Pensiyaçıların rifah göstəriciləri inamlı şəkildə yüksəlir
Tarix: 17.03.2016 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Bunu təmin edən müsbət beynəlxalq təcrübəyə uyğun pensiya sistemi formalaşmaqdadır

Bu gün Azərbaycanda təqaüdçülərin sosial təminatını daha da gücləndirmək üçün dövlət tərəfindən ardıcıl islahatlar və effektiv tədbirlər həyata keçirilir. Bu baxımdan dövlət siyasətini həyata keçirən qurum – Dövlət Sosial Müdafiə Fondunun çoxşaxəli fəaliyyəti də Azərbaycanda pensiyaçıların ləyaqətli həyat şəraitini təmin etməyə hesablanıb.
Burada əsas məqsəd ölkəmizdə pensiyaçıların sosial təminatını yaxşılaşdırmaq üçün ən optimal yolların və qabaqcıl dünya praktikasının tətbiq edilməsidir. Xüsusilə qeyd edilməlidir ki, pensiya islahatları Azərbaycanda sosial sahədə kifayət qədər vacib məsələlərdəndir. Buna görə də pensiya islahatları ilə bağlı xüsusi konsepsiya qəbul olunub. “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası adlanan bu sənəd məhz ölkəmizdə bu sahədə islahatların davam etdirilməsi və pensiyaçıların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi üçün qabaqcıl dünya praktikasının uğurlu tətbiqini özündə əks etdirir. Konsepsiya daxilində pensiyaların verilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən pensiyalarla bağlı yığımların strukturunun dəyişdirilməsi, pensiyanın baza hissəsinin ləğv edilməsi və buna uyğun olaraq yığımların vətəndaşın ödənişləri hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə bizə fikirlərini bildirən ekspert, iqtisadçı alim Vüqar Bayramovun fikrincə, pensiya islahatlarına ümumi yanaşma ondan ibarətdir ki, vətəndaş daha çox sosial ödəniş edəcəksə, pensiyası da çox olacaq: “Az sosial ödəniş etdikdə isə nisbətən az olacaq. Bu, beynəlxalq praktikaya tamamilə uyğun olmaqla yanaşı, eyni zamanda, pensiyaların hesablanmasında ədalət prinsipinin qorunması baxımdan da vacibir. Bu baxımdan sosial ödənişlərin bölgüsü ilə bağlı yeni prinsiplərin tətbiq edilməsi priorietdur. Əgər əvvəllər ödənişlərin 50 faizi yığımlara, 50 faizi cari xərclərin ödənilməsinə gedirdisə, indi bu sistem dəyişəcək. 100 faiz yığımlara gedəcək. Bu da pensiyaların baza hissəsinin ləğv edilməsinə gətirib çıxaracaq. Bu isə vətəndaşın ödədiyi məbləği tam olaraq əldə etməsinə imkan verəcək. Yeni pensiya konsepsiyası imkan verəcək ki, vətəndaş ödədiyi pensiyanın 100 faizini öz şəxsi hesabında saxlaya bilsin. Nəticədə, onun ödədiyi vəsait artacaq, pensiya yaşına çıxdıqdan sonra tam olaraq onun özünə qaytarılacaq və imkan verəcək ki, vətəndaş, işçi daha çox sosial ödəniş etməkdə və gələcək firavan pensiyaçı həyatını təmin etməkdə maraqlı olsun. Eyni zamanda imkan verəcək ki, vətəndaş, əmək müqaviləsi ilə işləməkdə maraqlı olsun. Çünki, əmək müqaviləsinə əsasən olan ödənişlər tam olaraq onun hesabında yığılmış olur. Bu da nəticədə vətəndaşın daha yüksək pensiya almasına imkan yaradır”.

“Pensiya sistemi yeni – daha mütərəqqi bir mərhələyə daxil olur”

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, ekspert Fikrət Yusifov isə bizə mövzu ilə bağlı fikirlərini bildirərkən dedi ki, son 10 ildən artıq bir dövrdə Azərbaycan iqtisadiyyatında baş verən sıçrayışlı inkişaf öz növbəsində ölkə əhalisinin sosial təminatının yaxşılaşmasına da ciddi töhfələr verə bildi: “Bu müddət ərzində əhalinin gəlirləri 7 dəfədən çox, orta aylıq əməkhaqqının məbləği isə 6 dəfəyə qədər artaraq 460 manatı ötmüşdü. Hökumətin apardığı sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq qeyri-neft sektorunun genişlənməsi, regional inkişaf proqramlarının reallaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi nəticəsində son 10 ildən bir qədər artıq bir dövrdə 1,4 milyondan çox yeni iş yeri açılıb. Aparılan uğurlu iqtisadi islahatlar Azərbaycanda ölkə əhalisinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də çox ciddi addımların atılmasına zəmin yaradıb. Son iki ildən bir qədər artıq vaxt ərzində dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı 30-dan çox fərman və sərəncam imzalanıb və digər müvafiq qərarlar qəbul edilib. Dövlət başçısınin bu addımları sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artdığını və sosial təminat və pensiya sisteminin yeni – daha mütərəqqi bir mərhələyə daxil olduğunu göstərir. 2016-cı ilin dövlət büdcəsinə sosial xərclərlə bağlı edilən son dəyişikliklər ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımlarının, məcburi köçkünlərə verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 10 faiz artırılması və digər sosial proqram və tədbirlərin tam maliyyələşdirilməsini nəzərdə tutur”.
Bundan başqa, özəl pensiya fondlarının yaradılması mexanizminin sürətləndirilməsi daha yaxşı nəticələr əldə etməyə imkan verəcək. Vətəndaş özəl pensiya fondlarını seçib ödəniş etməklə gələcəkdə daha çox pensiya almaq imkanlarına malik olacaq. Bu barədə fikirlərini qeyd edən V.Bayramov dedi ki, eyni zamanda, bütövlükdə bu sektora daha çox vəsait cəlb ediləcək və bu vəsaitlərin də qiymətli kağızlar bazarına daxil olması təmin ediləcək: “Nəticədə həmin vəsaitdən istifadə etməklə gəlir əldə etmək mümkün olacaq. İnkişaf etmiş ölkələrdə olduğu kimi, vətəndaş həm dövlət, həm də istifadə etdiyi könüllü pensiya fondlarından əlavə pensiya almaq imkanı qazanacaq. Nəticədə pensiya yaşı tamam olduqdan sonra artıq vətəndaş 2 mənbədən pensiya alacaq. Təbii ki, bu da onun pensiya məbləğinin artmasına gətirib çıxaracaq”.

