“Saatlıda qəbirlər Azərbaycanı istəməyən qüvvələr tərəfindən dağıdılıb”
Tarix: 26.02.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Son dövrlərdə müxalifətin radikal kəsimi ölkədə sabitliyin pozulması ilə bağlı ən müxtəlif üsullara əl atmaqdadır. Bunda məqsəd bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə vəziyyəti gərginləşdirməyə çalışmaqdır. Bu baxımdan radikallar öz adlarına uyğun olaraq ən ağlasığmaz və anormal vasitələrə, metodlara da əl atmaqdadırlar.
Bu vaxt isə heç bir etika, dəyər və mənəviyyat amilinə önəm verilmir. Müxalifətin sivil formada siyasi fəaliyyət göstərməyə siyasi etikası, mədəniyyəti və siyasi-kulturoloji səviyyəsi imkan vermədiyi üçün də onlar bu yolu tuturlar. Məlumdur ki, onların təşkil etdiyi aksiyaların hamısı uğursuz alınır və fiaskoya uğrayır. Çünki onların aksiyalarına iştirakçı yığılmır, bu qüvvələrin sosial bazası yoxdur və aksiyalar sosial sifarişlər əsasında keçirilmədiyi üçün müxalifətin siyasi çəkisizliyi, yarıtmazlığı daha aydın hiss olunur. Ona görə də müxalifət çıxış yolunu ən iyrənc üsullarla təxribat törətməkdə görür. Elə buna görədir ki, onlar camaatın, millətin heysiyyətinə toxunan ən qəbulolunmaz variantları da sınaqdan keçirməyə hazırdırlar. Məsələn, xəbər vermişdik ki, fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kəndinin qəbiristanlığında 60-a yaxın qəbrin başdaşının sındırılması ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların Musalı kənd sakinləri, heç yerdə işləməyən 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu olduğu bildirilir.
Əldə edilmiş ilkin məlumata görə isə şübhəli şəxs kimi saxlanmış Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Onun daim mənfəət məqsədilə rayonda vəzifəli şəxsləri şantaj etdiyi, süni narazılıq yaratdığı bildirilir. Araşdırma zamanı o da müəyyən edilib ki, törədilmiş hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb və rayon əhalisini ayağa qaldırmaq, süni narazılıq ocağı yaratmaq, insanların heysiyyətinə toxunmaqla onların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək məqsədi güdüb. Planda rayonun dindarlarını və inanclı insanlarını da bu prosesə qoşmaq nəzərdə tutulubmuş.
Dağıntının miqyası bu hadisənin digər iştirakçılarının olduğunu ehtimal etməyə əsas verir. Hazırda faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir.
Qeyd edilənlər belə deməyə əsas verir ki, olay AXCP rəhbərliyi tərəfindən rayonda təxribat törətmək məqsədilə əvvəlcədən planlaşdırılıb. Qeyd edək ki, AXCP sədri Əli Kərimli Saatlı rayonunda doğulub və onun bütün yaxınları bu rayonda yaşayır. O, adamları vasitəsilə Saatlı rayonunda bu cür qəbulolunmaz təxribat törədərək insanların heysiyyəti ilə oynayıb. Məqsəd oradakı insanlara qarşı psixoloji təsir göstərməklə, onlar arasında narazılıq yaratmaq və onları öz məqsədləri naminə aksiyalara cəlb etməkdir. Bunun arxasında isə çirkin siyasi məqsədlər durur. Belə ki, Kərimli kimi siyasətdə qurşaqdan aşağı zərbə vurmağa bir növ adətkərdə olmuş müxalif başçılar seçkilərlə bağlı özlərinə münbit zəmin yaratmaq istəyirlər. Bu zəmini isə yalnız əhali arasında süni narazılıq təxribatları törətmək, xaos yaratmaqda görürlər...
