Əli Həsənov: “Bundan sonra da KİV-ə lazımi dəstək göstəriləcək”
Tarix: 17.03.2016 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, mətbuat orqanlarının rəhbərləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan V.Səfərli bildirib ki, müsabiqə 2016-cı il yanvarın 28-dən martın 4-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirilib. Müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazının təqdim edildiyini diqqətə çatdıran V.Səfərli yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 90 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500, II yerlər üçün 400, III yerlər üçün isə 300 manat mükafat verilib. V.Səfərli əlavə edib ki, belə tədbirlər ənənəvi olaraq keçirilir, bunun özü də mətbuata dəstəkdir: “Fond bir çox layihələr həyata keçirir, çap mediasına birdəfəlik yardım ayırır, müsabiqələr təşkil edir. 2015-ci ildə 11 belə müsabiqə keçirilib. Bundan sonra da müsabiqələr davam etdiriləcək. Hər bir jurnalist müsabiqələrdə fəal olmalıdır”.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov bildirib ki, Novruz bayramı ərəfəsində bu müsabiqənin keçirilməsi artıq ənənə halını alıb: "Bildiyiniz kimi, Novruz bayramı ərəfəsində ənənə halını almış bu müsabiqədə neçənci dəfədir ki, yığışırıq və hər dəfə bizə nəsib olur ki, sizin qarşıdan gələn Novruz bayramınızı təbrik edək. Hər Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müsabiqə keçirilir, hər dəfə də bu müsabiqələrdə yüzlərlə jurnalist iştirak edir və onların böyük qismi qaliblər kimi mükafatlandırılır və bizə nəsib olur ki, bayramlar ərəfəsində bu mükafatların təqdimat mərasimində iştirak edək. Dünən cənab Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Əlbəttə, həmin təbrikdə sizin də payınız var. Mən də bu təbrikə qoşularaq qarşıdan gələn Novruz bayramı və Novruzdan başlanan 2016-cı il, yəni bizim təqvimlə başlayan 2016-cı ildə hər birinizə, ilk növbədə, şəxsi həyatınızda uğurlar, müvəffəqiyyətlər, ailə həyatınızda xoşbəxtlik, peşəkar jurnalist fəaliyyətinizdə yenə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, 2016-cı ildə sizin müvəffəqiyyətləriniz 2015-ci ildəkindən qat-qat çox olsun, 2016-cı ildə problemləriniz keçən ildəkindən daha az olsun. Mən başa düşürəm ki, Azərbaycan cəmiyyətinin, Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətində bəzi problemlər mediamıza da, jurnalistikamıza da öz təsirini göstərib. Siz də cəmiyyətin problemlərindən kənarda qala bilməzsiniz. Amma bilin, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan hakimiyyəti hər şeyi görür, müşahidə edir, hər şey nəzarət altındadır və biz mediamızı heç vaxt çətin vəziyyətdə qoymayacağıq, lazımi dəstək göstərilir, bundan sonra da göstəriləcək".