Azərbaycanda sırf müsbət beynəlxalq təcrübəyə uyğun pensiya sistemi qurulur

Qeyd edilənlər bir daha onu göstərir ki, dünya praktikasına uyğun və vətəndaşların pensiya təminatının yüksəldilməsinə hesablanmış pensiya islahatlarının davam etdirilməsi olduqca vacibdir. Bu məsələdə bir məqam da diqqətə götürülməlidir. Bu isə müsbət beynəlxalq təcrübənin inkişaf etmiş ölkələrdə özünü tamamilə doğrultmasıdır. Ekspert Vüqar Bayramov bu barədə belə qeyd edir: “Aparılan mövcud islahatlar imkan verir ki, Azərbaycanda sırf beynəlxalq praktikaya uyğun olaraq, pensiya sistemi qurmaq mümkün olsun. Eyni zamanda biz ABŞ kimi vətəndaşlara ödəniş məhdudiyyətinə uyğun olaraq pensiya yaşını seçmək hüquqlarının verilməsinin tərəfdarıyıq. Məsələn, müəyyənləşdirilən hər hansı məbləğdən artıq vəsait ödəyən vətəndaşa pensiya yaşını seçmək hüququ verilməsi məqsədəuyğun hesab edilir. Bundan başqa, inkişaf etmiş ölkələrdə olduğu kimi, sosial ödənişlərin işəgötürən və işçi arasında bərabər bölüşdürülməsi də təkliflər sırasındadır. Bu, işəgötürənlərin əmək müqavilələrinin bağlanmasında maraqlı olmasına imkan verəcək. Nəticədə pensiya fonduna daha çox vəsait cəlb ediləcək. Eyni zamanda, əmək pensiyalarının hesablanması üçün müəyyənləşdirilən 12 illlik müddətin dəyişdirilməsini də təklif edirəm. Çünki artıq bir sıra ölkələrdə yalnız müddət deyil, məbləğə uyğun əmək pensiyaları müəyyənləşdirilir. Məsələn, yüksək gəlir əldə edən vətəndaşın, 2 il ərzində hətta 15-20 il işləyib, ödəniş edən vətəndaşdan daha çox ödənişi ola bilər. Artıq növbəti illərdə həmin vətəndaş işləməsə belə, pensiya yaşı çatanda əmək pensiyası almaq imkanına malik olur”.
Qəzetimizə fikirlərini bildirən əmək pensiyaçısı, 74 yaşlı Təhməz Ağayev isə qeyd etdi ki, indiyə qədər təqaüdümdə bir neçə dəfə artım olub və bu artımlardan çox razıdır: “Dövlətin pensiyaçıların sosial təminatına həmişə həssas olması, pensiyaların vaxtında ödənilməsi və artırılması, həmçinin bu sahədə digər yaxşılaşdırıcı islahatların həyata keçirilməsi də bunu bariz şəkildə sübut edir.Mən yoldaşımla birgə əmək pensiyaçısıyıq. Hər ikimiz aldığımız əmək pensiyası ilə özümüzü tam təçin ed bilirik. Bu sahədə aparılan islahatları və dövlətin təminatını isə olduqca yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, müsahibimiz ölkədə əmək pensiyası alan 1 295 900 nəfərdən biridir. Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, onlardan 60,1 faizi yaşa, 28,9 faizi əlilliyə, 11,0 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. «2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» çərçivəsində görülən işlər nəticəsində 2016-cı ilin əvvəli üçün əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib. Bundan başqa, 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Ümumilikdə, pensiyaların ödənilməsinə edilən müxtəlif artımlar və dövlətin təminatı sayəsində pensiya xərclərinin ölkənin ümumi daxili məhsuluna olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib. Bu göstərici, 2003-cü ildə 3,9% təşkil edib, 2015-ci ildə isə 5,1%-ə çatıb. Bütün bunlar ölkənin pensiya sisteminin maliyyə dayanıqlığının etibarı olduğunu və aparılan islahatların gələcəkdə pensiyaçılar üçün daha yüksək rifah göstəricilərinə nail olmağa imkan verəcəyini deməyə əsas verir.

İlkin AĞAYEV

Yazı Dövlət Sosial Müdafiə Fondunun «Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir» mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur 




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info