Məsələ ilə bağlı bizə münasibətini bildirən Yurddaş Partiyasının sədri, keçmiş millət vəkili Mais Səfərli belə qeyd edir: “Bu vandallıq aktıdır. Partiyamız bunu qəti şəkildə pisləyir. Bu, Azərbaycanı istəməyən qüvvələr tərəfindən törədilib. Həm ölkə daxilində, həm də xaricdə ölkəmizi istəməyən antiazərbaycan qüvvələri var. Müxalifətdə də belə qüvvələr var ki, Azərbaycanda sabit inkişafı görmək istəmirlər. Hesab edirəm ki, bu olay da cəmiyyətdə qıcıq yaratmaq, süni etiraz formalaşdırmaq məqsədi güdür. Düşünürəm ki, hüquq-mühafizə orqanları tezliklə bu hadisəni törədənlərin kimliyini üzə çıxaracaqlar. Hesab edirəm ki, seçkilər ərəfəsində hüquq-mühafizə orqanları daha ayıq-sayıq olmalıdırlar. Bu gün Azərbaycanın inkişafından, sabit artımdan çox narahat olan qüvvələr var. Onlar sakit dayanmaq istəmirlər. Onlar çalışırlar ki, Azərbaycanda sabitliyi pozsunlar, inkişafın qarşısını alsınlar. Amma təbii ki, bu cür cəhdlər fayda verməyəcək. Bu gün Azərbaycan dünyada ən sabit və sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycanda ən önəmli beynəlxalq tədbirlər keçirilir. Dünya bu barədə də bizə güvənir. Bu baxımdan düşünürəm ki, insan mənəviyyatına sığmayan həmin hadisələri törədənlər də tezliklə ifşa olunacaq və cəzalarını alacaqlar”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bizə belə qeyd edir: “Bu vandalizm aktı ilə bağlı hadisələrə baxanda dəhşətə gəlirsən. Bu hadisə çox tükürpərdicidir. İndiyə qədər qəbiristanlıqlarla bağlı müəyyən cinayət hadisələrinə rast gəlmişik. Məsələn, qəbrə daxil olmaq, ölünün qızıl dişlərini oğurlamaq və sair. Amma Saatlıda baş vermiş belə vandalizmi yalnız Qarabağdakı işğal altında qalan torpaqlarımızda qəbiristanlıqlarımıza qarşı erməni vəhşiləri törədə bilərlər. Bu hadisəni başqa cür xarakterizə və müqayisə etmək olmaz. Bu sayda qəbirlərin vəhşicəsinə dağıdılması doğrudan da müqayisəyəgəlməz dərəcədə vandallıq hadisəsidir. Bunu yalnız Azərbaycan, müsəlman dəyərlərinə yad olan, insanlığa yad olan vəhşilər törədə bilərlər. Bu cür insanların Azərbaycan cəmiyyətində başqa hər hansı müsbət, normal fəaliyyət göstərəcəyinə inanmıram. Bu barədə olan görüntülər və təəssüratlar hələ də məni dəhşətə salmaqdadır. Ona görə də bu məsələ müvafiq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır. Əgər istintaq nəticəsində həqiqətən də bu hadisənin siyasi qüvvələr - müxalifət tərəfindən törədildiyi sübut olunsa, bu, onların iç üzünü bir daha ortaya qoymuş olacaq. İstintaq yəqin ki, bununla bağlı konkret nəticəyə gəlməlidir. Azərbaycanda demək olar ki indiyə qədər belə bir hadisə baş verməyib. Ona görə də biz istintaqın ciddi və obyektiv araşdırma nəticəsini ortaya qoymasını gözləyirik. Gözləyirik ki, bu istintaq nəticəsində kimin kim olduğu, hansı partiyanın nümayəndəsinin bu işdə əlinin olduğu ortaya çıxarılsın. Xalq bunu edən vandalları tanımalı və onlar layiq olduqları cəzanı almalıdırlar. Ona görə də biz bir partiya olaraq çağırırıq ki, məhkəmə orqanları bu məsələyə çox ciddi yanaşsınlar”.
T.Kərimli qeyd etdi ki, siyasi qüvvələrin, müxalifətin bu təxribatı törətdiyi sübut olunsa, onda sadəcə olaraq həminhadisəni törədənlərin insan olmamasına aid heç bir şübhə qalmayacaq: “Əgər həqiqətən də müxalifət partiyasının bu işdə əli varsa, bu, ciddi şəkildə və bütün təfərrüatı ilə üzə çıxarılmalıdır. Bu hadisə heç bir sivil fəaliyyətə sığmayan analoqsuz hadisədir. Əgər hansısa müxalifət partiyası bunu törədibsə, onun günahı sübuta yetirilsə, onda bu partiya Azərbaycan cəmiyyətində fəaliyyətinin üstündən bir qara xətt çəkməlidir”.
T.Kərimliyə görə, bu halda həmin müxalifət partiyası və onun başçısının cəmiyyətdən hər hansı bir formada bəraət alması üçün heç bir yer qalmır.
QORQUD




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info