza dünyanın müxtəlif bölgələrində ədaləti, haqqı təbliğ etmək düşür.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info