“Görüntülü məhsullarımız Qarabağ həqiqətlərinin dünyada tanınmasına töhfə verir”
Tarix: 31.03.2016 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Nurəddin Mehdiyev:“Əsas məqsədimiz Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir”
Hazırda Qarabağ həqiqətlərinin virtual dünyada yayılması və təbliğ olunması, həmçinin ermənilərin antiazərbaycan kampaniyasına qarşı cavab tədbirlərinin görülməsi dövlətin prioritetidir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İKT Mərkəzi bu baxımdan uğurlu işlər görür. Mərkəzin fəaliyyətə başladığı 3 il ərzində həyata keçirdiyi tədbirlər, elmi və tarixi faktlar əsasında hazırladığı filmlərlə saxta erməni təbliğatına tutarlı cavab verilib. Virtualkarabakh.az portalı “Virtual Qarabağ” İKT Mərkəzinin rəsmi internet səhifəsidir.7 gənclər təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Virtual Qarabağ” İKT Mərkəzi layihəsinin əlaqələndiricisi Nurəddin Mehdiyevdir. Xatırladaq ki, Nurəddin Mehdiyev, eyni zamanda Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədridir.

-“Virtual Qarabağ” İKT Mərkəzinin yaradılması hansı zərurətdən irəli gəlib?
- “Virtual Qarabağ” ideyası Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011 - 2015 - ci illərdə” Dövlət Proqramında öz əksini tapıb. Bu proqrama uyğun olaraq “Virtual Qarabağ” İKT Mərkəzi 2012- ci ildə yaradılıb. 2013-cü ildə biz ilk məhsullarımızı cəmiyyətə təqdim etdik. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunur. Əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması və görüntülü məhsullarla çıxış etməkdir. Digər məqsəd isə Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat verməkdir. Əsas məqsədimiz Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.
Təcrübə göstərdi ki, yeniyetmə və gənclər işğal olunmuş ərazilərimiz haqqında çox az məlumata malikdirlər. Ona görə də bu istiqamətdə təkcə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən deyil, digər aparılan işlərin də çox əhəmiyyəti var, xüsusilə də görüntülü məhsulların. Çünki indiki zamanda qısa və məzmunlu informasiyanın çatdırılması çox aktualdır. Bu həm də informasiyanın qavranma tezliyini artırır.
-Bu vaxta kimi hansı məhsulları təqdim edibsiz?
-Qısa müddət ərzində müəyyən nailiyyətlər əldə etmişik. Bu nailiyyətlər də cəmiyyət tərəfindən müsbət qarşılanır. Qeyd edim ki, sırf Qarabağ və İrəvanla bağlı beş dildə www.virtualkarabakh.az informasiya portalımız fəaliyyət göstərir. Bu da ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında yeni imkanlar açır.
Bizim məhsullardan biri də “Qarabağa doğru” sənədli filmdir. Bu film Azərbaycan və ingilis dillərində istehsal olunub. Burada bir məcburi köçkünün həyatından danışılır.
Bundan başqa, bizim əsas məhsullardan biri “Qarabağın səsi” layihəsidir. Layihə Azərbaycan milli mədəniyyətinin tanıdılması, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır. “Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan 11 rayonunun adına həsr olunub. Kompozisiyaların müəllifi Əməkdar artist Rain Sultanovdur. Layihənin reallaşmasında Xalq artisti Alim Qasımov, Əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.
Layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətindəki yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.
Bu albomun işıq üzü görməsində bizə Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyi dəstək göstərdilər. Xüsusən Heydər Əliyev Fondunun dəstəyi ilə biz həmin musiqi albomunun Bakıda canlı konsertini təşkil etdik.
Bundan əlavə biz 2015-ci ildə “Qarabağ atı” animasiya filmini təqdim etdik. Bu film də Qarabağ atı və onun tarixi haqqında gənclərimizin maariflənməsinə çox müsbət təsir edəcək. Bəxtiyar Vahabzadənin eyni adlı şeiri əsasında ilk dəfə olaraq animasiya formatında Qarabağ atının obrazını yaratdıq.
-Qarabağdakı tarixi və mədəni abidələrlə bağlı hansı məhsullar istehsal etmisiniz?
- Bu baxımdan istehsal etdiyimiz “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filmi önəmli yer tutur. Əsas məqsəd işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. Filmin çəkilişində məqsəd Azərbaycan ərazisində mövcud olan bu qədim dövlət haqqında həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə əvvəldən axıra qədər orijinal kadrlardan istifadə olunub. Filmin əsas qiymətli cəhəti ondan ibarətdir ki, burada Qarabağda olan Qafqaz Albaniyasına məxsus abidələrin kadrları məhz üçüncü dövlət vasitəsilə çəkilib.