Prezidentin köməkçisi vurğulayıb: "Bilirsiniz ki, bu günlərdə gecə ilə gündüzün bərabərləşdiyi və bütün Şərq aləminin, o cümlədən müsəlman dünyasının, türk dünyasının qeyd etdiyi Novruz günlərinin sevincini, həyəcanını yaşayırıq, bölüşürük. Əlbəttə, Novruz təbiətin harmoniyasının başlanğıcını qoyur. Novruzda torpaqlar isinir, təbiət isinir, çayların suyu artır, müvafiq olaraq təbiət canlanır və qışdan sonra yeni həyat başlayır. Amma cəmiyyətin harmoniyasını siz jurnalistlər, biz məmurlar və bütün Azərbaycan ziyalıları yaradır. Bilirsiniz ki, cəmiyyətdə insanlar arasındakı münasibətlər və bu münasibətlərin harmoniyasının yaradılması, eyni zamanda Azərbaycan jurnalistikasının qarşısında ciddi vəzifələr qoyur. Jurnalistlərimiz cəmiyyətin xoş ovqatını formalaşdırmaq üçün, əlbəttə, gördüklərinin ən yaxşılarını, ən nümunə seçilə biləcək hadisələri qələmə almalıdırlar. Əlbəttə, mən demirəm ki, cəmiyyətimizdəki problemləri, neqativ prosesləri jurnalistlər qələmə almamalıdırlar. Amma bütövlükdə cəmiyyətin xoş ovqatının, cəmiyyət həyatının harmoniyasını formalaşdırmaq üçün, əlbəttə, hər bir hadisədə yaxşı tərəfləri tapmalısınız, sezməlisiniz, onları cəmiyyətə çıxarmalısınız, yaxşı nümunələr kimi təqdim etməlisiniz". Ə.Həsənov bildirib ki, yaxşı nümunələri çox olan cəmiyyətlərdə harmoniya da yüksək olur və bu harmoniyaya söykənərək cəmiyyət də öz həyatını yaşayır: "İnsan həyatında xoşbəxtlik məhz ayrı-ayrı xoş məqamların cəmləşərək onun həyatında çoxluq təşkil etməsidir ki, bu da, ilk növbədə, qələm əhlindən keçir, Azərbaycan ziyalılarından keçir, yaradıcı insanlardan keçir. Əlbəttə, dövlətin fəaliyyəti müvafiq olaraq bu işlərin başında dayanır. Çünki hər bir insan öz problemlərinin həllini, ilk növbədə, dövlətdən gözləyir və dövlət də bunu anlayaraq hər bir insanın, hər bir vətəndaşın həyatının dolğunlaşdırılmasına, firavan həyatının təmin olunmasına çalışır. Prezident İlham Əliyev hər bir toplantıda, Nazirlər Kabinetinin hər bir iclasında və yaxud digər çıxışlarında həmişə söyləyir ki, "mən bir Prezident kimi çalışıram ki, Azərbaycanda hər şey yaxşı olsun, hər bir Azərbaycan vətəndaşı xoşbəxt olsun, hər bir Azərbaycan vətəndaşına layiqli həyat təmin edək". Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin xidmətləri təkcə cəmiyyətimizdə, dövlətimizdə, onun nişanəsi olan Azərbaycan dövlətinin varlığında yaşamır, o cümlədən bu gün sizlərlə birgə paylaşdığımız jurnalistika ilə bağlı jurnalistlərin tədbirlərində yaşayır. Ümummilli lider jurnalistikaya böyük önəm verirdi, böyük əhəmiyyət verirdi. Siz bunu çox yaxşı bilirsiniz. Məhz 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycan jurnalistikasını, sözün həqiqi mənasında, qələm əhlini öz intellekti ilə, öz vicdanı ilə, öz dünyagörüşü ilə üz-üzə qoydu və qələm əhlinin üzərinə böyük məsuliyyət qoyaraq Azərbaycan cəmiyyətində yaşanan proseslərin bütün tərəflərini bir jurnalist peşəkarlığı ilə, bir jurnalist baxışları ilə işıqlandırmaq missiyasını cəmiyyətimizə gətirdi".
Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistləri Novruz bayramı münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
O, qeyd edib ki, dövlət daim medianın inkişafına diqqət ayırır: "Mətbuat Şurası medianın çap xərclərinin artması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət edib".
Ə.Amaşov deyib ki, Fonda ayrılan vəsaitin artırılması nəticəsində Fondun mediaya ayırdığı yardımların da həcmi artar: “İnanırıq ki, Mətbuat Şurasının müraciətinə müsbət cavab veriləcək”.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissə zamanı tədbir iştirakçıları arasında "yumurta döyüşü" keçirilib. Yarışın qalibi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova olub. Qalibə noutbuk hədiyyə edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info