Filmdə britaniyalı araşdırmaçı Nigel Hetherinqton bu qədim dövlət haqqında tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verir. Filmdə yerli və əcnəbi tədqiqatçılar ekspert qismində iştirak ediblər.
Bizim əsas istehsal etdiyimiz məhsullardan biri də Qarabağın işğal olunmuş rayonlarına virtual səyahətin təşkil olunmasıdır. Bu günə qədər “Qarabağa virtual səyahət” silsiləsindən Azərbaycan və ingilis dillərində Şuşa, Laçın və Ağdamla bağlı 3D qrafik təsvirli filmləri ölkə ictimaiyyətinə təqdim olunub. Bu filmlərdə adıçəkilən rayonların tarixi-mədəni abidələri, təbiəti, görməli yerləri ətraflı göstərilir. Bu filmlərin əhəmiyyəti ondan ibarətdir ki, gənc nəsil, xüsusən işğal olunmuş ərazilərdə böyüməyən insanlar real gedə bilmədikləri torpaqlarına, heç olmasa, virtual səyahət edirlər. Filmin istehsalına elmi cəhətdən yanaşılıb. Ümumiyyətlə, biz bütün məhsullarımıza elmi cəhətdən yanaşırıq və çalışırıq ki, hər bir məhsulumuzun elmi məsləhətçisi olsun.
Digər fəaliyyətlərdən biri də Qarabağla bağlı virtual muzeyin qurulmasıdır. “Virtual Qarabağ Tarixi Muzeyi” Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyətini daşıyır. Belə muzeylər dünyanın müxtəlif tanınmış muzeyləri tərəfindən hazırlanır. Təqdim olunan muzey internet məkanında Qarabağ həqiqətlərinin yayılmasının inkişafına xidmət edir. Layihənin məqsədi tarixin kütləviləşdirilməsi, Qarabağ mədəniyyətini, Qarabağ tarixini gənc nəslin arasında təbliğ etməkdir. “Virtual Qarabağ Tarixi Muzeyi”ndə Qarabağa dair 35-dən çox muzey və şəxsi kolleksiyadan 1000 - ə yaxın eksponat toplanıb. Burada müxtəlif mövzular və Qarabağ tarixinin müxtəlif dövrləri üzrə virtual otaqlar da fəaliyyət göstərir. “Virtual Qarabağ Tarixi Muzeyi” portalının server bazasına yüklənib və muzeylə həmin portala daxil olmaqla tanış olmaq olar. Qeyd edim ki, müxtəlif muzeylərdən Qarabağa aid eksponatlar aşkar olunduqca ora əlavə olunur.
Məhsullarımızdan biri də “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”dir. Elektron xəritəyə daxil olmaqla hər bir abidə haqqında qısa arayış, inventar nömrəsi, tarixi dövr, memarlıq üslubu, GPS koordinatları və s. kimi məlumatlar əldə etmək mümkündür. Elektron xəritə vasitəsi ilə Qarabağda olan abidələrin hazırkı vəziyyətini süni peyk vasitəsi ilə çəkilmiş görüntülərlə müşahidə etmək olar. Bu xəritə, eyni zamanda “Dilmanc” tərcümə sistemi vasitəsilə də dəstəklənir. Bunun vasitəsilə xəritədə hər hansı məlumatı səsli formada da dinləmək olur.
-Gələcək planlarınız nədən ibarətdir?
- Bu il biz İrəvan abidələri ilə bağlı sənədli filmin istehsalını nəzərdə tutmuşuq. Bundan başqa, biz “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli filmini çəkməyi planlamışıq. Digər tərəfdən Qarabağ geyimləri haqqında elektron albom hazırlamağı nəzərdə tutmuşuq. Bir də “Virtual Qarabağ kitabxanası”nı zənginləşdirib yeni formatda ərsəyə gətirmək istəyirik. Bu il biz, eyni zamanda portalımızın da dizayn və çeşid baxımından yenilənməsinə çalışacağıq.
Bizim ərsəyə gətirdiyimiz məhsullar Qarabağ həqiqətlərinin dünyada tanınmasına töhfə verir. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə çox böyük işlər görülür. Mən, xüsusilə Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı işləri vurğulamaq istərdim. Bu çərçivədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasını göstərmək olar. Bu kampaniyaya dəstək vermək hər bir Azərbaycan vətəndaşının borcudur. Biz də “Virtual Qarabağ” İKT Mərkəzi olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində istehsal olunmuş məhsulların həm yayılmasına, həm də təbliğ olunmasına çalışırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info